reklam
Regionxeberlericom.az » Sosial » İlham Əliyev kimlərə hansı mesajları verdi və ya ilk dəfə dilə gətirilən fakt - İLGİNC

reklam

İlham Əliyev kimlərə hansı mesajları verdi və ya ilk dəfə dilə gətirilən fakt - İLGİNC


Azərbaycan Prezidenti İlham Əliyev bu gün xalqa yenidən müraciət edib. Dövlət başçısı müraciətində Azərbaycanın işğal altında olan ərazilərinin işğalçılardan azad edilməsi istiqamətində Ordumuzun əməliyyatları, siyasi situasiya və s. məsələlər barədə son məlumatları çatdırıb.

İlham Əliyev Ermənistan ordusunun məhv edilmiş və hərbi qənimət kimi ələ keçirilmiş silah-sursatları barədə məlumat verərkən, Ermənistanda hələ də hərbi texnikanın tükənməməsi və yenilərinin peyda olmasına diqqət çəkib: “Ermənistanın kasıb ölkə olması və iqtisadi tənəzzülə uğramasına baxmayaraq, bu qədər silah onlarda haradandır?”.

Digər tərəfdən, Ali Baş Komandan, ona Türkiyə F-16 qırıcıları ilə bağlı verilən suallara da toxunub. Bildirib ki, F-16-ların Azərbaycanda olması, sadəcə qardaş Türkiyənin mənəvi dəstəyini ehtiva edir: “Mən artıq Türkiyənin F-16 təyyarələri ilə bağlı suallara cavab verməkdən yorulmuşam. Baxın, peykiniz var, görün o F-16-lar Azərbaycanda nə edir, yerdədir, yoxsa göydədir. Əməliyyatlardan əvvəl təlim üçün gəlmişdilər, qaldılar burada. İndi də bizə bir mənəvi dəstək verirlər. Lakin Azərbaycana qarşı kənardan aqressiya olacağı təqdirdə, qarşılarında həmin F-16-ları görəcəklər”.

Maraqlıdır, ölkə başçısının da dediyi kimi, Ermənistan çox sayda hərbi texnikasından məhrum edildiyi halda, ordu təchizatı nə üçün tükənmir və işğalçı ölkəni hərbi texnikalarla təmin edən kimlərdir? Digər tərəfdən, Prezidentin “F-16-ları qaldıracağıq” mesajı kimlərə yönəlib? Və həqiqətən də Azərbaycana kənardan təzyiqlər olsa, Türkiyə məsələyə müdaxilə edə bilərmi?

Ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov AYNA-ya açıqlamasında deyib ki, beynəlxalq qurumlar bu günə qədər Ermənistanın güclənməsi üçün hərtərəfli şərait yaradıb: “Mən bu məsələni parlament qarşısında da qaldırmışdım ki, ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Anjey Kaspşikin məsuliyyətə cəlb olunmasını gündəmə gətirsin. Çünki o, eləcə də onun səhra köməkçiləri keçirdikləri monitorinqlərin nəticələrini həm saxtalaşdırıb, həm də Azərbaycandan gizlədiblər. Bu gün baş verənlərin əksəriyyətinə görə Ermənistanın hərbi-siyasi rəhbərliyi nə qədər məsuliyyət daşıyırsa, bir o qədər də ATƏT-in keçirdiyi monitorinqlərə cavabdeh olan şəxslər məsuliyyət daşıyır”.

“Biz dəfələrlə deyirdik ki, həm işğal altında olan ərazilərdə, həm də Ermənistan ərazisində inspeksiyalar keçirilsin, görək ki, bu gün Prezidentin də xüsusilə vurğuladığı silah-sursat həm Emrənistan ərazisindən, həm də digər bölgələrdən qeyri-qanuni olaraq o ərazilərə necə gətirilib və yerləşdirilib. Məlumdur ki, Ermənistan bütün kvotaları və normaları aşıb, ona görə də məsuliyyət daşıyır. Bu isə adi hal deyil”, - ekspert bildirib.

Cəfərov, müharibə bitəndən sonra bir sıra məsələlərin gündəmə gətiriləcəyini də istisna etməyib: “Necə olur ki, səhra köməkçiləri işğal edilmiş ərazilərdən keçir, amma gördüklərini qeydiyyata almırlar? Düşmən həmin ərazilərdə çox sayda müdafiə xətti qurub, amma onlar onu da sənədlərdə qeyd etməyiblər. Həqiqətən də, o qədər texnika Ermənistanda haradandı və ümumiyyətlə niyə olmaldır? Ermənistan ordusu məgər Çin Xalq Respublikasının ordusudur ki, bu qədər texnikaya malik olub? Hesab edirəm ki, döyüş əməliyyatları bitəndən sonra bu məsələlərə aydınlıq gətirilməlidir və gətiriləcək də”.

