reklam
Regionxeberlericom.az » Sosial » Operativ Qərargah: “Yenə də iki” və “Təkrar imtahan” - AXI NİYƏ?!

reklam

Operativ Qərargah: “Yenə də iki” və “Təkrar imtahan” - AXI NİYƏ?!


Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastırına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək imtahan verməlisən.

Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”

Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.

AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və ya digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.

Fyodor Pavloviç Reşetnikovun “Yenə də iki” tablosu Sovet rəssamlığının ən məşhur və sevilən əsərlərindən biridir. Bu şəklə baxan hər adam demək olar ki, özünü, bənzər bir vəziyyətdə olduğunu xatırlaya bilər: istəsən də, istəməsən də, evə getməli və pis bir qiymət aldığını etiraf etməlisən.

Bu şəkildə ən vacib şey insanların simalarıdır, hansılara ki, baxanda pozulmuş əhval-ruhiyyəni anlaya bilərik. Şəkildə bir ailəni görürük: ana və üç uşaq. Rəssam şəkil qəhrəmanlarının hər birini vəziyyətə kəskin reaksiya göstərdiyi anda təsvir edib. Və bu reaksiya hamının üzündə açıqca əks olunur.

Əsərin adı qəhrəmanın belə bir vəziyyətə tez-tez düşdüyünü göstərir. Heç kim təəccüblənmir, amma hamı əsəbidir. Oğlanın üzündən bu anda peşmançılıq oxunur: “Kaş hər şeyə yenidən başlaya bilsəydim, bütün günü konki sürməzdim, əvvəlcə dərslərimi öyrənərdim!”.

Hamı oğlana məzəmmətlə baxır və yalnız bir köpək - sadiq bir dost sahibinin gündəliyində nə olması ilə maraqlanmır, məmnuniyyətlə onun burnunu yalamağa çalışır...

Reşetnikovun bu əsəri barədə məktəbdə oxuyarkən yazdığımız inşa bu səhər qəfildən yadıma düşdü - “Belə gedişlə, bu uşaqlar necə oxuyacaqlar? İki alacaqlar!”, – deyərək uşağının qolundan tutan bir ata onu avtobusdakı basa-basa yerləşdirmək istəyən zaman. Öz-özümə fikirləşdim ki, yəqin, məktəblərin açılması, amma metronun bağlı saxlaması barədə qərar verən Operativ Qərərgahın üzvləri bu şəkli məktəb vaxtı ya görməyiblər, bu barədə inşa yazmayıblar, ya da ümumiyyətlə məktəbə getməyiblər.

A kişilər! Hər bir addımın məntiqi olmalıdır və Operativ Qərargah üzvlərinin bəzilərinin institut vaxtı məntiq dərsinə girməmələri barədə olan ehtimallarımı bir dəfə yazmışdım. Amma, daha onların Sovet dövründə məktəbdə necə oxumaları və Reşetnikovun bu əsəri ilə necə tanış olmamalarını heç cür anlaya bilmirəm.

Axı, qəbul etdiyiniz qərarın məktəbdə və institutda keçdiyiniz bütün fənnlərə zidd olmasını niyə anlamırsınız? Özünüz deyirsiz ki, əhalinin sıx olduğu yerdə koronavirusa yoluxmaq ehtimalı çoxdur, ona görə də metronu açmırıq. Xub! Bəs, bu açdığınız məktəblərə və gələn həftə açılacaq bağçalara valideynlər uşaqlarını necə aparsınlar?

Əsasən aşağı siniflər məktəbə gündəlik gedir. Onlar dərsə tək gedə bilməzlər. Hörmətli Qərargah üzvləri, sizə nə qədər qəribə gəlsə də, məlumat verim ki, Azərbaycanda heç də hamının sürücüsü demirəm, heç atasının maşını yoxdur. Bilirəm, bu, sizin üçün nonsensdir. Amma bu, belədir. Bu şəraitdə imkanı olan uşağını taksi ilə, olmayan isə avtobusla aparacaq. Maşınla və avtobusla gedənlərin ucbatından, yollar bu gün səhərdən bu qərarı verənlərin qohum-əqrəbalarını “yaxşı sözlərlə” xatırlayan insanlarla dolu idi.

