reklam
Regionxeberlericom.az » Sosial » Güzəştlərlə Qarabağda yaşamaq: Veteranlar hazırdır - Dövlət nə edəcək?

reklam

Güzəştlərlə Qarabağda yaşamaq: Veteranlar hazırdır - Dövlət nə edəcək?


İmperator Oktavian Avqust veteran əsgərlərə torpaq sahələri pay verən ilk Roma hökmdarı idi. Bundan əvvəl Romadakı əsgərlər yalnız pul və qədim dünyanın ən bahalı məhsulu sayılan duzla mükafatlandırılırdı (“soldat” sözü “sol” sözündən gəlib).

Bu yaxınlarda Milli Məclisin deputatı Zahid Oruc öz “Facebook” səhifəsində şəhid ailələri üzvlərinə və Qarabağ müharibəsi qazilərinə azad edilmiş ərazilərdə torpaq sahələri və evlər verilməsini təklif etdi.

Bu arada qeyd edək ki, hələ 2010-cu ildə Azərbaycan hökuməti Qarabağda məcburi köçkünlərin yerləşdirilməsi ilə bağlı “Böyük qayıdış” proqramı hazırlamışdı. Bu proqramın hazırlanmasında ölkəmizdəki səfirliklərin, beynəlxalq təşkilatların və dövlət qurumlarının nümayəndələri iştirak edirdilər. Proqramın dəyəri, təxminən 60 milyard dollar olaraq qiymətləndirilir.

İqtisadiyyat naziri Mikayıl Cabbarov 24 dekabr 2020-ci il tarixində Azərbaycanın azad edilmiş ərazilərinin bərpası üçün, 2021-ci ilin dövlət büdcəsindən 2,2 milyard manat (hazırkı məzənnə ilə 1,3 milyard dollar) ayrılmasının planlaşdırıldığını, bununla yanaşı, dövlətin bu prosesə xarici və özəl investisiya cəlb edəcəyini söylədi.

Yeri gəlmişkən, dövlətin Qarabağ münaqişəsi başlayandan bəri 136 min məcburi köçkün ailəsini mənzillə təmin etdiyini xatırlayaq. Məcburi köçkünlər Qarabağa qayıtdıqdan sonra bu evlər dövlətə qaytarılmalıdır. Bunları şəhid ailəsinin üzvlərinə və qazilərinə vermək daha asan həll olmazdımı? AYNA suala cavab axtarıb.

İlk olaraq Zahid Orucun özünə müraciət etdik. “Düşünürəm ki, Milli Məclisin üzvü kimi bu mövzuda subyektiv fikrimi ifadə edə bilmərəm”, - deyə o bildirdi.

Deputatın sözlərinə görə, qazilər və şəhid ailələrinin üzvləri Qarabağda torpaq və ev sahibi olmaq hüququnu tamamilə qazanıblar: “Düşünürəm ki, şəhid ailələri üzvlərinə və qazilərə torpaq sahələrinin verilməsi “Böyük qayıdış” proqramında öz əksini tapmalıdır”.

Qazilər, Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələrinin Hüquqlarını Müdafiə İctimai Birliyinin rəhbəri Tahir Məmmədov da Z.Orucun təklifini dəstəklədi: “Mən özüm Zəngilan bölgəsindənəm. Qeyd etmək istərdim ki, bölgəmizdə və bütün Qarabağda boş torpaqlar çoxdur. Yəni əsgərlərə torpaq ayrılması ilə bağlı heç bir problem olmayacaq”.

İctimai birlik rəhbərinin dediyinə görə, Azərbaycanda daimi yaşamaq üçün Qarabağa köçməyə hazır olan kifayət qədər qazi var: “Ancaq dövlət bu addımı stimullaşdırmalıdır. Hesab edirəm ki, məsələn, qazilər və şəhid ailələrinin üzvləri vergi ödəməkdən azad olmalıdırlar”.

“Vətən müharibəsi əlillərinə qayğı” İctimai birliyinin rəhbəri Firidun Məmmədov da Qarabağda şəhid ailələri üzvlərinə və qazilərinə torpaq və ev verilməsini dəstəkləyir: “Ancaq qazilərə və şəhid ailələrinin üzvlərinə veriləcək torpaq sahələrində ferma təşkil etmək üçün kredit də verilməlidir. Axı, oraya köçən insanlar nə iləsə yaşamalıdırlar”.

Milli Məclisin digər üzvü Rasim Musabəyov hesab edir ki, Qarabağda torpaq sahələri o əraziyə həqiqətən köçməyə, yaşamağa hazır olan qazilərə və şəhid ailələrinin üzvlərinə verilməlidir: “O ki qaldı güzəştlərə, fikrimcə, onlar Qarabağa köçməyə hazır olan hər kəsə şamil edilməlidir”.


Paylaş:


Müəllif : Tarix:
28-12-2020, 09:10
Sikayət   


loading...
Загрузка...