reklam
Regionxeberlericom.az » Sosial » “Güzəştli kreditləri ancaq öz adamlarına verirlər” - QUBADAN ŞİKAYƏT

reklam

“Güzəştli kreditləri ancaq öz adamlarına verirlər” - QUBADAN ŞİKAYƏT



Quba rayonunun Rustov kənd sakini Qeybulla Məmmədov dolanışıq imkanlarının məhdudluğundan gileylənir. Deyir ki, kəndlinin işi əkib-beçərməkdir, bunun üçün də imkanlar yoxdur. DİA.AZ xəbər verir ki, 60 yaşlı Qeybulla Məmmədov kənddə doğulub, ömrünü burada keçirib. Onun sözlərinə görə, ağlı kəsəndən təsərrüfatla məşğul olublar, bu yolla dolanıblar. Son dövrlərdə isə texnika və başqa çatışmazlıqlar ucbatından bu işlə də məşğul ola bilmirlər.

Qeybulla Məmmədov deyir ki, həm özü, həm də kəndin bir neçə başqa sakini dövlətin dəstəyindən – kənd təsərrüfatının inkişafına dair dövlət proqramlarından yararlanmaq istəyib. Amma “yox” cavabı alıblar: “Biz kəndliyik, təsərrüfatla, əkinçiliklə məşğul olmalıyıq. Şəhərdəkilər asfaltda gəzib, ofislərdə, binalarda işləyir, pul qazanıb dolanırlar. Kəndlinin də işi əkib-becərməkdir. Buradakı insanlar da yaşamaq, yemək istəyir. Dövlət də bu məsələdə vətəndaşının yanında olmalıdır, dəstək verməlidir. Cənab prezident də deyib ki, torpaq boş qalmasın, istifadə olunsun. Amma məmurların ucbatından təkcə bizə yaxın ərazidə 10 min hektara yaxın sahə səmərəsiz qalıb. Çünki dövlət proqramlarından yararlana bilmirik. Güzəştli kredit vermirlər ki, götürüb iş görək. Ərazini kol-kos basıb gedir”.

Müəyyənləşdirilmiş qaydaya görə, fermer güzəştli kredit almaq üçün yaşadığı rayonda banklara müraciət etməlidir. Bank 15 gün ərzində müraciətə baxıb, ya kreditin verilməsi haqda qərar qəbul edir, ya da fermerə imtina məktubu verir. Amma imtina məktubu da əsaslandırılmış olmalıdır.

Bank krediti vermək qərarına gəlirsə, bu halda, vəsaitin ayrılması barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə sifariş göndərir. Bundan sonra 2 iş günü ərzində vəsait müvəkkil bankın hesabına köçürülür. Bank da aldığı vəsaiti krediti götürən fermerə çatdırır.

Qeybulla Məmmədovun sözlərinə görə, özünün də, bir neçə həmkəndlisinin də güzəştli kreditlərlə bağlı müraciətinə banklardan imtina cavabı gəlib. Bununla əlaqədar Prezident Administrasiyasından tutmuş, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Mərkəzi Banka qədər müxtəlif dövlət orqanlarına da üz tutub. Amma aldığı cavablar onu qane etməyib: “Sanki o dövlət proqramlarının biz kəndlilərə aidiyyəti yoxdur. Adı kəndlinin olur, dadı başqalarının. Sovet dövründəki quruluş dağıldı, texnikanı mafiozlar məhv elədi. İndi sərgərdan qalmışıq. Yer qalmayıb ki, müraciət eləməyim. Bir-birinə yönəldirlər - Prezident Administrasiyası Kənd Təsərrüfatı Nazirliyinə, İqtisadiyyat Nazirliyinə yönəldir, onlar da bir başqasına. Təqaüd almıram, həm öz ailəmin, həm də bütövlükdə kəndlilərin dolanışığı üçün deyirəm bunu. Torpağın boş, istifadəsiz qalmasını istəmirəm. Torpağın hektarını 140-150 manata şumlatdırırıq. Gücümüz çatmır ki, öz imkanlarımız hesabına iş görək, texnika yox, maddi yardım yox...”

Qeybulla Məmmədov onu da bildirir ki, banklar güzəştli kredit müraciətinə yox desə də, ənənəvi şərtlərlə kredit ayırmağa razılıq veriblər: “Güzəştli kredit vermirlər ki, risklidir, amma 25-30 faizlə verməkdə risk görmürlər. Absurddur. Guya mənə 30 faizlə verəndə batmayacaq, güzəştli şərtlərlə veriləndə batacaq. Bu, nə məntiqdir? Güzəştli kreditləri kənd təsərrüfatı adıyla tamam başqa sahələrə yönəldirlər, məmurlar öz biznesləri üçün istifadə edirlər. Öz adamlarına, öz tanışlarına verirlər. Araşdıran da yoxdur ki, kənd təsərrüfatının inkişafı məqsədilə ayrılmış o vəsaitlər hara yönəldilib. Kəndliyə 30 faizə kredit təklif eləmək onu qul kimi işlətmək anlamına gəlir. Biz quldarlıq quruluşunda yaşayırıq?”


Paylaş:


Müəllif : Tarix:
30-03-2021, 09:33
Sikayət   


loading...
Загрузка...