reklam
Regionxeberlericom.az » Sosial » "İnsan nə qədər dövlət məmurlarının qapısını döyər" - GİLEY

reklam

"İnsan nə qədər dövlət məmurlarının qapısını döyər" - GİLEY



“Əlillik dərəcəsinə görə kommissiyadan keçmək üçün dəfələrlə Ağcabədi rayon Mərkəzi xəstəxanasına getsək də pandemiyaya görə sənəd qəbulunun olmadığını bildirirlər”.
Bu barədə Birinci Qarabağ Müharibəsinin qazisi Elşən Allahverdiyevin həyat yoldaşı Aidə Allahverdiyeva Yeniavaz.com-a müraciəti zamanı bildirib. Onun sözlərinə görə, Elşən Allahverdiyev 1992-ci ildə Birinci Qarabağ müharibəsində BMP sürücüsü olub:
“O, Ağdam uğrunda gedən döyüşlərdə idarə etdiyi maşınla birlikdə minaya düşüb. Avtomobildə onunla birlikdə döyüş yoldaşları da olub. Həmin vaxt Elşəni pis vəziyyətdə çıxardıb, xəstəxanaya çatdırmışdılar. Bundan sonra II qrup əlillik dərəcəsi verildi. 2008-ci ildə cənab prezident bizi evlə təmin etdi, 2009-cu ildə isə medalla təltif etdi. Bizim bununla bağlı heç bir problemimiz yoxdur. Yoldaşım artıq 5 ildən çoxdur ki, xəstədir. Qəzadan sonra insult keçirdib, bədənin bir tərəfi də işləmir. Eyni zamanda danışığında da problem var və sözü çatdırıb deyə bilmir. Sözünü çatdıra bilməyəndə bəzən əsəbləri pozulur, tanınmaz hala düşür. Bizim tək istəyimiz yoldaşıma I qrup əlillik dərəcəsinin verilməsidir. Yeriməsində problem olduğu üçün xəstəxanaya aparanda çətinlik çəkirik, hər dəfə taksi ilə aparırıq. Bunada imkanımız çox zaman çatmır. Bir dərmanının qiyməti 70 manatdır. İki məktəbli övladımız var. Özüm də onu tək qoyub, gedib iş axtara bilmirəm. Dəfələrlə Ağcabədi rayon Mərkəzi xəstəxanasına getsək də pandemiyaya görə sənəd qəbulunun olmadığını bildirirlər. Ağcabədi rayon İcra hakimiyyətinə də müraciət etmişdik ki, yoldaşımın məsələsi ilə maraqlansınlar. Onlar bir gün sonra dedilər ki, xəstəxanaya gedib, həkim müayinəsindən keçərsiniz. Biz də getdik, həkimləri tapmadıq. Yenidən İH-nə zəng edəndə telefonlarımıza cavab verən olmadı. İnsan nə qədər dövlət məmurlarının qapısını döyər ki, mənə müalicə üçün kömək edin”.
Məsələ ilə bağlı Ağcabədi rayon Mərkəzi xəstəxanasının baş həkimi Azad Hüseynovla əlaqə saxladıq. O, Yeniavaz.com-a açıqlamasında bildirdi ki, xəstəxana pandemiyaya görə bağlı deyil:
“Ayda iki dəfə kommissiya təşkil olunur, hətta ayın 16-da biz kommissiya təşkil etdik. Onlar da növbəlilik prinsipi əsasında sistemə qeyd edilir. Təkrar işlərə baxılması üçün növbəti tarix yanvarın 30-da olacaq. Kommissiya üzvlərindən biri də TƏBİB-in nümayəndəsi olur. Sözügedən şəxs yaxınlaşsın mənə qanuni cəhətdən hər bir şeyi izah edib, nə lazımdırsa köməklik edərəm. Qeyd edim ki, mən bu xəstəxanaya bir aydır təyin olunmuşam və bu müddət ərzində belə bir şəxs müraciət etməyib”.


Paylaş:


Müəllif : Tarix:
19-01-2021, 17:20
Sikayət   


loading...
Загрузка...