reklam
Regionxeberlericom.az » Sosial » Başçı "arxalı" MTK-nın əlində aciz qaldı - NARAZILIQ...

reklam

Başçı "arxalı" MTK-nın əlində aciz qaldı - NARAZILIQ...


Bakı şəhəri, Gəncə prospekti 2942A ünvanının sakinləri prospektə çıxışı olmayan kiçik bir ərazidə, 11 minanın ortasında, 269 saylı məktəbin üstündə 12-ci hündürmərtəbəli binanın tikintisinə etiraz edirlər.

Sakinlər Bakıpost.az-a şikayətlərində ərazidəki binalardan çoxunun həyətinin olmadığını bildiriblər.

“Sakinlər heç avtomobil saxlamağa yer tapa bilmir. Vəziyyət o həddədir ki, yer üstündə hər gün mübahisə yaranır. O qədər sıxlıq var ki, bir hadisə baş verəndə Fövqəladə Hallar Nazirliyinin maşınları belə həyətə girə bilmirlər. Keçən dəfə yanğın olmuşdu, yanğınsöndürmə briqadası 30 dəqiqə yol açıb, mənzilə zorla yaxınlaşdı. Adi təcili yardım maşını belə həyətdə hərəkət edə bilmir”.

Sakinlərin sözlərinə görə, 11 binadan hələlik 4-də məskunlaşma var. Digər 7 binaya isə insanlar yeni-yeni köçürlər:

“O binalarda da məskunlaşma tamamlandıqdan sonra ərazidəki sıxlıq bir neçə dəfə artacaq. Bütün bunlar azmış kimi gətirib dar yerdə 12-ci binanı tikməyə çalışırlar. Bu binanın prospektə birbaşa çıxışı yoxdur – mütləq yan binalardan yol istəməlidirlər. Ora tikinti materialları necə gətiriləcək? Orda məskunlaşma necə olacaq?

Bununla bağlı bir neçə dövlət qurumuna müraciət etdik. Sözügedən ərazinin deputatı Mixail Zabelin ilə əlaqə saxlamağa çalışsaq da, mümkün olmadı. 36 saylı Xətai dördüncü seçki dairəsindən millət vəkili seçilən Qüdrət Həsənquliyevə üz tutduq ki, bəlkə problemimizi həll edə bilə. Deputat çağırışımıza dərhal reaksiya verdi. Xətai rayon icra başçısı ilə danışıqlar apardı. İcra Hakimiyyətindən bildirdilər ki, ərazi sahibkara 2015-ci ildə rəsmi sənədlə verilib. Amma tikintinin aparılması bir müddət öncə dayandırılıb. Bu qurumda baş verən dəyişiklikdən sonra yeni rəhbərlik ərazinin yaşayış binasının tikintisi üçün yararlı olmadığını, buna görə də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təkrar müraciət edildiyini bildirib. Komitənin cavabından sonra sözügedən ərazidə abadlıq aparılması və kiçik park yaradılması nəzərdə tutulub”.

Bu məsələ ilə bağlı Xətai rayon İcra Hakimiyyəti də açıqlama yayıb. Bildirilib ki, Xətai rayonu, Gəncə prospekti 2942 A ünvanındakı məhəllədə yerləşən torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin 125 saylı, 19.03.2015-ci il tarixli sərəncamı ilə yaşayış binalarının layihələndirilməsi üçün Qaya-İnşaat MMC-yə icarəyə verilib:

“Hazırda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16.11.2018-ci il tarixli 1118092941 qeydiyat nömrəli çıxarışına əsasən yaşayış məntəqələrinin torpaqlar kateqoriyasına aid olan 0,32 ha torpaq sahəsi həmin müəssisənin istifadəsindədir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 24.10.2019-cu il tarixli 33 saylı sərəncamı ilə Qaya-İnşaat MMC-nin istifadəsində olan həmin torpaq sahəsində layihələndirilən çoxmərtəbəli yaşayış binasının şəhərsalma normalarına və qanunvericiliyin tələblərinə uyğun tikintiyə icazə verilməsi üçün komitə tərəfindən qanunvericilikdə müəyyən edilmiş qaydada rəy bildirmələri məqsədi ilə aidiyyəti qurumlara sorğular göndərilib. Hazırda həmin ərazidə heç bir tikinti işləri getmir və nəzarətimizdədir”.

Sakinlər isə qeyd edirlər ki, bu açıqlamadan sonra həmin sahədə tikinti prosesi dayandırılısa da, dünən gecədən yenidən başlayıb:

“Gecə saatlarında gördük ki, yenidən tikinti işlərinə başlayıblar, binanın özülünü qazırlar. 5-6 ay ərzində nə dəyişdi, bilmirik. Axı bizə dedilər ki, orada bina yox, park salınacaq. Bəs İcra Hakimiyyətinin saldıracağı parkın yerində niyə bina tikintisinə hazırlıq başlayıb?”

Onların sözlərinə görə, tikinti şirkətinə qeyri-rəsmi olaraq çox yüksək çinli məmur himayədarlıq edir. Buna görə də Xətai RİH və Şəhərsalma və Arxitektura Komitəsinin təklifləri "zibilliyə atılır":

“O məmurun adını heç kim açıqlamır. Hər halda İcra Hakimiyyətinin aciz duruma düşdüyü görünürsə, demək, sıradan şəxs deyil. Buna görə də cənab Prezidentimiz İlham Əliyevə müraciət edirik. Yalnız o, bu özbaşınalığın qarşısını ala bilər” .


Paylaş:


Müəllif : Tarix:
26-11-2020, 09:36
Sikayət   


loading...
Загрузка...