reklam
Regionxeberlericom.az » Sosial » Anar Kərimov nazir postunda nə etməlidir ki... - Gözlənti

reklam

Anar Kərimov nazir postunda nə etməlidir ki... - Gözlənti


Bir çoxları mədəniyyət naziri vəzifəsindən uzaqlaşdırılan Əbülfəs Qarayevin sələfinin nazirlikdə çalışan yüksək çinlilərdən birinin olacağını təxmin etsə də, Prezidentin növbəti sürpriz qərarı hesablamaların yanlış olacağını ortaya çıxartdı. Düzdür, hələlik mədəniyyət naziri vəzifəsinə təyinat olmayıb, amma...

Belə ki, Prezident İlham Əliyev Anar Kərimovun mədəniyyət nazirinin birinci müavini təyin edilməsi haqqında sərəncam imzalayıb. Həmçinin dövlət başçısının digər sərəncamı ilə A.Kərimov Azərbaycan Respublikasının YUNESKO yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb. Bundan başqa, “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilib. Dövlət başçısının fərmanı ilə edilən dəyişikliyə əsasən, mədəniyyət nazirinin birinci müavinlərinin sayı 2-yə çatdırılıb. Eyni zamanda mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətinin verilməsi barədə sərəncamı geniş ictimaiyyətə təqdim olunub. Bu dəyişikliklər və təyinat həm də onun anonsudur ki, dövlət başçısı imici kifayət qədər zədələnmiş, rəhbər şəxsləri əməliyyat nəticəsində həbs edilmiş nazirlikdə yeni ab-havanın yaradılmasını qarşıya məqsəd qoyub.

Bundan əvvəl dövlət başçısı istefaya göndərilən Elmar Məmmədyarovun əvəzinə təhsil naziri Ceyhun Bayramovu təyin etməklə də XİN daxilində kök salmış neqativlərin təmizlənməsinin zəruriliyini çatdırmış oldu. Mədəniyyət nazirinin səlahiyyətləri rəsmən konkret şəxsə həvalə olunsa da, hələlik təhsil naziri ilə bağlı belə bir qərar yoxdur.

“Təhsil nazirinin təyin olunması ilə bağlı hələ müvafiq sərəncam yoxdur. Amma hazırda təhsil nazirinin 3 müavini - Firudin Qurbanov, Məhəbbət Vəliyeva və İdris İsayev - çalışırlar, yerindədirlər və onlar üzərinə düşən missiyanı yerinə yetirirlər”. Bu fikirləri isə “Yeni Müsavat”a açıqlamasında Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov söylədi.

Bəs bu iki qurumun rəhbərliyinə təyin olunan, yaxud bundan sonra təyin olunacaq şəxslərdən gözləntilər nədir? Onlar ilk öncə haradan başlamalı, hansı məsələlərə diqqət göstərməlidirlər? Düzdür, bununla bağlı dövlət başçısının ənənəvi qaydada tapşırıqları olur, necə ki, C.Bayramov XİN-ə rəhbər təyin edilən zaman Prezident onun qarşısına konkret tələb və tapşırıqlar qoydu. İndiki halda isə bu mövzuda danışdığımız deputatlar hər iki sahədə ciddi işlərin görülməsinə zərurət olduğunu vurğuladılar.

