reklam
Regionxeberlericom.az » Sosial » Cahangir Əsgərov lotudur? - Replika

reklam

Cahangir Əsgərov lotudur? - Replika


Dediyim sözün məsuliyyətini daşıyıram: “Cahangir Əsgərov lotuluq edir!” Lütfən, məni jurnalistin peşə kodeksini pozmaqda günahlandırmayın. Nə dediyimi bilirəm. Həm də çoxlarından yaxşı bilirəm…

Azərbaycan dilinin izahlı lüğətində lotu sözü müxtəlif mənalar ifadə edir. Əminəm ki, çoxumuz bu sözün mənşəyilə tanış deyilik. Heç mən özüm də tarixin qaranlıqlarında eşələnməyin tərəfdarı deyiləm. Məni maraqlandıran bu sözün hazırda ifadə etdiyi mənadır. Bir qədər də sadələşdirək: Lotu deyiləndə ağla nə gəlir?

Razılaşarsınız ki, ağla çoxsaylı kriminal avtoritetlərin adları gəlir. Onların sonuncu nəslinin ən parlaq nümayəndəsi Lotu Quli idi. Onun faciəli ölümü yaxın keçmişdə baş verdiyi üçün çoxumuzun yadındadır.

Mən təkcə çiy yeməyi deyil, həm də “çiy yazı”nı xoşlamıram. Buna görə də klaviaturanın incə düymələrinə qənim kəsilməmişdən əvvəl kiçik bir eksperiment apardım. Yox, yox, qazan asıb, yemək bişirmədim. Sadəcə, yaddaş kitabçamı qoltuğuma vurub paytaxt gəncləri arasında belə bir sorğu keçirdim: “Lotu deyiləndə ağlınıza kim, yaxud nə gəlir?”

İntusiyam məni aldatmamışdı. Əksəriyyət kriminal avtoritetlərin adlarını çəkirdi. Buna görə də məcbur qalıb bu sözün hansı mənanı ifadə etdiyini təkrar soruşmalı olurdum. Ən müxtəlif cavablardan yaranan cümlə belə idi: “Lotu heç kimi vecinə almayan, əlini belinə qoyub istədiyini edən, yeyib-içən, bu dünyada kef çəkən adama deyilir”.

Bu sözlərin hamısını AZAL prezidentinə şamil etmək olarmı? Olar!

Cahangir Əsgərov da heç kimi vecinə almır, əlini belinə qoyub istədiyini edir. İnanmırsınız? O zaman bu sözləri diqqətlə oxuyun. Mən yazmamışam, iqtisadçı Natiq Cəfərli yazıb. O da mənim kimi eksperiment aparıb. Necə apardığını özünüz oxuyun: ““Eksperiment üçün təsadüfi tarixlər seçdim. 5 apreldə Bakıdan İstanbula, 8-də isə geriyə bilet qiymətlərinə baxdım. Bakıdan uçası olsam, həmin tarixlərə görə ən ucuz bilet üçün 446 dollar ödəməliyəm. Eyni tarixlərə, eyni marşrut üzrə uçuş Tbilisidən 146 dollara, Kiyevdən 193 dollara, Moskvadan isə 245 dollara başa gəlir”.

Sizcə, bu lotuluq deyil? Yuxarıda yazdıq axı, lotu həm də heç kimi vecinə almayan adama deyilir. Əgər Cahangir müəllim bizi vecinə alsaydı, qiymətləri azca ucuzlaşdırardı.

Üstəlik, biz bunu dünən, srağagün deməmişik. Ən azı 20 ildi deyirik. Hətta deməkdən dilimizin ucunda tük bitib. Amma Cahangir müəllimin bir tükü də tərpənməyib. Çünki o, lotudur!

Seymur VERDİZADƏ //yenisabah.az//



Paylaş:


Müəllif : Tarix:
24-03-2021, 11:21
Sikayət   


loading...
Загрузка...