reklam
Regionxeberlericom.az » Sosial » “Konsulluq İdarəsinin rəisi və müavinin arxasında kim dayanıb?” - Elmar Məmmədyarov müəmması

reklam

“Konsulluq İdarəsinin rəisi və müavinin arxasında kim dayanıb?” - Elmar Məmmədyarov müəmması


Səbayıl Rayon Məhkəməsində Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsinin sabiq rəisi Faiq Bağırovun barəsində seçilən həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair vəsatəti təmin olunub. Qeyd edək ki, F.Bağırov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham verilib.

İlk baxışdan qeyri-adi, diqqətçəkən məqam nəzərə çarpmasa da, Faiq Bağırovun sabiq xarici işlər naziri Elmar Məmmədyarova yaxın kadr olması, birbaşa olaraq onun göstərişlərini icra etməsi məsələnin mahiyyətini dəyişir. Belə iddialar var ki. Elmar Məmmədyarov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun “yolunu gedir”. Üstəlik, Qarabağ ətrafında baş verən gərginliyə də 16 il nazir işləməsinə baxmayaraq, münasibət bildirmir.

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı “Yeni Müsavat”a deyib ki, Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarovun əməlləri tam və hərtərəfli araşdırılmalıdır: “Elmar Məmmədyarov hələ vəzifədə olarkən onun Azərbaycanın dövlət maraqlarına, ölkə Prezidentinin ”hücum diplomatiyası"na daban-dabana zidd olan fəaliyyətini dilə gətirmişəm, kəskin şəkildə tənqid etmişəm. Nəhayətdə o öz əməllərinə görə vəzifədən uzaqlaşdırılıb, ətrafı həbsə alınıb. Bundan sonra da onun əməllərinə görə qiymət veriləcəyinə əminəm, hesab edirəm ki, qiymətini ala-ala da gedəcək".

XİN-dəki əməliyyatdan sonra irəli sürülən ittihamların mahiyyətinə baxanda belə təəssürat yaranır ki, əlaltıları Məmmədyarovun susqun razılığı ilə bildiklərini ediblər. Ortada olduqca ciddi ittihamlar var və bu ittiham hansısa “JEK” müdirinə qarşı deyil. Söhbət dövlətin xarici siyasətini gerçəkləşdirən bir nazirlikdə baş verənlərdən gedir. Rəsmi ittihama görə, XİN İşlər İdarəsinin müdiri, nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər İdarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə “vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə”, Konsulluq İdarəsinin sabiq rəisi Faiq Bağırov və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev “rüşvət alma faktlarına” görə həbs ediliblər. DTX onların “çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edildiyini” açıqlayıb. Qurum şübhələrin “dövlət vəsaitlərinin ələ keçirilməsi, müxtəlif fəaliyyət istiqamətləri üzrə, eləcə də xarici ölkə vətəndaşlarının viza müraciətləri ilə bağlı rüşvət alınması və sair hüquqazidd əməllərin törədilməsi” ilə bağlı əldə edilmiş məlumatları araşdırdıqdan sonra ortaya çıxdığını qeyd edib. DTX adıçəkilən şəxslərin xidməti və yaşadıqları ünvanlarına və “dövlət vəsaitlərinin əmtəəsiz əməliyyatlarla mənimsənilməsi üçün yaradılmış hüquqi şəxslərə dair sənədlərin və işlərin görülməsi üçün vəsait ayrılması müqabilində rüşvət ödənildiyi barədə sənədlərin olduğu yerlərə” baxış keçirildiyini açıqlayıb. Həmin yerlərdən nağd pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, pul vəsaitləri və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər götürülüb. Fərhad Molla-zadə və Səlim Əlizadənin “dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsinin müntəzəm olaraq mənimsəməsi barədə əsaslı şübhələr müəyyən edilib...

Bu əməliyyatdan bir neçə ay öncə mətbuat Elmar Məmmədyarovun oğullarının ABŞ-da 4 milyonluq mənzil almasından yazmışdı. O zaman da XİN-in adının belə korrupsiya qalmaqalında hallanmasının yolverilməz olduğu söylənilmişdi.

“Bakı Hüquq Şirkəti”nin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a bildirib ki, XİN-də baş verənlər biabırçılıqdır, Elmar Məmmədyarov istənilən halda istintaqa cəlb olunmalıdır: “Konsulluq İdarəsinin rəisi cinayət törədibsə, bundan Elmar Məmmədyarovun da xəbəri olub. Olmayıbsa, bunun özü də onun XİN-də baş verənlərdən xəbərsiz olması anlamına gəlir. Bundan başqa, dövlət büdcəsindən ayrılan pulları Elmar Məmmədyarovun ”burnunun altında" tar-mar ediblər. Onun isə bundan xəbəri olmayıb? Axı bu nağıla kim inanar? Sən bu sahəyə rəhbərlik edirsənsə, işçilərin burada min oyundan çıxıb dövlət büdcəsindən - yəni xalqın cibindən ayrılan pulları oğurlayırsa, talayırsa, 1 nömrəli günahkar, cavabdeh də sənsən! Sənin günahın göz qabağındadır. Bu cinayətlər baş veribsə, bundan Elmar Məmmədyarovun xəbəri olub. Yaxasını kənara çəkə bilməz".

Hüquqşünas deyir ki, sabiq nazirin baş verənlərdən xəbəri olmayıbsa belə, onun həbsi üçün kifayət qədər ciddi əsaslar var: “Elmar Məmmədyarovun siyasi məsuliyyəti də var. O vaxt Cahangir Hacıyevin rəhbərlik etdiyi Beynəlxalq Bankdan milyardlar oğurlananda məlum olmuşdu ki, arxasında Eldar Mahmudov dayanır. Bəs Elmar Məmmədyarovun tutulan komissiya sədri, Konsulluq İdarəsinin rəisi və müavinin arxasında kim dayanıb? Bu adamlar kimdir ki, dövlət büdcəsindən bu sahəyə ayrılan pulları mənimsəsinlər? Elmar Məmmədyarov 16 il həmin sahəyə rəhbərlik edib. Təbii ki, pul məsələləri də birbaşa onun kurasiyasında olub. İşçiləri onu 1-2 il aldada bilərdilər. Yerdə qalan illəri kimin ayağına yazacaq? Pul məsələsi belədir ki, xərcləyəndə oğurluqları aydın görünür. Hamı bilir ki, pul xərcləmə məsələsi nazirliklərdə nazirin imzası ilə gerçəkləşir. Bir qədər əvvəl Mədəniyyət Nazirliyində əməliyyat keçirildi. Orada da eyni vəziyyətdir. Bunu bilməyən var? Ola bilsin, bəzi xırda məsələlər digər şəxslərə tapşırılsın, amma tam olaraq məsuliyyət nazirin üzərindədir. Nazirin baş verənlərdən xəbərsiz olmasını düşünmək üçün sadəlövh olmaq gərəkdir. Dövlət büdcəsindən konkret sahəyə ayrılan pulların idarə edilməsinə, təyinatı üzrə xərclənməsinə nəzarət etməli şəxs həmin sahəyə rəhbərlik edəndir. Bu halda isə nazir Elmar Məmmədyarovdur. Elmar Məmmədyarov ən azı Cinayət Məcəlləsinin 314-cü - səhlənkarlıq maddəsi ilə istintaqa cəlb olunmalıdır”.
“Yeni Müsavat”


Paylaş:


Müəllif : Tarix:
25-09-2020, 09:11
Sikayət   


loading...
Загрузка...