reklam
Regionxeberlericom.az » Sosial » Mehdiyev Təhlükəsizlik Şurasından uzaqlaşdırılacaq? - GƏLİŞMƏ

reklam

Mehdiyev Təhlükəsizlik Şurasından uzaqlaşdırılacaq? - GƏLİŞMƏ


Yeni Azərbaycan Partiyasının (YAP) bu gün vəzifəsindən istefa verən icra katibinin müavini, deputat Siyavuş Novruzovun Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirakla bağlı son açıqlaması bomba effekti verib.

Yenisabah.az xatırladır ki, bu məsələ barəsində ilk açıqlamasında “İştirak etmişəm düz etmişəm”, növbəti açıqlamasında “O toya getməsəydim gərək şərəfsizlik paltarını geyinərdim. Mən kişiyəm” deyən Siyavuş Novruzov üçüncü açıqlamasında Ramiz Mehdiyev tərəfindən aldadıldığını bildirib.

“Mən Ramiz Mehdiyevin dəvət zəngi zamanı möhtərəm Prezident İlham Əliyevin adını çəkdiyinə görə toyda iştirak təklifini tərəddüdsüz qəbul etmişəm və sözügedən mərasimdə ailəlikcə iştirak etmişik. Çünki mən hər zaman ümummilli liderimizin layiqli davamçısı olan cənab Prezidentimizə sədaqətlə xidmət etmişəm və onun yolunda hər cür mübarizəyə, hətta ölümə də getməyə hazıram.

Yalnız bir gün sonra məlum olmuşdur ki, bizi ailəlikcə toya dəvət edərkən “Cənab Prezidentdən icazəsini almışam” deyən Ramiz Mehdiyev səhv məlumat vermişdir. Hətta məclis zamanı onun “Cənab Prezident bu gün səhər zəng edərək təbriklərini və xoş arzularını çatdırıb” deməyi də həqiqəti əks etdirmir. Yəni cənab Prezident İlham Əliyevin bu toy məclisindən xəbəri olmamışdır və bizi aldatmışlar", - deyə YAP-çı deputat bəyan edib.

Hələ ki, Siyavuş Novruzovun bu iddialarına qarşı tərəfdən cavab gəlməyib. Ramiz Mehdiyev susduqca YAP-çı deputatın akademikə böhtan atmadığı qənaəti güclənir.

Ramiz Mehdiyev AMEA-nın prezidenti vəzifəsini daşımaqla yanaşı Təhlükəsizlik Şurasının üzvüdür. Bu təsisat Prezidentin yanında məşvərətçi orqandır. Konstitusiyasının 109-cu maddəsinin 27-ci bəndinə uyğun olaraq Prezident tərəfindən yaradılır.

1997-ci ildə yaradılan Təhlükəsizlik Şurası vətəndaşların hüquq və azadlıqlarının, ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün qorunması sahəsində Prezidentin öz Konstitusiya səlahiyyətlərini həyata keçirməsinə şərait yaradılmasını təmin edir.

Ramiz Mehdiyev 22 il Prezident Admnistrasiyasının (PA) rəhbəri kimi Təhlükəsizlik Şurasının üzvü olub. O, 2019-cu ildə PA rəhbəri vəzifəsindən azad edilsə də, qurumun üzvlüyündə saxlanıldı. Hələ o zaman Ramiz Mehdiyevin hansı statusda Təhlükəsizlik Şurasının tərkibinə daxil edilməsi müzakirə mövzusu olmuşdu. Lakin buna hər hansı rəsmi izahat verilməmişdi.

“Toy qalmaqalı” və Siyavuş Novruzovun son açıqlamasından sonra siyasi ekspertlər hesab edir ki, Ramiz Mehdiyev ilk növbədə Təhlükəsizlik Şurasının tərkibindən çıxarıla bilər. Hər halda ortada Prezidentin adından yalan danışmaq ittihamı var. Əgər bu ittiham sübuta yetirilsə, o zaman Ramiz Mehdiyevin Prezidentin yanında məşvərətçi orqanda təmsilçiliyi məqsədəuyğun hesab edilməyə bilər.


Paylaş:


Müəllif : Tarix:
24-08-2020, 12:59
Sikayət   


loading...
Загрузка...