reklam
Regionxeberlericom.az » Sosial » Akademik-məmurların vəzifəni mədhiyyə deməkdə görmə "xəstəliyi" - İTTİHAM

reklam

Akademik-məmurların vəzifəni mədhiyyə deməkdə görmə "xəstəliyi" - İTTİHAM


.İki il işsiz qalacağımı təsəvvür edə bilmirdim və illər sonra Bakıda Əli Həsənov, Abel Məhərrəmov, İsa Həbibbəyli və onlarla eyni cərgədə dayanan məmur-akademiklərin təkrar maneələri ilə üzləşəcəyimə inanmazdım. Sən demə, yaş ötdükcə onların bu mənfi keyfiyyətləri də yaşa dolub, “müdrikləşib”. Bunların əlindən neçə-neçə kadrlar küsüb ölkədən gediblər, pərən-pərən olublar, hətta süni düşmənə çevriliblər. Bu vəzifə sakinləri narazılar ordusunun yaranmasında niyə bu qədər maraqlı olublar?
Universitet, yaxud Şərqşünaslıq İnstitunda işləyəcəyimi düşündüyüm halda, nəhayət, 2014-cü ilin sonundan AMEA və Dilçilik İnstitutunda fəaliyyətimi davam etdirmək nəsibim oldu. Bu da ilahi qədərin bir hökmüdür!

2017-ci ilin payızında AMEA Rəyasət Heyətinin Humanitar Bölməsindən təcili iki ədəd “Mirzə Kazımbəyin “Türk-tatar dilinin ümumi qrammatikası”nın tərcümə, tədqiq və şərh” kitabını istədilər. Dedilər ki, kitabı PA-dan Ramiz Mehdiyev istəyib. Akademik katib Teymur Kərimli dedi ki, kitab Ramiz Mehdiyevə çatdırıldı. Bu qiymətli dil abidəsini öz hesabıma 100 ədəd güclə nəşr etdirə bilmişdim. Kitab akademiklər və alimlər tərəfindən yüksək tərif edilib Akademiyanın uğuru kimi hesabatlara daxil edilsə də, real addımlar atılmadı. Dəfələrlə xahiş etsəm də, kitabın nəşrini təşkil etmədilər, hətta onu unutdurmağa çalışdılar. Bunun müqabilində, İsa Həbibbəylinin baş redaktorluğu ilə tez bir zamanda kopi-peyst edib bir kitab düzəltdilər. Onlar bu mənasız nəşrə kifayət qədər dövlət vəsaiti xərcləyib gurultulu təqdimat mərasimləri keçirdilər. Vəsaitin dəqiq məbləği indiyədək gizlədilir. Sonda kitabın biabırçı plagiat olduğu üzə çıxdı.
Vatikan kitabxanasında əlyazma şəklində saxlanılan Azərbaycan dilinin orijinal qrammatikasını 400 ildən sonra 2020-ci ildə müfəssəl şərhlərlə italyan dilindən Azərbaycan dilinə tərcümə etdik. Bu, Azərbaycan dilçiliyində hadisə idi.
Azərbaycan dilinin Səfəvilər İmperiyasında üstün mövqeyini, onun Orta Asiya və Yaxın Şərqdə zəruri beynəlxalq ünsiyyət vasitəsi olmasını sübut edən bu əvəzsiz milli-mədəni abidənin canlandırılmasına AMEA Prezidenti Ramiz Mehdiyev başda olmaqla, bütün Rəyasət Heyəti və İnstitut rəhbərliyi susqun yanaşdılar. Onların sükutu milli-mənəvi dəyərlərə “həssaslıqları”nın göstəricisi idi. 400 il bundan əvvəl italyan dilində tarixin arxivində az qala unudulmuş, milli tariximizin sübutu və dövlət atributumuz olan ana dilimizin orijinal qrammatikasına qarşı bu dərəcədə saymamazlıq bağışlanıla bilməz. Bunu edənlər isə təkkəbbür sahibləri akademiklərdir. Amma unutmasınlar ki, bu məsələ ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və vitse-Prezident Mehriban xanım Əliyevaya müraciət edəcəyəm. Qoy akademiklər elə bilməsinlər ki, dünya dərəbəylikdir!
9 dekabr 2020-ci il tarixində AMEA ilə İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında Elmi və Texnoloji Əməkdaşlıq barəsində danışıqlarda da Azərbaycan – İtaliya dostluğuna həsr olunmuş bu möhtəşəm abidə haqqında istər Ramiz Mehdiyev, istərsə də İsa Həbibbəyli bir kəlmə də olsun, məlumat vermədilər, halbuki, özlərinin elmi mahiyyətdən uzaq istənilən əsərlərini, hətta müxtəlif plagiat nüsxələrini maddi vəsaitin gücünə reklam etdirib ictimaiyyəti inandırmağa cəhd edirlər.

