reklam
Regionxeberlericom.az » Sosial » "Əsas odur ki, biz, bu müharibədə qalib gəlmişik" - Ayaz Mütəllibov

reklam

"Əsas odur ki, biz, bu müharibədə qalib gəlmişik" - Ayaz Mütəllibov


Azərbayan Respublikasının ilk prezidenti Ayaz Mütəllibov Azərbaycan Ordusunun işğaldakı ərazilərimizi azad etməsinə, Şuşa şəhəri də daxil olmaqla tarixi torpaqlarımızın əhəmiyyətli hissəsinin işğalçılardan təmizlənməsinə münasibət bildirib.

Azərbaycanın sabiq prezidenti Reyting.az-a müsahibəsində deyib ki, bu qələbəni qazanmaq üçün ciddi siyasi iradə də tələb olunurdu.

- Ayaz müəllim, Azərbaycan Ordusunun sentyabrın 27-dən başlayan noyabrın 10-na qədər davam edən əks-hücum əməliyyatını necə qiymətləndirirsiniz?

- Çox yüksək qiymətləndirirəm. Hər şey göz önündədir. Genişmiqyaslı hücum və tədbirlərin nəticəsi bizi gətirib bu günə çatdırdı. Əlbəttə, buna ancaq sevinmək olar. Mən bu hadisələri yüksək qiymətləndirirəm.

Qeyd edim ki, mən hərbi əməliyyatları ancaq mətbuat vasitəsilə izləmişəm. Hamımız ordumuzun hərəkət və addımlarını həyəcanla müşahidə edirdik. Ordumuzun bu tədbirləri bizdə ancaq qürur hissi yaratdı. Biz bu nəticəyə görə sevinirik.

- Azərbaycan, Rusiya və Ermənistan başçıları arasında noyabrın 10-da imzalanan bəyanata münasibətiniz necədir?

- Çox müsbət qiymətləndirirəm, başqa cür ola da bilməz. Hərbi əməliyyatlar başlayan gün heç birimiz deyə bilməzdik ki, nəticələrimiz nədən ibarət olacaq. Gördüyünüz kimi, yeddi rayonumuzun qayıtmağı haqda xəbəri eşitdik. Bu, bizdə iftixar hissi yaradır. Böyük uğurdur. Mən bunu böyük uğur kimi qiymətləndirirəm. Bəli, bütün bunlar üçün ciddi siyasi iradə də tələb olunurdu. Anlaşmanın olması da gözlənilən idi. Əsas odur ki, biz, bu müharibədə qalib gəlmişik.

- Ancaq cəmiyyətdə fərqli yanaşmalar da var. Məsələn, bölgəyə rus sülhməramlılarının gəlişini bəzi şəxslər Rusiyanın qayıdışı kimi təqdim edirlər...

- Yox, belə demək olmaz. Mən bu cür qiymətləndirməni doğru saymazdım. Həm də baxır hansı şəkildə qayıtmaq. İndiki qayıdış genişmiqyaslı qayıdış deyil. Söhbət sülhməramlı missiyadan gedir. Ərazilərimizin işğalçılardan xilas olması da bunu sübut edir.

- Azərbaycana həm də türk ordusu gələcək. Sizin, bu məsələyə də münasibətiniz maraqlıdır...

- Türkiyə ordusunun ölkəmizə gəlişini, Qarabağla bağlı fəaliyyətini müsbət qiymətləndirirəm. Başqa cür də ola bilməz. Türkiyənin də, Rusiyanın da Azərbaycanda öz maraqları var. Yəni bizim bölgəmizlə bağlı belə maraqlar mövcuddur. Əlbəttə, onlar ilk növbədə öz maraqlarını güdürlər. Buna da təbii yanaşmaq lazımdır. Ancaq sözsüz ki, Azərbaycanın da maraqları var və onları nəzərə almaq vacibdir. Beləcə, biz bir-birimizə ziyan vermədən bu məqsədə nail oluruq. Sözsüz ki, burada ən mühümü torpaqlarımızın işğalçılardan təmizlənməsidir.

- Şuşa şəhərinin işğaldan azad olunması xüsusi qeyd edilir. Əslində Şuşanın işğalı Sizin də ağrılı yeriniz olmalıdır. Şuşanın azad edilməsi xəbərini aldıqda hansı hisslər keçirdiniz?

- Çox sevindim. Biz bilməliyik ki, Şuşa şəhərinin çox böyük əhəmiyyəti var. Hər bir Azərbaycan vətəndaşı üçün Şuşa simvolik məna daşıyır. Şuşa ölkəmizin tarixidir, mədəniyyətidir, incisidir. Biz Şuşaya görə böyük iftixar hissi keçiririk. Biz Şuşanı böyük uğurla işğalçılardan azad etmişik. Bu, böyük hadisədir.

- Şuşaya getmək fikriniz varmı?

- Bunu zaman göstərəcək. Bu, həm də, daha çox mənim səhhətimdən asılı məsələdir.

- Sizcə, Qarabağda yaşayan ermənilərə hər hansı muxtariyyət verməliyikmi?

- Muxtariyyəti onlara verirdik, amma son 30 ildə onlar buna razı olmadılar. Mən indi deyə bilərəm ki, biz ermənilərə nə qədər yaxşılıq etsək də, onlar bunun qarşılığında bizə əngəllər, maneələr törədirlər. Yəni bizə “sağ olun!”,- demək əvəzinə, pisliklər edirlər. Biz hər zaman ermənilərə əl uzatmışıq, kömək etmişik, bir qonşu kimi yaxşı və səmimi münasibət bəsləmişik. Ancaq nəticə onu göstərir ki, ermənilər, əfsuslar olsun, yaxşılığa qiymət vermirlər.

Əslində, son 30 ildə baş verənlərin, bu müharibələrin yeri yox idi. Biz normal yaşayırdıq. Ancaq hər şeyi onlar başladılar. Onlar nədən dəm vururdular? Nə istəyirdilər? Ermənilərin ağılsız hərəkətlərinin nəticələri gətirib bu olaylara səbəb oldu. İnsanlar öldü, əsir düşdü... Bunlar bizim gözümüzün qarşısında baş verən hadisələrdir.


Paylaş:


Müəllif : Tarix:
19-11-2020, 10:38
Sikayət   


loading...
Загрузка...