reklam
Regionxeberlericom.az » Sosial » "Məndə torpağın sənədləri var, sübutum var..." - GİLEY

reklam

"Məndə torpağın sənədləri var, sübutum var..." - GİLEY

Göyçay rayonunun Cəyirli kəndinin sakini Rahim Feyzullayevin şikayəti var. Onun şikayəti Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Kadastr və Ünvan Reyestri Xidmətinin Ağsu Layihə-Tədqiqat İdarəsinin Ucar şöbəsinin müdiri Yaqub İsgəndərovdandır. Deyir, onlar vəzifə səlahiyyətlərindən sui-istifadə ediblər. Məhkəməyə doğru olmayan rəy veriblər.

“Dövlət mənə əkin-biçin üçün torpaq verib. Həmin torpağın bir hissəsinə başqasının tikdiyi və bu gün də istifadə etdiyi talvar düşür. Məhsul gün vurmasın deyə altına yığırlar, bax, elə çardaq kimi bir şeydir. Ətrafını da əkin sahəsi kimi istifadə edir yəqin. O talvarın da böyük hissəsi mənim həyətimə düşür. Məndə torpağın sənədləri var, sübutum var. İşi məhkəməyə də vermişəm. Məhkəmənin göndərdiyi sorğuya isə Kadastr və Ünvan Reyestri Xidməti həqiqətə uyğun olmayan cavab verib. Bildiriblər ki, tikilən talvar mənim ərazimə düşmür”.

Rahim Feyzullayev deyir ki, görünür, yanlış rəy verməkdə maraqları olub. Ancaq o, bu işin axırına qədər gedəcək və haqqını sonacan tələb edəcək:

“Torpağım 0,68 ha ərazidir. Mən yenə də yoxlamaq üçün 16 saylı Ərazi Reyestr Xidmətinə müraciət etdim. Ölçü aparılan zaman müəyyən olundu ki, ərazidə inşa edilən 20 metrlik talvarın 7 metri bizə məxsus 0,68 ha torpaq sahəsinin üzərinə düşüb. İndi bunu sübut edə bilmirəm”.

Şikayətçi deyir ki, böyük ailəsi var və onlara normal gələcək vermək üçün çalışır. Həmin torpaq sahəsini istifadə etmək istəyir, ancaq illərdir mümkün deyil. O, bu işdə həm maddi, həm də mənəvi ziyanının olduğunu deyir:

“Yanlış rəy verildiyinə görə məmura qarşı cinayət işi açılmalıdır, amma baxan yoxdur. Faktiki uzun müddətdir yerimdən istifadə edirlər və həmin çardağı da sökmürlər, qalıb orada. İmkan vermirlər ərazimdən istifadə edim”.

Rahim Feyzullayev həmin talvarın öz ərazisinə düşüb-düşmədiyini dəqiqləşdirmək üçün 16 saylı Reyestr Xidmətinə gedib:

“Baxdılar, koordinatlarla ölçdülər. Dedilər, “həmin çardaq sənin ərazisinin baş hissəsinə düşür”. Dəfələrlə soruşdum, yenə də dedilər ki, düşür. Yəni 2 dəfə baxdı, hesabladı və dedi. Çardaq 3-ün 7-yə mənim ərazimdədir. Amma Yaqub müəllim deyir, “düşmür”. Baş idarədə düşür, amma bunlarda yox”.

Rahim Feyzullayevin şikayəti sırf kadastrdandır. Deyir, məhkəməyə saxta rəy verdikləri üçün həm vaxtı gedir, həm də xərcə düşüb:

“Görünür, qarşı tərəfdən pul alıb bu yola əl atıblar. Özbaşınalıq yol açıb gedir. Ərazimdir, əkin-biçin etmək istəyirəm. Ailəmi dolandırmaq istəyirəm. Mənim ərazimdir, amma sübut edə bilmirəm. Mən onların saxta rəyinə görə məhkəmədə uduzmaq istəmirəm. Haqlı ola- ola niyə uduzmalıyam ki? Yaqub İsgəndərovun verdiyi rəy cinayət işidir. Mən onun cəzalanmasını istəyirəm”.






Paylaş:


Müəllif : Tarix:
19-03-2021, 11:41
Sikayət   


loading...
Загрузка...