"AMEA-nın vitse-Prezidenti İsa Həbibbəylinin görüşünə getdim, o isə balasının və Ramiz Mehdiyevin canına and içib dedi ki, Akademiyada ixtisarlar gedir, ştatlar ləğv olunur, iş yoxdur..."

Qısa arayış: 1995-ci ildə BDU-nun Şərqşünaslıq fakültəsini bitirdim, 5 il Bakı məktəblərində, Bakı İslam Universitetində, liseydə, 1 ilə yaxın BDU-da müəllim işlədim, qısa müddət ərzində Səudiyyə Ərəbistanının Bakıdakı Səfirliyində tərcüməçi-katib işində çalışdım (Orada

işləməyimin və işdən ayrılmağımın maraqlı tarixçəsi var). Sonra BDU-da ehtiyac olduğundan 2001-2002-ci illərdə həm Azərbaycan, həm də rus bölməsində ərəb dilini tədris etdim. Həmin vaxt aylıq ödəniş etməklə yataqxanada qalırdım. 33 yaşım tamam olacaqdı. Peşəmi çox sevsəm də (məhrumiyyətlərə baxmayaraq, müstəqil şəkildə hər yeni xarici dil öyrəndikcə sanki yenidən doğulurdum, aclıq və xəstəlikləri unudur, bir növ xəyal aləmində yaşayırdım), həyat inadla bu sevgimi qəbul etmirdi, maddi məşəqqətlərlə, xəstəliklərlə üstümə gəlirdi.

Bu arada 2002-ci ilin mart ayından Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Naxçıvan MR Nümayəndəliyinin şöbə müdiri təyin olundum. 35 yaşımda ailə qurmağım, 2004 və 2006-cı illərdə övladlarımın dünyaya gəlməsi də məhz həmin illərə təsadüf edir.

10 ildən artıq həmin qurumda çalışdım. Axır vaxtlar tez-tez xəstələnirdim, üstəlik, 7 yaşlı oğlum epilepsiyadan əziyyət çəkirdi. Müalicə prosedurları Bakıda idi. Daha uzun müddət vəzifə yükünü daşıyacağımı da düşünmürdüm. Ona görə də, 2012-ci ildə xahişim əsasında oradakı işimdən ayrılıb Bakıya qayıtdım. Həkim mövcud xəstəliyimin təqaüdə çıxmağa imkan verdiyini (həm də indi aldığım maaşdan xeyli artıq təqaüd veriləcək) desə də, ən azı, elmi fəaliyyət sahəsində özümü yararlı və güclü hiss ediyimdən təklifi qəbul etmədim...

Beləliklə, işsiz qaldığım 2 il müddətində bir sıra şəxslərə və instansiyalara müraciət etməyə başladım.

2013-cü ildə AR PA-nın İctimai-siyasi şöbəsinin müdiri cənab Əli Həsənova ünvanladığım məktubdan:
"...Hazırda işsizəm. Ailəmin maddi vəziyyəti ağırdır. Altı və səkkiz yaşlı iki övlad atasıyam. Xahiş edirəm mənim müvafiq işlə təmin olunmağıma köməklik edəsiniz". Tarix: 15.02.2013".

Bir neçə dəfə Əli Həsənovun qəbuluna yazıldım, qəbul etmədi. Nəhayət, məni müavininin Hüseyn adlı müavini (bəli, müavininin müavini)qəbul etdi, dinlədi və “Əli müəllimə çatdıraram” dedi. Vəssalam.

Həmin vaxt BDU-nun rektoru Abel Məhərrəmova, Təhsil naziri Misir Mərdanova və digərlərinə müraciət etsəm də, nəticəsi olmadı.

Əli Həsənov kimi BDU-nun rektoru Abel Məhərrəmovun da qəbuluna düşmək müşkül idi. Cənabi-ali məktubuma cavab da vermədi, cəhdlərim puça çıxdı.

Ə.Həsənov və A.Məhərrəmovdan analoji münasibətləri 1990-1999-cu illərdə də görmüşdüm. İndi daha da qəddarlaşmış və amansızlaşmışdılar.

Bu arada çox çətinliklə olsa da, tələbə yoldaşlarımdan biri mənə bəzi tərcümə və redaktə işləri verirdi ki, güclə də olsa, ailənin güzəranını təmin edim.

AMEA-nın vitse-Prezidenti İsa Həbibbəylinin görüşünə getdim, o isə balasının və Ramiz Mehdiyevin canına and içib dedi ki, Akademiyada ixtisarlar gedir, ştatlar ləğv olunur, iş yoxdur.

