reklam
Regionxeberlericom.az » Sosial » Məzahir Pənahov yola salınır? - “Kadr islahatlarının növbəsi MSK-ya da çatacaq”

reklam

Məzahir Pənahov yola salınır? - “Kadr islahatlarının növbəsi MSK-ya da çatacaq”



Ötən il fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərindən sonra bütün sahələri əhatə edən islahatlar dalğasının Mərkəzi Seçki Komissiyasını (MSK) da əhatə edəcəyi haqqında fikirlər bildirilirdi. Hətta çoxları növbəti seçki prosesinə qədər MSK sədri Məzahir Pənahovun vəzifədən uzaqlaşdırılacağını düşünürdü.

Bu il martın 30-da Məzahir Pənahov Prezidentin sərəncamı ilə ölkənin ictimai-siyasi həyatında uzunmüddətli fəaliyyətinə “Şərəf” ordeni ilə təltif edildi. Bundan sonra isə onun səlahiyyət müddətinin bir növ başa çatdığı, artıq MSK-da yeni və gənc kadrlara yer veriləcəyi haqqında müzakirələr daha da qızışdı.

Maraqlıdır, kadr islahatları MSK-ya təsir edəcəkmi? Komissiyaya necə bir şəxs rəhbərlik etməlidir?

Bununla bağlı Modern.az-a danışan Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı xatırladıb ki, Mərkəzi Seçki Komissiyasının sədrini prezident təyin və uzaqlaşdıra bilər:

“Ölkənin hər yerində gəncləşmə gedir, gənc kadrlar irəli çəkilir. Növbə Mərkəzi Seçki Komissiyasına çatacaq. Hər yerdə bir nəsil yaşa dolur, başqa nəsil gəlir. Bu nə gedən üçün, nə də gələn üçün faciədir. Normal prosesdir”.

Sabir Rüstəmxanlı MSK sədri ilə həm razılıq, həm də narazılıqlar yaşadığını dilə gətirib:

“Məzahir Pənahovla razılıqlarımız da, narazılıqlarımız da olub. Hər bir halda ziyalı kimi ona hörmətim var. Tapşırılan işi peşəkarlıqla yerinə yetirir. İllər boyu zəhmət çəkib, işləyib. Ümumilikdə seçki komissiyasının işindən, seçkilərdən narazı olmuşuq. Amma Məzahir Pənahovun özü haqqında heç vaxt sərt fikirlər səsləndirilməyib. Ziyalı kimi tanınır. Onun haqqında mənfi nə isə deyə bilmərəm”.

Demokratik respublikalarda hakimiyyət dəyişikliyinin, ölkənin idarə olunmasının, iqtisadi-siyasi islahatların seçki prosesi ilə tənzimləndiyini diqqətə çatdıran deputatın fikrincə, məhz buna görə, MSK tənqidin də birbaşa ünvanıdır:

“Bu gün isə müharibədən yeni çıxmış ölkənin problemi Mərkəzi Seçki Komissiyası deyil. İndi əsas məsələ işğaldan azad edilmiş Qarabağ torpağının bərpasıdır. Pandemiyanı və onun təsirlərini aradan qaldırmaq, iqtisadiyyatımıza dəyən ziyanı bərpa etməkdir. Qaçqın və məcburi köçkünlərin doğma yurduna qaytarılması üçün işlər aparılmalıdır. Seçki prosesi də işin bir hissəsidir, amma bütün diqqəti buna yönəltməkdə məna görmürəm”.

Qeyd edək ki, hazırda MSK-nın 17 üzvü var. Məzahir Pənahov sədr, Rövzət Qasımov sədr müavini, Arifə Muxtarova, Mikayıl Rəhimov katib, Fuad Cavadov, Şaitdin Əliyev, Ramiz İbrahimov, Validə Kazımova, Hüseyn Paşayev, İlham Məmmədov, Nizami Nadirxanlı, Qabil Orucov, Bəxşeyiş Əsgərov, Tofiq Həsənov, Almas Qəhrəmanlı, Etibar Quliyev, İlkin Şahbazov isə üzvlərdir.

1951-ci il təvəllüdlü Məzahir Pənahov 21 ildir ki, MSK-ya sədrlik edir. Bu dövr ərzində ölkədə 20-yə yaxın seçki keçirilib. O, 2011-ci ildə “Şöhrət” ordeni ilə təltif edilib. Bu il martın 30-da isə Prezident İlham Əliyevin sərəncamı ilə “Şərəf” ordeni alıb.


Paylaş:


Müəllif : Tarix:
7-04-2021, 14:45
Sikayət   


loading...
Загрузка...