reklam
Regionxeberlericom.az » Sosial » Sərdar Cəlaloğlu AMEA rəhbərinin son qərarını dəstəklədi - “İndi o, Ramiz Mehdiyevdir deyə...”

reklam

Sərdar Cəlaloğlu AMEA rəhbərinin son qərarını dəstəklədi - “İndi o, Ramiz Mehdiyevdir deyə...”


Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun tərkibində Siyasi partiyalar və ictimai təşkilatların tarixi şöbəsi yaradılır. Bu addım Azərbaycanda siyasi partiya və təşkilatların artan rolu nəzərə alınaraq onların tarixinin tədqiqi və dövlətin müvafiq orqanlarına tövsiyələrin verilməsi məqsədi daşıyır.

Məsələyə münasibət bildirən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu “Yeni Sabah”a açıqlamasında bildirib ki, Azərbaycanın siyasi tarixinin öyrənilməsi vacibdir:

“Bu, müsbət bir hadisədir. Azərbaycanda ilk partiyalar 100 il bundan əvvəl yaranıb. Xalqın böyük əksəriyyəti heç əsrin əvvəlindəki mövcud partiyalar, onların ideologiyaları, təşkilatlanması və gördüyü işlər barədə heç bir məlumata malik deyil. Həmçinin bugünkü partiyaların necə yaranıb inkişaf etdiyi, dövlət və millət yolunda hansı addımları atdığı barədə də məlumatsızdırlar.

Ona görə də yaxın tarixin öyrənilməsi baxımından siyasi partiyaların tarixinin öyrənilməsi vacibdir. Əgər Milli Elmlər Akademiyasının Tarix İnstitutunda belə bir qrup yaradılıbsa, mən bunu alqışlayıram və çox ciddi bir addım hesab edirəm”.

Həmsöhbətimiz bildirib ki, elmi tədqiqatların məqsədi elə tövsiyyə verməkdir:

“Azərbaycanda siyasi partiyalaşmayla bağlı vəziyyət öyrəniləcəksə, onun inkişafı haqqında müəyyən fikirlər meydana çıxırsa və burada hansısa nöqsan varsa, hamısını tövsiyyə şəklində bildirmək çox mütərəqqi və vacib addımdır. Zatən biz özümüz də öz tərəfimizdən zaman-zaman çoxpartiyalı sistemin inkişafı ilə bağlı hökumətə münasibətimiz bildiririk. Yəni mən bunu çox yüksək qiymətləndirirəm, çox sevindim.

Əgər doğrudan da, belə bir şöbə yaradılıbsa, öz tərəfimizdən bu şöbəylə hər cür əməkdaşlıq etməyə də hazır olduğumuzu qabaqcadan bildirmək istəyirəm. Məsələn, bir dəfə Türkiyə universitetlərindən birinin aspirantı gəlmişdi. Bizim partiya ilə maraqlanırdı. Mənə, “Bizə Türkiyədə deyiblər ki, Azərbaycanda olan siyasi partiyalarla bağlı tədqiqat aparın”,-dedi. Çoxlu suallar ünvanladı və bu mənə çox xoş təsir bağışladı. Yəni Türkiyə bizdə partiyalaşmanı, onun xüsusiyyətlərini öyrənir. Azərbaycanda isə bu sahədə iqtidar-müxalifət münasibətlərinin gərginliyi baxımından demək olar ki, tədqiqat olmur. Çoxpartiyalı siyasi sistemin inkişafı ilə bağlı bu günədək hər hansı müzakirə keçirilməyib. Ona görə də mən atılan bu addımın yüksək qiymətləndirilməli olduğunu düşünürəm”.

Siyasətçi vurğulayıb ki, bu şöbənin partiyalar üzərində heç bir təsiri ola bilməz:

“Tarix İnstitutu tədqiqat aparacaq. Onun mənim üzərimdə necə bir təsiri ola bilər?! O sadəcə mənim vaxtilə necə iş görməyimi araşdıracaq. Bunun mənim üçün nə kimi pis təsiri ola bilər ki? Biz əgər müsbət mənada, xeyirxah məqsədlə atılan addımı da qaralayacağıqsa, o zaman Azərbaycanda bizim haqlı iradlarımızın da bir əhəmiyyəti olmayacaq. İndi o, Ramiz Mehdiyevdir deyə, millətin, dövlətin xeyrinə atılan addımı da pisləməliyik? Onda bizim obyektiv tənqidimizə düzgün qiymət verən tapılmaz axı! Hətta bu təkcə Tarix İnstitutunda öyrənilməməlidir, politoloq və sosioloqlar da bunu öyənməlidir. Azərbaycanın partiyalaşma tarixini, demək olar ki, bu günədək bir az Cəmil Həsənli, bir az da Nəsiman Yaqublu bu və ya başqa şəkildə tədqiq edib. Amma fundamental elmi işlər yoxdur. Xüsusilə də, çağdaş siyasi partiyalaşmanın problemlərinin elmi şəkildə öyrənilməsi ilə bağlı heç bir tədqiqat işi aparılmır. Ona görə də düşünürəm ki, bu işlərin aparılması çox vacibdir. Elmi işlərin aparılması siyasi partiyaların təsir altına salınması kimi qiymətləndirilməməlidir”.


Paylaş:


Müəllif : Tarix:
18-02-2021, 12:29
Sikayət   


loading...
Загрузка...