reklam
Regionxeberlericom.az » Sosial » Dövlət xəstəxanalarında “özəl qiymətlər”: - Travmatologiya İnstitutu rentgenə niyə pul alır?

reklam

Dövlət xəstəxanalarında “özəl qiymətlər”: - Travmatologiya İnstitutu rentgenə niyə pul alır?

İllərdir rəsmilər “Azərbaycandakı döblət tibb müəssisələrində xidmətlər ödənişsizdir”, “Həkim pul alır? Nə danışırsız, belə şey mümkün ola bilməz” desələr də, “görünən kəndə nə bələdçi?..” düşüncəsindəyik. Dövlət xəstəxanlarına qapıdan daxil olduğun andan etibarən sənə xəstə deyil, potensial pul mənbəyi kimi baxırlar.

Səhiyyə Nazirliyindən zatən əlimiz üzülüb. Hazırda səlahiyyət sahibi olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) müraciət etdiyimiz rəsmiləri isə bizdən fakt istəyir. Əzizlərim, fakt mən. İllərdir övladlarımı Zərifə Əliyeva adına Göz İnstitutuna aparıram. 110 nömrəli otaqda özünü çoxbilmiş kimi göstərən xanım hər xəstə üçün 20 manat tələb edir. Verməyəndə dərhal həkimə məlumat verir. Bu dəfə isə həkim özü elə müayinə zamanı sənin ruhun incimədən “cibinə girir”. Lazımsız aparatlara göndərir, hamısı da rəsmilər deyən kimi “pulsuz”.

Fakt istəyirsiz, sizə birini də deyim: Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu. Heç bilirsiniz bu xəstəxanada hər gün rentgen müayinəsindən nə qədər pul yığılır? Kim iddia edə bilər ki, Travmatologiya İnstitutunda rentgeni pulsuz çəkirlər? Əgər bu iddiada olan varsa, yanına bir jurnalist alıb adi xəstə kimi Travmatologiya İnstitutuna getsin. Bu dövlət xəstəxanasında rentgen çəkilişlərinin müxtəlif qiymətləri var: məsələn, bir əl biləyi, ya da bir ayaq pəncəsi 10 manata rentgen olunur, ikisi üçün 15-20 manat ödəməlisən. Çiyin, bud çanağı, diz oynağı, onurğa sütunu, bel fəqərələri rentgenə daha yüksək qiymətə salınır.
Qolu-qıçı sınanlara sarğı da pulsuz edilmir. Sarğı otağınının da öz qiymətləri var: 10 manatdan ta üzüyuxarı...
Yəqin ki, bu yazını oxuyan rəsmilər yazdıqlarımızı təkzib etməyə çalışacaqlar... Amma insafınız olsun, təkzibdən öncə gedin bir Travmatologiya İnstitutuna, 10-15 dəqiqə ərzində kiçik bir müşahidə aparın, sonra danışın... Elə təkcə rentgen və sarğı otağında gördükləriniz təkzibə cavab üçün bəs edəcək...
Fakt olaraq, sizə onkoloji xəstələri də göstərə bilərəm. Bir dərman üçün günlərlə xəstəxanaya ayaq döyən, axırda əlacsız qalıb öz puluna aptekdən dərman alan daha bir neçə ay yaşamağa ümid edən əlacsız insanlar...

Dövlət xəstəxanlarında çalışanların bir arqumenti də var: “Özələ gedəndə pul kisənizin ağzını açırsız, burada 1 manat xərcləmək istəmirsiz”. Burada adamın dəymişi dura-dura kalı tökülməsin neyləsin?! Təbii ki, sözümüz işini vicdanla yerinə yetirən tibb işçilərimizə deyil...

“Bəzən xəstəxanlarda tibbi vasitələr çatışmır”