Polkovnikin sözlərinə görə, düşmənin silahlandırılmasının məsuliyyəti birbaşa Rusiyanın üzərinə düşür: “Rusiya 102-ci bazadan çıxardığı əksər texnikanı, faktiki olaraq başqa yerə daşımasın deyə, yaramaz ermənilərə bağışlayıb, ya da ucuz qiymətə satıb. Mən düşünmürəm ki, Amerikadan, yaxud Fransadan Ermənistana tank gətirilib, lakin Amerika da, Fransa da bu məsələdə məsuliyyət daşıyır. Çünki onlar da ən azından proseslərlə maraqlanmalı və Azərbaycan tərəfdən səslənən fikirlərə diqqət etməli idilər ki, bu gün belə bir mənzərə yaranmasın”.

Politoloq Fikrət Sadıxov da Prezidentin bugünkü açıqlamaları ilə bağlı fikirlərini AYNA-ya açıqlayıb: “Dövlət başçısının ifadələrində konkret və ünvanlı ifadələr var idi. O cümlədən də F-16 qırıcı təyyarələri ilə bağlı səslənən fikirlər. Lakin bu məsələdə konkret ölkələr haqqında danışmaq çətindir. Mən hələlik hansısa ölkənin müdaxilə etməsini müşahidə etmirəm. Əlbəttə ki, Ermənistanın müəyyən müttəfiqləri, onları dəstəkləyən hərbi-siyasi dairələr, muzdlular və terrorçular var. Amma hər halda Ermənistan tərəfi bilməldir ki, Azərbaycan torpaqlarında təhlükə yaransa, Azərbaycan F-16-lardan istifadə edə bilər”.

“Azərbaycana kənar təzyiqlər olsa, Türkiyənin də müdaxiləsi qaçılmazdır. Türkiyə bizim müttəfiqimiz və qardaş ölkədir. Türkiyə dəfələrlə istər siyasi, istər hərbi, istərsə də mənəvi şəkildə Azərbaycanın yanında olduğunu bildirib və Azərbaycanın maraqlarını müdafiə edir. Əlbəttə ki, bu münaqişə genişmiqyaslı xarakter daşısa və münaqişəyə üçüncü ölkələr müdaxilə etsə, bizim də açıq şəkildə Türkiyənin dəstəyindən istifadə etməyə tam haqqımız var. Türkiyə də bizim xahişimizlə bunu edə bilər. Əlbəttə ki, Türkiyə də bizim yanımızda olacaq və buna kimsə şübhə etməməlidir - nə dostlarımız, nə də düşmənlərimiz”, - Sadıxov vurğulayıb.

Siyasi şərhçi Şahin Cəfərli isə Prezidentin F-16-larla bağlı açıqlamasının konkret Rusiya və İrana mesaj olduğunu düşünür: “Rusiyanın Zəngilan-Qubadlı-Laçın zolağında bayraq nümayişi, İranın cənub-qərb sərhədimizdə hərbi təlimləri və SEPAH komandirlərinin bəyanatları Azərbaycana açıq təhdiddir. Prezident bu təhdidlərə qarşı açıq mətnlə bildirdi ki, siz müdaxilə etsəniz, Türkiyə də edəcək. Necə ki, İranın Xəzərdəki provokasiyalarına cavab olaraq, Türkiyə F-5 döyüş təyyarələri 2001-ci ilin avqustunda Azərbaycana gəlib, Xəzər və Bakı üzərində uçuşlar keçirmişdi”.

“Xarici təzyiqləri dəf etmək üçün Azərbaycanda xalq-dövlət birliyinə bəlkə də heç vaxt olmadığı qədər ehtiyac yaranıb. Tarixi mərhələdən keçirik və nə qədər şablon səslənsə də, yalnız birlik və bərabərliklə bu sınaqdan maksimum qazancla, hərbi-siyasi qələbə ilə çıxmaq mümkündür”, - politoloq əlavə edib.


Paylaş:


Müəllif : Tarix:
27-10-2020, 09:33
Sikayət   


loading...
Загрузка...