Tıxac öz yerində, amma kim bu Qərargah üzvlərinə deyib ki, koronavirus yalnız metroda gedənləri tutur, amma avtobusla gedənə “endirim” edir? Axı, Operativ Qərargahın üzvləri arasında dünya təbabət aləmində fontan edən, analoqu olmayan, atdığı addımlara görə heç bir məsuliyyət daşımadığına görə dünya tibb işçilərinin haqlı paxıllığına səbəb olan TƏBİB-in də nümayəndələri var. Bəs, onlar da anlamırlar ki, virus OQ-nin təlimatı ilə fəliyyət göstərmir? Əgər anlamırsa, bu, bir ayıb, əgər anlayaraq, o birilərə başa salmırsa, bu da iki ayıb.

Onsuz da bu koronavirus yerində farağat duran deyil. Yeni növ ştammları əmələ gəlir. “Britaniya ştammı” kimi bir növü yaransa və o, uşaqları da tutsa, maraqlıdır, Qərargah üzvləri cəmiyyət qarşısında “yenə də iki” almaqdan heçmi çəkinməyəcəklər?

Qeyd edim ki, Reşetnikovun yuxarıda sözügedən əsəri üç hissədən ibarətdir: birinci hissəsi “Tətilə gəldi” (1948), ikinci hissəsi “Yenə də iki” (1952), üçüncü hissəsi isə “Təkrar imtahan” (1954) adlanır.

“Təkrar imtahan” adlı rəsmdə kənd məktəbindəki bir məktəblinin üstündə açıq kitab və dəftər olan masa arxasında oturduğu göstərilir. Topla oynayan digər uşaqlar pəncərədən görünür: onlardan ikisi masa arxasında oturanı oyuna qoşulmağa çağırır. Göründüyü kimi, şəklin süjeti yay tətilində baş verir, lakin təsvirin qəhrəmanı oynamaq istəsə də, gedə bilmir, çünki təkrar imtahana hazırlaşmaq məcburiyyətindədir...

Prezidentin kadr islahatlarını sürətləndirdiyi, yarıtmaz kadrları, yaxşı halda istefaya göndərdiyi bir dövrdə, indi siz də, hörmətli Operativ Qərargahda oturan müxtəlif dövlət qurumlarının nümayəndələri, “Yenə də iki” alaraq, “Təkrar imtahan”a hazırlaşmaq istəyirsiniz? Axı, niyə bu yolu seçirsiniz? Yəni “təkrar imtahan”dan keçəcəyinizə bu qədər əminsiniz? Olmaz ki, vaxtında dərslərinizi yaxşı oxuyub, yay tətilində də hamı kimi çöldə top qovasınız? Olmaya, qarşıdan gələn yayımızı da ötən yayımızın gününə qoymaq fikrindəsiniz? Ya da nəsə bilirsiz, amma cəmiyyətə demirsiz?

P.S. Skolkovo Elm və Texnologiya İnstitutunun professoru, Rutgers Universitetinin professoru (New Jersey, ABŞ), Rusiya Elmlər Akademiyasının Molekulyar Genetika İnstitutu və Gen Biologiyası İnstitutunun laboratoriya müdiri Konstantin Severinovun haqqın.az saytı ilə söhbətindən: “...Əslində, koronavirusun çox sayda variantı var – ingilis, Cənubi Afrika, Braziliya və hamısı bir çox mutasiyaya sahibdir. Bənzər bir variant Sankt-Peterburqdakı bir xəstədə təsbit edildi, buna görə “rus virusu” haqqında danışa bilərik. Bunların hamısı, bir il öncə, bir az əvvəl genomu təyin olunan “Vuhan virusu”ndan orijinal, istinad variantından çox mövqedə fərqlənir. Şübhəsiz ki, koronavirusun bir Azərbaycan variantı da var...” //AYNA.AZ//


Paylaş:


Müəllif : Tarix:
9-02-2021, 11:27
Sikayət   


loading...
Загрузка...