reklam
Regionxeberlericom.az » Sosial » Şəhid anası kimlərdən narazılıq edir... - "Sonradan öyrəndim ki..."

reklam

Şəhid anası kimlərdən narazılıq edir... - "Sonradan öyrəndim ki..."

İmişlidə yaşayan 80 yaşlı Şəkər Həmidovanın oğlu Birinci Qarabağ Müharibəsində həlak olub. Deyir, elə 1993-cü ildən də şəhid ailəsi kimi ev növbəsinə durub. İl olub 2021, hələ də ona düşən ev payını ala bilməyib: “Oğlum Əli Hümbətov 1992-ci ildə şəhid olub. Könüllü getmişdi. Öləndə 19 yaşı var idi. Həyatını yaşamadı, arzuları yarımçıq qaldı. Bir ana üçün bu nə deməkdir, yəqin təsəvvür edərsiz. Əvvəllər utandığımdan heç nə istəmirdim. Ev növbəsinə belə güclə yazdırmışdılar. Amma zamanla ailəm böyüdü, ehtiyaclar artdı. 2 otaqlı evdə 7 nəfər yaşayırıq, yaşlı adamam, mənə çox çətindir, dözə bilmirəm. Bir neçə il olar ki, növbəsinə yazıldığım evlə maraqlanmağa başlamışam”.

DİA.AZ-ın məlumatına görə, Şəkər Həmidova deyir ki, 1993-cü ildən bu yana İmişlidə şəhid ailələrinə 2 dəfə ev paylanıb. Bu ailələr üçün Araz çayının yaxınlığında çox gözəl, şəraitli binalar tikilib. Ancaq siyahıda adı 2-ci olduğu halda ona ev düşməyib: “Sonradan öyrəndim ki, növbənin gəlib çatması üçün hörmət etməlisən. Mənim də o imkanım olmayıb heç vaxt. Amma bu son ildə şəhid ailələrinə qanpulu ödəndi, 11 min manat. Onu da götürüb getdim icra hakimiyyətinə. Dedim, indi mənim də pulum var, götürün, mənə düşən evi verin. Bilmirəm, nə bəladır, götürmədilər. Sonradan öyrəndim ki, hazırda fondda ev yoxdur. Gərək yenidən tikilə. Mənim burda nə qədər ömrüm qalıb? Bir az rahat yaşamaq istəyirəm. Yəni dövlətin şəhid anasına bir ev almağa pulu yoxdur?”

Şəkər Həmidova fikirdən, ağrıdan yaddaşının zamanla zəiflədiyini deyir. Ancaq ana oğlunun gedişini bugünkü kimi xatırlayır: “Deyirdi: “Ana, vətəni özüm qoruyacam. Adam vətəni ağır vəziyyətdə qoyub, evdə oturarmı?: Bu gün kimi yadımdadır. Sahədə işləyirdim, pambıq yığırdım. Gəldi ki, gedirəm cəbhəyə. Dedim, bala, gəl səni öpüm, qucaqlayım. Dedi: “Yox, görüşmək, sağollaşmaq ayrılıq gətirər. Ana, şirin xatirələrdən xəbər al məni”. Dedi və getdi. Bir də balamın üzünü görmədim”.

Ana deyir ki, oğlu cəbhəyə gedəndə əsgərliyini çoxdan başa vurubmuş. Cəbhəyə könüllü gedib: “O gün getmişdim, gördüm ki, qəbri partlayıb, tökülüb, heç onu da bərpa etmirlər”.
“Şuşa və Laçında 7 ay vuruşub. Ancaq Füzulidə həlak olub. İmişlinin 3-cü şəhidlər xiyabanında dəfn edilib. O gün getmişdim. Gördüm ki, qəbri partlayıb, tökülüb. Heç onu da bərpa etmirlər. Yağan yağış üstünə tökülür balamın”.

