reklam
Regionxeberlericom.az » Sosial » "AzSığorta" Ağsuda bazarın yanmasına görə niyə sığorta pulu ödəmir? - GİLEY

reklam

"AzSığorta" Ağsuda bazarın yanmasına görə niyə sığorta pulu ödəmir? - GİLEY


Ağsu şəhərindəki mərkəzi bazarda baş vermiş yanğından iki ildən çox vaxt keçsə də, “Azsığorta” dəyən zərərə görə sığorta ödənişini etməkdən imtina edib. Şikayətçilərin iddiasına görə, şirkət bununla bağlı məhkəmə prosesini süni əsaslarla uzadaraq qərara təsir etməyə çalışır.

regionxeberlericom.az xəbər verir ki, “Qafqazinfo”ya müraciət edən 23 nəfər icarədar bildirib ki, 2018-ci il aprelin 15-nə kimi fəaliyyət göstərdikləri Ağsu şəhərində yerləşən mərkəzi bazarda irimiqyaslı yanğın olub: “Hadisə nəticəsində bazara daşınmaz əmlak üzrə 75 541 manat, daşınar əmlak üzrə 114 606 manat məbləğində zərər dəyib:

"Bazarın sığortalı olmasına baxmayaraq, “Azsığorta” adlı sığorta şirkəti bizimlə, yəni bazarda işləyən sahibkarlarla ədalətli rəftar etməyib, yanğın hadisəsi ilə bağlı zərəri vaxtında və düzgün qiymətləndirməyib, sığorta tələbi üzrə sığorta ödənişini mümkün olan ən tez müddət ərzində ödəməyib".
Bununla bağlı bazar rəhbərliyinin iddiası üzrə məhkəmə prosesi Bakı Kommersiya Məhkəməsinin hakimi Səbinə Nuriyevanın sədrliyi ilə aparılır.

İcarədarlar iddia edir ki, “Azsığorta” şirkəti prosesi süni əsaslarla uzadır: “İki ildən çoxdur ki, gedən sığorta mübahisəsi hələ də öz həllini tapmayıb. Sığorta şirkəti öz təsir imkanlarından istifadə edərək bizə dəymiş zərərin ödənilməsindən boyun qaçırır, Mərkəzi Banka və Məhkəmə Hakimiyyəti orqanlarına ödənişin verilməməsi üçün təsir göstərir.

“Azsığorta”nın sığorta ödənişini etməməsinə görə bazar normal fəaliyyətinə qayıda bilməyib. Ağsu mərkəzi bazarının fəaliyyətini tam bərpa edə bilməməsi rayondakı iqtisadi aktivliyə, vətəndaşların və icarədarların sosial rifahına mənfi təsir göstərir. Yanğın baş verdikdən sonra istintaq hadisənin qəsdən törədilmədiyi qənaətinə gəlib və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi bazara tikinti üzrə 75 min 541 manat zərər dəydiyini açıqlayıb. Lakin sığorta şirkəti nazirliklə razılaşmır və illərlə prosesi uzadaraq sahibkarı iflas vəziyyətinə gətirir. Bazarın faəliyyətini tam gücü ilə bərpa edə bilməməsi iqtisadi fəaliyyətin zəifləməsinə, bununla da vətəndaşların qazancının, dövlət büdcəsinə ödənilməli olan vergilərin azalmasına səbəb olur”.

Bazarın həmtəsisçisi Varis Nəzərov bildirir ki, ilkin olaraq sığorta şirkətindən onlara deyilib ki, ödəniş bir qədər vaxt aparan prosesdir, səbr eləmək lazımdır: “Amma bizi əmin elədilər ki, ödəniş olacaq. Ekspertiza da icazə verdi ki, bərpa işlərinə başlayaq. Çünki onlar araşdırma üçün nə lazımdısa, artıq eləmişdilər. Biz də borc tapıb, bərpa işlərinə qismən başladıq. Düşündük ki, sığorta ödəniləndə borcu qaytaracağıq. Bundan sonra sığorta şirkəti bizə 75 min əvəzinə 15 min təklif elədi, bizi aldatdılar”.

Bazarda işləyən satıcılar da deyir ki, sığorta ödənişi ediləcəyini düşünüb, borcla bərpa işlərinə başlayıblar: "İnandıq ki, pulumuz ödəniləcək. İşin dayanmasını da istəmirdik, çünki evimizə buradan çörək aparırıq. İşə başlamağımız bunları lap arxayınlaşdırdı”.

Bazar rəhbərliyi və icarədarlar məsələ ilə bağlı Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədova, Mərkəzi Bankın sədri Elmar Rüstəmova, parlamentdə Ağsunu təmsil edən deputat Tahir Kərimliyə müraciət ediblər. Bununla bağlı sənədləri redaksiyamıza təqdim ediblər.

“Qafqazinfo” məsələ ilə bağlı “Azsığorta” şirkəti ilə əlaqə saxlayıb. Şirkətdən bildirilib ki, iş məhkəmədə olduğu üçün şərh edə bilmirlər.


Paylaş:


Müəllif : Tarix:
2-12-2020, 14:47
Sikayət   


loading...
Загрузка...