Bu məsul şəxslərin hamısını bir sıra ümumi cəhətlər birləşdirirdi: etinasızlıq, paxıllıq, qəddarlıq, mənəm-mənəmlik, hərislik. Qanun-qayda adlı şey onlara gülünc gələ bilərdi. Heç kimdən və heç nədən ehtiyat etməmələri aydın hiss olunurdu. Sonradan anladım ki, bu akademik-məmurlar vəzifəni pul yığmaq, dəstə yaratmaq, çapıb-talamaq, milyonlarla manat vergidən yayınmaq, xalqın belini qırmaq, dövlət büdcəsini dağıtmaq, mədhiyyələr deyib gizli fəaliyyətlərini gizlətməyə çalışmaq kimi dərk edirlər.

Sizcə, belələrini xalqın, dövlətin qayğıları maraqlandırarmı?! Bəzən əsəbi, gərgin, yorğun və dilxor görünürdülər. Tanımayanlar elə bilərdilər ki, yazıqlar dövlətin, xalqın dərdini çəkirlər və ağıllarına da gəlməzdi ki, onlar dövlətdən daha çox pul, mal-dövlət əldə etməyin dərdini çəkirlər və pis rəqabətin qurbanına çevrilirlər.

Əli Həsənov və İsa Həbibbəyli o qədər paxıl və antihumanist idilər ki, çalıb-çapmaq bacarmayan mütəxəssislərin işsiz-gücsüz qalmalarından zövq alırdılar. Onların, xüsusən İsa Həbibbəylinin şəxsən mənə qarşı qısqanclıq və antipatiyasının həddi-hüdudu yox idi. Əminəm ki, pul və var-dövlət sarıdan bir çox məmurlar İsa Həbibbəyli ilə rəqabətə girə bilməz. Mənim isə aclıq və safalət içində ömrümü sərf edib öyrəndiyim bir neçə xarici dildən, öhdəmdə olan 4 nəfərik ailə üzvü, 29 kv.m yaşayacaq yerimdən başqa, heç nəyim yoxdur. Təsəvvür edin, bu acgözlər bunu da mənə çox görürlər. Yalnız insani hiss və duyğudan kənar varlıqlar bunu edə bilərlər!

Sonradan məlum olur ki, bu adamların mülkləri ölkə sərhədlərini aşıb. Onlar dövlətə və xalqa xidmət əvəzinə, vəzifə səlahiyyətlərindən sui-istifadə edib milyoner və milyarderə çevriliblər.

Bu akademik-məmurların malik olduqları milyardlarda, əlbəttə, mənim də, ömrünü halal əməyə sərf edib haqqı oğurlanan anamın da, atamın da – ağır zəhmətlərə qatlaşıb haqlarını ala bilməyən bütün Azərbaycan xalqının da haqqı var və o haqq sizə və övladlarınıza halal ola bilməz! Qənim olsun, inşallah!

PS. Bir gün planlaşdırılmamış şəkildə Dilçilik İnstitutunun yeni direktoru təyin olunmuş akademik Tofiq Hacıyevlə (Allah əbədiyyət yolunu nurlu etsin!) görüşdüm. Onunla yarım saatlıq söhbətin gedişində elmi məqalələrim və kitablarımla tanış olduğunu dedi. O danışdıqca, sanki rəssam, gözlərim önündə əsl ziyalı portretini cızırdı. Söhbətləşdikcə Tofiq müəllimin mənə rəğbətini hiss edirdim. Yanılmamışdım. Söhbət əsnasında məndən soruşdu: “Bizim institutda da yarım ştat işləmək istəyərsənmi?”. Türkoloq-alim işsiz olduğumu təsəvvür etmirmiş. Dərhal kadrlar şöbəsinin müdirini çağırdı, vakant olan tam ştat baş elmi işçi vəzifəsinə qəbul olunmağım haqqında əmr hazırlamasını ona tapşırdı. Bu tarix 04 noyabr 2014-cü ilə təsadüf edir. Ertəsi gün Azərbaycan dilçiliyində uzun illərdən bəri görülməmiş işlərin planını tutduq və beləliklə, intensiv elmi fəaliyyətə başladım. Qarşıda böyük töhfələrimiz olacaqdı...
Həmin müddətdə hörmətəlayiq akademik Tofiq Hacıyev əlavə beş nəfər kasıb və gənc kadrı işə qəbul etdi. Halbuki 2 həftə bundan əvvəl İsa Həbibbəyli and içib demişdi ki, Akademiyada ixtisarlar gedir və bir dənə də olsun, boş yer yoxdur... Əlbəttə, iş var, amma laqeydlik, kin, qısqanclıq və şəxsi maraq daha çox var. Təəssüf ki, vəzifənin mahiyyətini anlamadınız...
İdris Abbasov,
Professor //tezadlar.az//


Paylaş:


Müəllif : Tarix:
24-12-2020, 09:45
Sikayət   


loading...
Загрузка...