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Səhiyyə komitəsinin sədri Musa Quliyev bildirib ki, korrupsiya ilə mübarizə tədbirləri korrupsiya hallarının qarşısının alınması üçün vətəndaşların keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığının təmin edilməsində mühüm rol oynayır:
“Amma tək korrupsiya ilə mübarizədə də tam effektli nəticə əldə etmək mümkün deyil. Burada məsələyə bir neçə aspektdən yanaşmaq lazımdır. Birincisi, maliyyələşməyə baxmaq vacibdir. Doğrudan da hazırda bəzi xəstəxanlarda maliyyələşmənin lazımi səviyyədə olmaması səbəbindən lazımi dərman pereparatları, sarğı materialları, tibbi avadanlıqlara əlçatanlılıq da təmin edilmir. Xüsusilə onkoloji xəstələrlə bağlı müraciətlər alırıq. Xəstələrə lazım olan dərmanlar dövlət tibb müəssisələrində olmur və onlar həmin dərmanları apteklərdən baha qiymətə almağa məcbur olurlar. Bütün bunlara görə Azərbaycan icbari tibbi sığortaya keçib. Təəssüf ki, pandemiya səbəbindən bu il nəzərdə tutulan addımlar atılmadı. Bu il ərzində tam icbari tibbi sığortaya keçməliydik. Buna görə də biz yavaş-yavaş səhiyyənin maliyyələşməsində, mövcud tələblər standartlara qalxmalıyıq. Adambaşına düşən səhiyyə xərclərinin optimallaşdırılması üzərində düşünməliyik”.

Həkimlərin maaşı artırılmalıdır

Komitə sədri deyib ki, səhiyyə xidmətlərinin keyfiyyətinin artırılmasında maddi-texniki baza ilə yanaşı, kadr təminatının da böyük əhəmiyyəti var:
“Savadlı, təcrübəli kadrlara yaxşı maaş vermək zərurəti ortaya çıxır. Bütün icbari tibbi sığrota tətbiq edilən ölkələrdə yüksək kvalifikasiyalı həkimlər daha çox özəl xəstəxanlarda işləməyə üstünlük verirlər. Bəzi hallarda isə dövlətin tənzimləmə funksiyası önə çıxır. Yəni siz müəyyən saatlarda özəl xəstəxanada işləyirsinizsə, müəyyən saatlarda da tutaq ki, icbari sığorta ilə işləyən Tibb Universitetinin Klinikasında çalışırsız. O zaman həm burada dərslərinizi deməlisiniz, həm əməliyyatlarınızı icra etməlisiniz. Bu da həkimlər üçün iş yükünün artmasıdır. Bu baxımdan həkimlərin, tibb işçilərinin məkhaqqı məsələsi yenə də gündəmdə olmalıdır. Ölkə üzrə orta əməkhaqqı artırıldığından, tibb işçilərinin də əməkhaqqı bunun üstündə olmalıdır”.

“Rüşvət alan həkimlər, klinikalar ifşa olunmalıdır!”

Deputatın sözlərinə görə, maaş nə qədər aşağı olacaqsa, tibb işçilərinin də bir qrupu xəstələrdən göstərdikləri tibbi xidmətə görə əlavə haqq tələb edəcəklər:

“İcbari tibbi sığortaya keçidlə əlaqədar həkimlərimizin maaşı təxminən 3-4 dəfə artacaq. Bu da işin müsbət istiqamətdə olmasına kömək edəcək.
Bununla belə, vətəndaşlar qarşılaşdıqları rüşvət hallarını ictimailəşdirməkdən çəkinməməlidirlər, öz haqlarını, hüquqlarını bilməlidirlər. Yeri gəldikdə, lazımi orqanlara şikayət etməkdən çəkinməsinlər. Biz elə deyək ki, icbari tibbi sığortaya keçdik, bu problem aradan qalxacaq, yox qalxmayacaq. Səhiyyənin maliyyələşməsi maksimuma qalxacaq, xeyr yenə çətinliklər olacaq. Çünki burada insan amili var, işin maddi tərəfi həll edilsə də, mənəvi cəhətdən doymayan insanla, istər həkim olsun, istər başqa peşə sahibi bacarmaq çətin məsələdir. Həm maliyyələşmə, həm lazımi psixoloji tərbiyə mühiti yaradılmalıdır, eyni zamanda, sağlam rəqabət olmalıdır və korrupsiya ilə mübarizə tədbirləri davamlı etdirilməlidir. Elə insan var ki, ona nə qədər çox maaş versən də, mənəvi cəhətdən kasıb olduğu üçün bununla kifayətlənmir. Cənab Prezidentin də dediyi kimi, nəzarət vətəndaşlarla birgə aparılmalıdır. İctimai nəzarət, ictimai qınaq olmalıdır. Hansı dövlət, yaxud özəl klinikada rüşvət halları varsa, onlar ifşa olunmalıdır, adları mətbuatda açıqlanmalıdır, sosial şəbəkələrdə müzakirəyə çıxarılmalıdır. Ancaq belə olan halda görülən tədbirlər effekt verə bilər”.



Paylaş:


Müəllif : Tarix:
24-09-2020, 15:42
Sikayət   


loading...
Загрузка...