reklam
Regionxeberlericom.az » Sosial » Şəmkirdə əkməyə bir qarış da boş torpaq yoxdur... - NARAZILIQ!

reklam

Şəmkirdə əkməyə bir qarış da boş torpaq yoxdur... - NARAZILIQ!



“Son 5 ildə kəndlərdə həyat daha canlıdır, əkin-biçinlə məşğul olanların sayı artıb, bir qarış da boş torpaq yoxdur. Çünki başqa gəlir mənbələri kəsilib, daha əvvəli kimi nə Rusiya bazarları var, nə də Bakıda iş…”

Bunu “Press Klub”un əməkdaşı ilə söhbətində Şəmkir rayon sakini Vazeh Salmanov deyir.

Şəmkir, Tovuz rayonlarının əhalisi əsasən kənd təsərrüfatı və maldarlıq, eləcə də Rusiyada çalışan əmək miqrantlarının öz ailələrinə göndərdikləri pul baratları hesabına dolanır. İşsizlər əvvəllər Bakıda və rayon mərkəzlərində həyata keçirilən infrastruktur layihələrində iş tapırdılar, amma tədricən bu imkanlar aradan qalxıb. İndi hamı torpaqdan bərk yapışıb. Xüsusən maddi gücü olanlar iri torpaq sahələrini alaraq orada bağçılıq və istixana təsərrüfatları qururlar. Çünki burada istehsal olunan məhsulların Rusiyada yaxşı bazarı var. Bir müddət əvvəl paytaxtda, rayon mərkəzlərində ev, obyekt satın alıb, onlardan gəlir əldə etmək yaxşı biznes sayılırdısa, indi vəziyyət dəyişib. Bakıda iş imkanlarının azalması bura miqrasiya etmiş əhalinin əksəriyyətinin geri qayıtmasına səbəb olub. Üstəlik, iqtisadi böhran, pandemiya şəhərdə qazanc imkanlarını kəskin azaldıb. Ona görə, bir çox sahibkarlar daşınmaz əmlaklarını satıb, kənd təsərrüfatına yönəlirlər. Nə qədər olmasa, bir neçə il sonra əldə ediləcək məhsul qoyulan xərci də çıxaracaq, qazanc da gətirəcək.

Rusiyada çalışan azərbaycanlılar da bu prosesdə fəal iştirak edirlər. Nəticədə rayonlarda torpaq sahələri bir qrup imkanlı adamın əlində cəmləşib. Çünki torpaq almaq, orada təsərrüfat qurmaq da böyük maliyyə tələb edir. Torpaq sahələrinə yaranan tələbat onun qiymətinin kəskin yüksəlməsinə gətirib çıxarıb. Məsələn, Tovuzun, Şəmkirin bəzi kəndlərində bir sot torpaq 2 min manatdan bahadır. Əkin-biçin üçün pulu olmayanlar əlindəki torpaqlarını satıb, problemlərini həll etməyə çalışırlar. Bir müddət sonra onlar iri sahibkarların təsərrüfatlarında günlük muzdla çalışan fəhlələrə çevrilirlər. İnsanların var-yoxdan çıxması aqrar siyasətdə yol verilən ciddi qüsurlarla bağlıdır.

Əvvəla, xırda təsərrüfatlar üçün dövlət subsidiyaları əlçatımlı deyil. Əksəriyyət onu əldə etmək mexanizmlərini bilmir, ümumiyyətlə, məlumatsızdır;
İkincisi, əkin subsidiyaları əkin zamanı deyil, biçindən sonra verilir. Kəndli özü pul tapıb, təsərrüfatı əkib-becərməlidir;
Üçüncüsü, prosesdə xeyli texniki və bürokratik əngəllər var. Sənədləşmə işləri elektron qaydada aparıldığından, xeyli insan üçün əlçatan deyil.
Nəhayət, dövlət dəstəyi yalnız iri sahibkarlar üçün faydalıdır. Məsələn, bağçılıq, tütünçülük, subtropik meyvələr üçün subsidiyalar intensiv sortlar yetişdirən, sənədləri qaydasında olan və müasir suvarma sistemləri quraşdıran fermerlərə verilir. Bu da kifayət qədər böyük maliyyə vəsaiti tələb edir ki, xırda təsərrüfat sahiblərinin buna nail olmaq üçün heç bir imkanı yoxdur. Nəticədə torpaqlar dəyər-dəyməzinə satılır və bölgələrdə iri təsərrüfatlar formalaşır.
Bu sektorun ən ciddi problemlərindən biri bankların və sığorta şirkətlərinin aqrar sektora maraq göstərməməsidir. Kredit faizləri olduqca yüksək və əlçatan deyil. Yuxarıda qeyd etdiyimiz kimi, onu yalnız böyük təsərrüfat sahibləri əldə edə bilir. Sığorta sistemi də eyni qaydada risk dərəcəsi böyük olan aqrar sektorda işləməyə meylli deyil. Onlar yalnız müəyyən sahələri sığortaya cəlb edirlər ki, burada yenə də dövlət qarantiyası və ya iri təsərrüfat sahiblərinin şəxsi əlaqələri mühüm rol oynayır.