Deputat, Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Aqil Abbas “Yeni Müsavat”a dedi ki, Anar Kərimovla şəxsi tanışlığı olmasa da, barəsində eşidib: “Bilirəm ki, Azərbaycan mədəniyyətini xaricdə təbliğ və təmsil edən adamlardan biridir. Barəsində çox informasiyam yoxdur. Kim mədəniyyət naziri qoyularsa, yaxud da nazir səlahiyyətlərini icra edən şəxs yəqin ki, ilk növbədə nazirlikdə şəffaflıq yaradar. Bununla yanaşı, mədəniyyət abidələrinin hansı vəziyyətdə olduğu ilə şəxsən tanış olar, kənd kitabxanalarının durumu ilə maraqlanar. Heç bir rayonda kitabxana yoxdur. Bəzi rayonlarda elektron kitabxana açılıb. Elə camaat evində oturub kitablara baxar da, Allaha şükür, Google axtarış sistemi var. Amma kitabın ətri yoxdur. Rayonlarda bir kitab mağazası yoxdur ki, kimsə gedib oradan Salam Sarvanın, ya Vaqif Cəbrayılzadənin kitablarını alsın”. Millət vəkili qeyd etdi ki, kino Azərbaycan mədəniyyətinin ən yaralı yeridir: “Ermənilər məğlub olduqları hadisələr barədə kino çəkib Kann festivalına təqdim edirlər, dünyaya yayırlar, biz qalib gəldiyimiz aprel döyüşlərindən film çəkmədik”. A.Abbas qeyd etdi ki, mədəniyyət sahəsində problemlər saysızdır: “Məsələn, Lənkəranda bir tarixi abidə var, onu təmir etmək rayon icra hakimiyyətinin imkanları daxilində deyil. Həm də abidə olduğu üçün Mədəniyyət Nazirliyinin tabeçiliyindədir. Dəfələrlə müraciət edilib, ancaq eləcə qalıb və getdikcə uçulur. Hətta mən yarızarafat dedim ki, bunu verin bir iş adamına, təmir eləsin, burada bir çayxana açsın, hamı da buranın ziyarətinə gələcək”.

A.Abbas qeyd etdi ki, həm təhsil, həm mədəniyyət naziri postlarına kimin təyin olunacağını yalnız dövlət başçısı deyə bilər: “Bu məsələ Prezidentin səlahiyyətində olan məsələdir. Ölkə başçısı özü çox yaxşı bilir ki, kimi hara, nə vaxt təyin edir”.

Deputat Əziz Ələkbərov isə bildirdi ki, heç şübhəsiz, hökumətin formalaşdırılması, nazirlərin təyin olunması Prezidentin səlahiyyətinə aid olan məsələdir: “Bildiyiniz kimi, hər iki nazirlik birbaşa milli dəyərlərimizlə bağlıdır. Təhsil Nazirliyi gələcəyimizin milli kadrlarını hazırladığı kimi, Mədəniyyət Nazirliyi də milli dəyərlərimizin qorunması, inkişafı və təbliği üçün məsuliyyət daşıyır. Məncə, dərsliklərimizə yenidən baxılmalı, xüsusilə tarixi torpaqlarımızla bağlı materiallara daha çox yer verilməlidir. Gürcüstandakı soydaşlarımız üçün isə tarix və coğrafiya dərslikləri xüsusi olaraq yazılmalı və o dərsliklərdə Gürcüstan tarixinə və Gürcüstan coğrafiyasına dair materiallar yerləşdirilməlidir. Biz gürcüstanlı gənclərimizə təkcə Bakını, Xəzəri, Göygölü, Kəpəzi yox, daha çox Tiflisi, Borçalını, Başkeçidi, Kürü sevdirməli, onlara öz tarixi torpaqlarına sevgi aşılamalıyıq”. Mədəniyyət Nazirliyi sisteminə gəldikdə isə, Ə.Ələkbərli dedi ki, bu sistemdə daha böyük nöqsanlar var: “Rayonlarımızdakı mədəniyyət abidələrimizi yada salanda adamı dəhşət bürüyür. Azərbaycanda unikal mədəniyyət abidələrimiz var ki, baxımsızlıq üzündən məhv olub gedir. Bu, turizm baxımından da ölkəmizə böyük ziyan vurur. Elə bilirəm ki, ölkədə gedən kadr və struktur islahatlarının tərkib hissəsi kimi, bu nazirliklərdə gedən kadr dəyişiklikləri də ümumi işin xeyrinə olacaqdır”.


Paylaş:


Müəllif : Tarix:
22-07-2020, 08:49
Sikayət   


loading...
Загрузка...