Şəkər Həmidova deyir ki, evlə bağlı problemi haqqında yazmadığı qurum qalmayıb. Məktublar göndərib, aldığı cavablarda isə problem yerli icra hakimiyyətinə yönləndirilib, ancaq onlar da bir addım atmayıblar: “Birinci ev paylayanda mənə dedilər ki, gələn dəfəyə qaldın. Sonrakı hər gələn dəfələrdə də mənim növbəm gəlib çıxmadı. Şikayətlər etmişəm, ancaq baxan yoxdur. Bir göz ev istəyirəm, çox yox. Buna görə Prezident Administrasiyasına, Birinci vitse-prezident Mehriban Əliyevaya, Müdafiə Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yazmışam. Nə bir normal cavab verən var, nə də kömək edən. Elə gələn bir cavab var: “Məktubunuzu aldıq, araşdırırıq”. Budur 30 ildir araşdırıb qurtara bilmədilər”.

Ananın Əlidən sonra daha 2 övladı var. Onlardan biri Əfqanıstan müharibəsi iştirakçısıdır. Həmin müharibədə əlillik qazanıb. Həm də dializ xəstəsidir: “Ona da heç bir güzəşt edilməyib. Hamımız bir balaca evin içində yaşayırıq. Digər oğlum isə Rusiyada yaşayır. Ev dərdindən vətənə gəlmir. Mən də məcbur qalmışam, küçədə, binanın önündə bir əl damı tikdirmişəm. Gündüzləri başımı götürüb gəlirəm bura. Rütubətlidir, amma beynimi dincəldirəm. Mənə deyirlər ki, sənin evin var. Bu evdir? Yaxşı o ev verilən şəhid ailələri küçədə yaşayırdı? Onların da evi vardı də, amma daha şəraitli, yaxşı ev verdilər”.

Şəkər Həmidova müharibələrdən, onların gətirdiyi fəlakətlərdən çox bezib. Atası II Dünya Müharibəsinin iştirakçısı olub. Müharibədə yaralanıb. Onun aldığı xəsarətin altını illərlə bütün ailəsi çəkib: “Baldırının əti yox idi. Güclə yeriyirdi. Daim köməyə ehtiyacı olurdu. Kəndə qayıdandan xeyli sonra ona medal gəldi. Məktub göndərdilər ki, get götür. Atam getmədi. Cavabı da bu oldu ki, o odu-alovu görmüşəm, mənə bəsdir, orden-medal nəyimə gərəkdir. Bu ağrı-acını unutduracaqsa, gedim götürüm. Əlilliyimə çarə olacaqsa, indi, bu dəqiqə gedib götürüm. O medal mənə lazım deyil. Kimə lazımdır o getsin götürsün. Bax belə, biz müharibələrdən, şəhidlikdən, əlillikdən istifadə etmədikcə, bizim haqqımızı yeyirlər”.

Şəkər Həmidova həyat yoldaşını oğlundan bir az sonra itirib. Deyir, başını oğlunun tabutuna vurmaqdan xəstə düşdü: “Sonra da fikirdən zaman-zaman əridi, getdi. Necə dərd çəkməyəsən?Övladlarımın içinin ən yaxşısı idi o. Quru yurda getsə, çörəklə qayıdardı. Digərləri çörək qazanan deyil, savadsızdırlar və bu gün mənim hesabıma dolanırlar. Nəvəmi boğazımdan kəsib müəllim yanına göndərirəm ki, təhsili olsun”.

Şəkər Həmodova deyir ki, işdir, şikayətini eşidib ona ev bağışlasalar, orada nəvəsi ilə yaşamaq istəyər: “Başımızı götürüb gedərik o evə. Ömrümün sonunu rahat, sakitçiliklə keçirərəm. Problemlərdən, səs-küydən uzaqda, rahat”.


Paylaş:


Müəllif : Tarix:
13-01-2021, 11:16
Sikayət   


loading...
Загрузка...