reklam
Regionxeberlericom.az » Sosial » Azərbaycan niyə “üzən pensiya yaşı”na keçmir? - AKTUAL

reklam

Azərbaycan niyə “üzən pensiya yaşı”na keçmir? - AKTUAL


Keçmiş Sovet İttifaqı ölkələrində təqaüdə çıxmaq, ümumiyyətlə çox kədərli bir hadisə hesab edilir. Və bu, işləməyə sevgidən dolayı yox, aldığın təqaüdlə dolanmağın çətin, çox zaman isə, ümumiyyətlə mümkün olmaması səbəbindəndir. Bütün bu mənzərənin günahı aşağı maaşlar və təbii ki, pensiya fonduna minimum ödəmələrdir.

Bir çox iqtisadçılar, standart pensiya yaşının artıq aktual olmadığı və keçmişin qalığı olması qənaətindədirlər. Məsələn, Rusiya hökuməti bu yaxınlarda pensiya sistemində islahatların aparılması zərurəti məsələsini qaldırdı. Rusiya Ali İqtisadiyyat Məktəbinin professoru, iqtisad elmləri doktoru Yevgeni Gontmaxerin fikrincə, ölkədə pensiya yaşının dəyişkən sisteminə keçmək lazımdır, lakin bunun üçün iqtisadiyyat innovativ olmalıdır. O, qeyd edib ki, Qərbdə insanlar daha çox qazanmağa və gələcək təqaüd üçün daha çox vəsait yatırmağa çalışırlar. Müəyyən bir yaşa qədər onlar pensiya əmanəti olaraq, kifayət qədər miqdar toplaya bilirlərsə, istədikləri zaman təqaüdə çıxmaq hüququna sahib olurlar. Yox, əgər istəmirlərsə, işləməyə davam edərək pensiya kapitalını artırmağa davam edirlər.

İqtisadçı-ekspert Natiq Cəfərli AYNA-ya şərhində deyib ki, Azərbaycanda “üzən (dəyişkən) pensiya yaşı”na keçmək mümkündür: “Çünki maliyyə toplama sistemimiz mövcuddur. Müəyyən bir miqdarın yığılması ilə insan istədiyi yaşda təqaüdə çıxmağı bacarmalıdır. Ancaq ölkəmizdə, Rusiyadan fərqli olaraq, fərdi pensiya fondları yoxdur və pensiyalarla yalnız dövlət məşğul olur”.

“Hətta, indi də Rusiyda pensiyaya çıxmaq üçün yaş həddi mövcud olsa belə, özəl bir pensiya fondu ilə saziş bağlamaq insanlara daha çox imkanlar verir. Məsələn, qonşu Gürcüstanı götürsək, orada 8 pensiya fondu var. Vətəndaşların alternativ variantları olması yaxşıdır, amma bizim insanımız üçün bu imkan yaradılmayıb. Şəxsi pensiya fondlarının Azərbaycanda yaranmasının zəruriliyi barədə çoxdan danışıram. Əlbəttə ki, onlar dövlət zəmanəti əsasında işləməlidir və vətəndaşlar onlara etibar etməlidirlər, əks təqdirdə heç bir nəticə olmayacaq”, - müsahibimiz bildirib.

Özəl pensiya fondlarının yaradılması maliyyə bazarlarının yaradılmasına kömək edə bilər və bunlar da investisiya fondlarına çevrilər. Qanun, iqtisadçının dediyi kimi, prinsipcə ölkədə bu cür fondların yaradılmasını qadağan etmir, amma problem ondadır ki, qiymətli kağızlar bazarımız zəif inkişaf edib, investisiya mühiti tamamilə əlverişsizdir. Çünki indi böyük biznes bu sahə ilə maraqlanmır. Belə fondların yaranmasına, şəxsi sahibkarların sosial ödənişlərinin minimum əməkhaqqı ilə əlaqələndirmək kimi dolayı maneələr də mövcuddur.

Cəfərli bu məsələdə çevik bir yanaşma olmasını, bir pensiya hesabına köçürülən məbləğ üçün daha aşağı bir göstəriciyə ehtiyac olduğunu qeyd edib: “Yuxarı hədd isə, ümumiyyətlə olmamalıdır. Bir adam rahat bir qocalıq ümidi ilə fonda ayda 200 manat köçürə bilirsə, buna haqqı olmalıdır. İndi ölkəmizin əksər vətəndaşları təqaüdə çıxmaq istəmir, çünki bir pensiya ilə yaşamağın mümkünsüzlüyünü gözəl başa düşürlər. Yeri gəlmişkən, məmurlar da çox təqaüdə çıxmağı sevmirlər, çünki bu, onları müəyyən qazanc imkanlarından məhrum edir. İnsanlar işləyərkən çox vaxt nəinki maaş alır, həm də əlavə qazanc imkanları da əldə edirlər. Təqaüdlə yaşamağın çətin olması əsas sistemli məqamdır. Rusiyada da hər şey ölkəmizdəki kimidir”.

Qeyd edək ki, Rusiyada, böhranla mübarizə tədbirləri çərçivəsində, təqaüd yaşına çatmağa üç il qalan işsizlərə sığorta pensiyası verilməsi təklif edilir. Bu tədbirin ölkəmizə nə dərəcədə uyğunluğu barədə danışan ekspertin fikrincə, insanların belə bir hüquqa sahib olmaları vacibdir. Ancaq şəxs təqaüdə çıxmaq istəmirsə, onun yeni bir iş tapmaq imkanı da olmalıdır. Təqaüdə çıxmağına bir neçə il qalan insanlar olduqca həssas təbəqə hesab edilirlər. Çünki işlərini itirdikləri təqdirdə, yenisini tapmaq onlar üçün problemdir. Büdcə təşkilatlarında pensiya yaşına bir neçə il qalan insanlar qanunun müdafisəi altındadırlar. Şəxsi biznesə gəldikdə isə, sahibkara heç bir imtiyaz vermədən, onun kimisə işdən azad etməsini qadağan etmək mümkün deyil.

İqtisadçının sözlərinə görə, pandemiya ilə əlaqədar bəzi ölkələrdə işçilərə dəstək üçün müxtəlif mexanizmlərdən istifadə edilir: “Xüsusilə, Türkiyədə dövlət maaşların müəyyən hissəsini ödəməyi öz öhdəsinə götürüb. Azərbaycanda da belə etdilər. Dövlət belə addımlar atdıqda, bunun qarşılığında işçiləri azad etməmək kimi bir tələbi ortaya qoymaq mümkündür. Lakin yardımın verilməsi prosesi başa çatdıqdan sonra dövlət artıq öz şərtlərini diktə edə bilməz. Bununla yanaşı, dövlət pensiya yaşına bir neçə il qalmış insanlara vaxtından əvvəl pensiyaya çıxmaq və təqaüd almaq imkanı verə bilər”.


Paylaş:


Müəllif : Tarix:
21-08-2020, 09:57
Sikayət   


loading...
Загрузка...