reklam
Regionxeberlericom.az » Sosial » "Təhsil kreditləri haqqında” qanun layihəsinin BƏZİ DETALLARI

reklam

"Təhsil kreditləri haqqında” qanun layihəsinin BƏZİ DETALLARI


"Təhsil kreditləri haqqında” qanun layihəsinin bəzi detalları məlum olub.

Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev APA -ya açıqlamasında bildirib ki, 3 ilə yaxındır bu qanun layihəsi üzərində işlər gedir.

O deyib ki, son bir ildə isə verilən təkliflər nəticəsində qanun layihəsi yenidən hazırlanıb: “Çox yaxşı, optimal bir model fikirləşilib. Təhsil kreditləri keyfiyyətli təhsil almağa yönəlməli, əlçatan və nəticəyönümlü olmalıdır. Çünki kreditin verilməsi, xərclənməsi əsas deyil. Burada bizi əsas maraqlandıran odur ki, kreditin verilməsi nəticəsində ən hazırlıqlı, bilikli, bacarıqlı və əsl vətənpərvər kadrlar yetişdirilsin və istedadlılar kənarda qalmasın. Ola bilsin ki, kimlərinsə maddi durumu Azərbaycanda və ya Azərbaycandan kənarda təhsil almağa imkan verməsin. Bu təhsil kreditləri bilavasitə ona yönəlib ki, hər bir vətəndaş üçün keyfiyyətli təhsil əlçatan olsun”.

B. Əliyev təhsil kreditlərinin necə qaytarılacağı məsələsinə də aydınlıq gətirib: “Bu kreditlər vasitəsilə təhsil alan gənc mütəxəssislər işlədiyi müəyyən dövr ərzində həmin kreditləri qaytarmalıdır. Bunun mexanizmi də belə düşünülür ki, işə başlamasının 1-ci ili həmin şəxsə müəyyən güzəştlər edilsin. Daha sonra isə işəgötürənlə müəssisə (təhsil müəssisəsi, kredit verən müəssisə) arasında müəyyən anlaşmalar olacaq. Bu, həm həmin mütəxəssisin işlə təmin olunmasına, həm də kreditlərin ödənilməsinə şərait yaradacaq. Həmin kadrların işlə təmin olunması üçün isə onların yüksək ixtisaslı kadr olması lazımdır ki, ona tələbat olsun. Mexanizm bundan ibarətdir. Bu gün bizim qarşımızda duran əsas vəzifə diplom vermək deyil. Praktikada, elmi-tədqiqatda çalışa biləcək yüksək ixtisaslı mütəxəssislərin hazırlanması əsas hədəfimizdir. Bazarda böyük rəqabət qabiliyyətli mütəxəssislərin olması üçün biz bunu etməliyik. Təhsil kreditləri bu cür kadrların hazırlanmasına öz töhfəsini verə bilər”.

Komitə sədri qeyd edib ki, qanun layihəsi bütün maraqlı tərəflər razılaşsa, payız sessiyasında müzakirəyə çıxarıla bilər: “Burada əsas maliyyə mənbəyinin tapılmasıdır. Çünki artıq 2020-ci ilin dövlət büdcəsi təsdiqlənib. Payız sessiyasında 2021-ci ilin dövlət büdcəsinin müzakirəsi gözlənilir. Daha optimal olardı ki, bu layihə 2020-2021-ci il üçün nəzərdə tutulsun. Həmçinin burada əsas olan daimi maliyyə mənbəyinin tapılmasıdır. Bu layihənin qısamüddətli və kəsilən olmaması üçün mənbə düzgün müəyyənləşməlidir. Bu mənbə daim o kreditləri vermək gücündə olmalıdır”.


Paylaş:


Müəllif : Tarix:
4-07-2020, 11:36
Sikayət   


loading...
Загрузка...