reklam
Regionxeberlericom.az » Sosial » Həkimlərin əlavələri iki aydır ləngiyir - NARAZILIQ!

reklam

Həkimlərin əlavələri iki aydır ləngiyir - NARAZILIQ!



“Təcili tibbi yardım işçilərinin Prezident sərəncamı və Nazirlər Kabinetinin müvafiq qərarı əsasında maaşlarına nəzərdə tutulan əlavələr yanvar ayında təxminən 50% azaldılaraq verilib, fevral-mart ayları üzrə verilməsi isə indiyədək təmin olunmayıb. COVİD-19-dan dünyasını dəyişən tibb işçilərinin xatirəsi indiyə qədər əbədiləşdirməyib və ailələrinə kompensasiya verilməyib. Bu məsələ ilə bağlı hökuməti təcili tədbirlər görməyə çağırırıq”.

Azərbaycan Həkimləri İctimai Birliyinin (AHİB) yaydığı bəyanatda belə deyilir. Bəyanatda qeyd olunur ki, Azərbaycanda COVİD-19 pandemiyasının dünyada rəsmən elan edilən 3-cü dalğası yaşanır: “Son günlərdə xəstəliyə yeni yoluxma hallarının kəskin artması ilə əlaqədar tibb xidməti işinin təşkilində ciddi problemlər yaranıb. İkinci dalğada ortaya çıxan çətinliklər indi də hiss olunmaqdadır”.

AHİB istər ölkə üzrə əhali sayına, istərsə də xəstələnənlərin sayına düşən ölüm hallarının başqa ölkələrə nisbətən yüksək olması faktından narahatlıq ifadə edir və zəruri tədbirlərin görülməsini vacib sayır. Burada kütləvi testləşdirmənin aparılması ilk sırada göstərilir: “Çində, Cənubi Koreya və Yaponiyada bu təcrübə çox effektli oldu. Ölkəmizdə də virusu vaxtında aşkar edib, yoluxanları izolyasiya etmək məqsədilə test sayının artırılması təmin edilməlidir”.

AHİM hesab edir ki, test üçün müraciət edən şəxslərə heç bir vəchlə məhdudiyyət qoyulmamalıdır. Həkimlər kütləvi peyvəndləmənin dünya təcrübəsindən yararlanmağı da vacib sayırlar. Müxtəlif mülkiyyətli tibb müəssisələrində, məntəqələrində, böyük iş yerlərində, iri marketlərdə vaksinasiya guşələri yaratmaqla peyvəndləmə işinin kütləviliyi təmin edilməlidir.

Bəyanatda diqqətçəkən əsas məsələlərdən biri koronavirusla mübarizəyə cəlb edilmiş həkimlər üçün nəzərdə tutulan əlavələrin verilməməsidir. Qeyd olunur ki, əlavələr yanvar ayında təxminən 50% azaldılaraq verilib, fevral-mart ayları üzrə verilməsi isə indiyədək təmin olunmayıb.

Tibb elmləri doktoru, professor Adil Qeybulla gecikmələrin koronavirusla mübarizəyə mənfi təsir göstərdiyini bildirib. Onun sözlərinə görə, bu səbəbdən xeyli sayda həkim virusa qarşı mübarizəyə qoşulmaqdan imtina edib: “Hazırda prosesdə iştirak edənlərin əksəriyyəti rezidentlərdir. Təcrübəli tibb işçiləri bu işdən uzaqlaşıb. Bu münasibət məyusluq doğrurur”.

Professor gecikmələrin tezliklə ödənilməsini vacib sayır.

Həkim-farmakoloq Müşfiq Hüseynov isə əksini düşünür. O, “Press Klub”a açıqlamasında bildirdi ki, təcrübəli həkimlərin prosesdən uzaqlaşmasının mənfi təsiri cüzidir, yeni nəsil kadrlar daha savadlı və biliklidir:

“Onların çoxu Türkiyədə ya təhsil alıb, ya da təcrübə keçib. İkincisi, bir şöbədə bir təcrübəli həkimin olması yetərlidir. Bütün COVİD xəstəxanalarının personalının bu sahədə təcrübəli olmasına gərək yoxdur. Çünki standart porsedur tətbiq olunur, onu da hamı bilir”.

Koronavirusa qarşı mübarizədə digər problemlərə münasibət bildirən A. Qeybulla vurğulayıb ki, Azərbaycanda istər ölkə üzrə əhali sayına, istərsə də xəstələnənlərin sayına düşən ölüm halları başqa ölkələrə nisbətən yüksəkdir: “Buna görə də yeni yoluxma hallarının qarşısını almaq və epidemioloji vəziyyətə nəzarət üçün əsas tədbirlərdən biri kütləvi testləşdirmənin aparılmasıdır”.

Professor hesab edir ki, test üçün müraciət edən şəxslərə heç bir vəchlə məhdudiyyət qoyulmamalıdır: “Hərarəti olub-olmamasından asılı olmayaraq, təcili tibbi yardıma, poliklinikalara, stasionarlara müraciət edən şübhəli şəxslərdən və test analizi müsbət çıxmış şəxslərlə təmasda olanlardan test analizinin götürülməsini təmin etmək zəruridir. Uşaq poliklinikalarında uşaqların test edilməsi təmin edilməlidir”.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən “Press Klub”un sorğusuna cavab olaraq bildirilib ki, gecikmənin səbəbi Agentliklə bağlı deyil. Tibb müəssisələri əlavələri alacaq personalın siyahısını təqdim etdikdən sonra 3 gün müddətinə ödənişlərin verilməsi təmin edilir. “Koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən 13136 nəfər tibb və 2905 nəfər qeyri-tibb işçisinə yanvar ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq 18.3 milyon manat müddətli əlavə ödənilib”, – deyə məlumatda qeyd olunur. Müddətli əlavələr Bakı şəhəri üzrə 33 və respublikanın digər şəhər və rayonları üzrə 78 dövlət tibb müəssisəsinin tibb və qeyri-tibb işçisinə ödənilib.

Məlumatda daha sonra qeyd olunur ki, dövlət tibb müəssisələri tərəfindən göndərilən siyahılara uyğun olaraq Agentlik tərəfindən fevral ayı üzrə müddətli əlavələrin ödənilməsi davam edir.


Paylaş:


Müəllif : Tarix:
14-04-2021, 09:21
Sikayət   


loading...
Загрузка...