reklam
Regionxeberlericom.az » Sosial » “Hamıya uşaqpulu verməyə ehtiyac yoxdur“ - Fəzail Ağamalı

reklam

“Hamıya uşaqpulu verməyə ehtiyac yoxdur“ - Fəzail Ağamalı



Müxalifət düşərgəsində növbəti qarşıdurma başlayıb. Hakimiyyət əleyhdarları bu dəfə uşaqpulu məsələsinə görə üz-üzə gəlib. REAL rəhbərliyinin uşaqpulu verilməsi fikrini dəstəkləyənləri təhqir etməsi hakimiyyət opponentləri arasında söz savaşını daha da alovlandırıb.

Maraqlıdır, hakimiyyətə iddialı olan qüvvələr nə üçün vahid mövqedən çıxış edə bilmirlər?

Mövzu barədə danışan Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı ilk əvvəl bu cür qalmaqallara müdaxilə etmək istəmədiyini diqqətə çatdırıb:
“Şəxsi məsələləridir, özləri bilər, mən onların işinə qarışmıram, ağsaqqal yaşımda əksinə deyərdim ki, barışsınlar, bir-birini başa düşsünlər, bir-birinə qarşı sərt mövqe nümayiş etdirməsinlər. Yəni bir ağsaqqal kimi onları barışa dəvət edərdim”.

Deputat daha sonra uşaqpulunun verilib-verilməməsi ilə bağlı öz fikirlərini bölüşüb:

“Bizim uşaqpulu məsələsi ilə bağlı mövqeyimiz olub. Mən vaxtilə təklif etmişəm ki, ünvanlı sosial yardım ləğv olunsun və oraya ayrılan vəsait iki istiqamətə yönəldilsin. Uşaqpulunun hər kəsə verilməsinə ehtiyac yoxdur. Əgər bir ailənin aylıq gəliri 2-3 min manatdırsa və onların 2 uşağı varsa, ailəyə uşapulu verilməsinə ehtiyac yoxdur. Pulu ehtiyacı olan adamlara vermək lazımdır. Məlumdur ki, 170 manatdan aşağı gəliri olan ailələrə ünvanlı sosial yardım verilir. Ancaq bu prosesdə o qədər mübahisəli və məhdudlaşdırıcı məqamlar var ki, bir çox ehtiyacı olan ailə bu vəsaiti əldə edə bilmir. Məsələn, kimsə atasının mülkiyyətində olan mənzildə qeydiyyatda olur, uzun müddət ailəsi ilə yaşayır, sonra isə özü ailə qurub həmin evdən ayrılır, lakin hələ də həmin mülkiyyətdə qeydiyyatda olduğu üçün ehtiyacı olduğu halda, dövlətdən sosial yardım ala bilmir. Ona görə də bu ünvanlı sosial yardım ləğv olunmalı və ona ayrılan vəsait iki kateqoriyaya bölünməlidir. Vəsaitin bir qismi özünüməşğulluğa göndərilməlidir. Əgəri bir insanın fiziki imkanı çatıb özü üçün təəssərrüfat yarada bilirsə, bu yolla ona dəstək göstərilir və şəxs heç kimdən asılı olmadan ailəsini maliyyələşdirir. Vəsaitin digər qismi isə ehtiyacı olan ailələrə uşaqpulu şəklində verilməlidir. Məsələn, valideynlərdən hansısa əlildirsə, işləmək qabiliyyəti yoxdursa və ya ailənin gəliri çox aşağıdırsa, uşapulu verilməlidir”.

Həmsöhbətimiz vətəndaş nikahından dünyaya gələn uşaqlar üçün də yardımın göstərilməli olduğunu vurğulayıb:

“Son vaxtlar vətəndaş nikahı nəticəsində çoxsaylı uşaqlar dünyaya gəlib. Bu cür ailələrdə bəzən kişi məsuliyyətsizlik edərək öz xanımını və uşaqları evdə qoyub ayrı macəra axtarmağa gedir. O qadının çox zaman təhsili və peşəsi olmadığı üçün çətin vəziyyətlə üzləşir. Pulu oraya da yönəltmək lazımdır. Çünki onu taleyin ümidinə buraxmaq olmaz. Bəli, səhv edib ki, nikahsız ailə qurub. Lakin biz onlara dövlət olaraq yardım göstərməliyik. Ehtiyacı olan ailələrə uşaqlar 18 yaşına çatanadək bəlli miqdarda müavinət ödənilməlidir. Mənə elə gəlir ki, ən doğru yanaşma bundan ibarətdir. Bu məsələ ətrafında çoxlu təhlillər aparmışam. Gəldiyim nəticə budur. Fikrimcə, ən optimal variantdır”.


Paylaş:


Müəllif : Tarix:
6-04-2021, 13:46
Sikayət   


loading...
Загрузка...