reklam
Regionxeberlericom.az » Sosial » Vahid vəsiqə “reket jurnalist”lərin bazarını bağlayacaq? - Professor ümidli deyil

reklam

Vahid vəsiqə “reket jurnalist”lərin bazarını bağlayacaq? - Professor ümidli deyil


Jurnalistlərə vahid vəsiqə verilə bilər. Bu təkliflə Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov çıxış edib.

O bildirib ki, “Media haqqında” yeni qanun layihəsinin hazırlanması prosesində bu məsələ müzakirə edilə bilər.

Ə.İsmayılovun sözlərinə görə, bu gün media nümayəndəsi olduğunu iddia edən hər bir şəxsin cibində jurnalist vəsiqəsi var. Jurnalistlərimiz və media subyektlərimiz bundan böyük bir narahatlıq keçirirlər.

Jurnalist işləmədən cibində hər hansı vəsiqə gəzdirənlər, cəmiyyətimizin içərisində fəaliyyət göstərən insanlar da var. İndiki halda onların jurnalist olub-olmamasını müəyyən etmək mümkün deyil.

Bir sıra media mütəxəssisləri də hesab edir ki, bu, çox effektiv və müsbət tərəfləri olan təcrübədir. Hətta bir çox qərb ölkələrində bu metodikadan geniş istifadə edilir.

Bəs bu addımın müsbət tərəfləri ilə yanaşı, mənfi tərəfləri də varmı?

Bu barədə Cebhe.info-ya açıqlamasında media eksperti, professor Qulu Məhərrəmli bildirib ki, bu qərar söz azadlığına müəyyən məhdudiyyətlər gətirə bilər:

“Bu, hələlik bir ehtimaldır. Əgər niyyət yaxşıdırsa, “reket jurnalistikası”nın və mediadan sui-istifadə edənlərin qarşısını almaqdırsa, əlbəttə, bunun haqqında düşünmək olar. Ancaq bu qərarın, yəni hamıya vahid kartın verilməsinin mənfi nəticələrini də nəzərə almaq lazımdır. Məsələn, bir icra qurumunun müstəqil media agentliyinə kart verməsi onun fəaliyyətini lisenziyalaşdırmaq kimi də başa düşülə bilər. Bu da media nizamnaməsində qeyd olunan mətbuat və fikir azadlığının məhdudlaşdırmasına gətirib çıxarır. Ona görə də bu qərarı bir az düşünmək lazımdır. Eyni zamanda, bizdə xeyli sayda müstəqil araşdırmaçı jurnalistlər də var. Onlar bu vəsiqədən ala biləcəkmi, bu da müzakirə olunmalı digər bir məqamdır”.

Ekspert onu da qeyd edib ki, bu yolla da “reket jurnalistikası”nın qarşısını almaq mümkün deyil:

“Reketlik təkcə jurnalistika hadisəsi deyil, eyni zamanda cəmiyyət hadisəsidir. Hüquq-mühafizə orqanlarında da, səhiyyədə də, bir çox qurumlarda da reketliklə məşğul olan insanlar var. Bu, birbaşa cinayət əməlidir. Çünki kimisə təhdid edirsən, qorxudursan, ondan pul alırsan. Sadəcə, bu, mediada daha çox görünür, amma digər sahələrdə də mövcuddur. Bununla da birbaşa hüquq-mühafizə orqanları məşğul olmalıdır”.


Paylaş:


Müəllif : Tarix:
24-02-2021, 16:30
Sikayət   


loading...
Загрузка...