Əlbəttə, daxili bazarın zəif, əhalinin alcılıq qabiliyyətinin aşağı, ölkədən məhsul ixrac etmək imkanlarının məhdud olması da kiçik təsərrüfatların sıradan çıxmasını şərtləndirən amillərdən biridir. İldə bir neçə ton məhsul istehsal edən fermerin onu Bakıda, Gəncədə satması çətin məsələdir və sərfəli deyil. Nəqliyyat xərci, bazarlarda tələb olunan haqlar, habelə iri təsərrüfatlarda istehsal olunan məhsulların daha keyfiyyətli və ucuz başa gəlməsi onların əl-qolunu bağlayır. Bu gün paytaxtda yerləşən iri supermarketlər şəbəkəsini kənd təsərrüfatı məhsulları ilə böyük təsərrüfatlar təmin edir. Xırda sahibkarların böyük alıcı kütləsi olan bu şəbəkələrə çıxışı yoxdur. Dövlətin yaratdığı bəzi imkanlar da problemin həllinə gətirib çıxarmadı. Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi “Kənddən – şəhərə” yarmarkaları alverçilərin nəzarətinə keçib. Onlar rayon bazarlarından, yaxud birbaşa fermerin anbarından məhsulu ucuz qiymətə alıb, bu yarmarkalarda baha qiymətə satır. Reklam olunan ucuz məhsulların əksəriyyəti keyfiyyətsizdir. Ona görə də nazirliyin şəhərdə quraşdırdığı çadırlar alıcı kütləsi toplaya bilmədi.

Şəmkir sakini V. Salmanov deyir ki, yaşadığı kəndin əhalisini gəlirinə görə 3 qrupa bölmək olar:

“Rusiyadan dolananlar. 25-30 ildir bu ölkədə çalışan adamların kənddəki ailələrinin gəlir mənbəyi oradır. Kənddə 700-ə yaxın təsərrüfatdan 25-30 ailə onlardan ibarətdir. İkincisi, dövlətdən pensiya və maaş alanlardır. İndi xeyli adamın təqaüdünü kəsiblər, deyirlər saxta düzəldiblər. Pensiya alanların sayı uzaqbaşı75-80 nəfərdir. Maaş alanlar da müəllimlər və tibb məntəqəsində çalışanlardır, onların da sayı 100-ə çatmır. Yerdə qalan 500-ə yaxın ailənin qazancı torpaqdan və günəmuzd işlərdən çıxır. Son illərdə bu ailələrin azı 200-ü pay torpaqlarını iri fermerlərə satıblar. Özləri istixanalarda və böyük təsərrüfatlarda günü 10-15 manata çalışırlar. Bu iş də bütün ilboyu yoxdur, mövsümi olur”.

Salmanovun təsvir etdiyi mənzərə bölgələrin demək olar, hamısında mövcuddur. Kənd əhalisinin var-yoxdan çıxması, bu sektorda iri sahibkarlığın formalaşması digər sektorlardakı inhisarçılığı xatırladır. Bu da əhalinin 40 faizindən çoxunu əıhatə edən aqrar sektor üçün çox ciddi problemdir.



Paylaş:


Müəllif : Tarix:
25-03-2021, 09:52
Sikayət   


loading...
Загрузка...