reklam
Regionxeberlericom.az » Sosial » Rüşvət və korrupsiya niyə adi normaya çevrilib? - NƏ ETMƏLİ?

reklam

Rüşvət və korrupsiya niyə adi normaya çevrilib? - NƏ ETMƏLİ?



Azərbaycanda rüşvətalma cinayətinə qarşı cəzalar sərtdir. Qüvvədə olan Cinayət Məcəlləsinə görə, bu cinayəti törədənlər 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla 4 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılır. Vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma – 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Sözügedən əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən təkrar, külli miqdarda və hədə-qorxu tətbiq olunmaqla törədildikdə əmlakı müsadirə olunmaqla 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə nəzərdə tutulub.

Lakin cəzaların sərtliyinə baxmayaraq, dövlət qurumlarında rüşvətxorluq adi normadır. Hüquq-mühafizə, ədliyyə orqanlarında, icra hakimiyyəti sistemində və bəzi nəzarətedici qurumlarda rüşvətsiz keçinmək mümkün deyil. 2019-cu ildən etibarən Dövlət Təhlükəsizliyi Xidməti (DTX), Baş Prokurluq və Daxili İşlər Nazirliyi rüşvət və korrupsiya ilə bağlı bəzi yüksək vəzifəli məmurları həbs edib. Onların arasında 6 İH başçısı, 1 keçmiş nazir də var. Mədəniyyət və Xarici İşlər nazirliklərinin yüksək vəzifəli şəxsləri də anti-korrupsiya əməliyyatları nəticəsində vəzifələrindən uzaqlaşdırılıb, cinayət məsuliyyətinə cəlb olunublar. Belə bir əməliyyat 2015-ci ildə ləğv olunmuş Milli Təhlükəszilik Nazirliyinin və Rabitə, Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyinə qarşı da həyata keçirilmişdi.

Aprelin 22-də Baş prokuror yandında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin TƏBİB-in, FHN-in tabeliyində olan xəstəxanaların rəhbərlərini həbs etməsi problemin nə qədər dərin kök atdığını bir daha təsdiq edir. Buradan o nəticə çıxarmaq olur ki, məmurların rüşvət üstündə tutulması, bu zaman görüntülərinin mediada, sosial şəbəkələrdə yayılması da onların vəzifə başında olan həmkarlarını bu cür cinayət əməllərindən çəkindirmir. Çox təəssüf ki, rüşvət və dövlət vəsaitlərinin talan edilməsi Azərbaycanda sistemin vaz keçilməz oyun qaydasına çevrilib.

Bu, nə ilə bağlıdır? Ölkədə rüşvət və korrupsiyanın kökünü kəsmək niyə mümkün olmur?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə Komitəsinin üzvü Elman Məmmədov “Turan”a bildirib ki, birdən-birə bu problemin kökünü kəsmək qeyri-mümkündür: “Elə bir dövlət, elə bir ölkə tapmaq olmaz ki, orada rüşvət, korrupsiya məsələsi olmasın. Bu, bütün dünyaya yayılmış və çox qədim tarixə malik olan problemdir”.

Lakin komitə üzvü hesab edir ki, bunun qarşısını almaq üçün tədbirlər görülür:

“Mübarizədə müxtəlif üsullardan istifadə olunur. Bunlar təkcə həbsdən ibarət deyil. Başqa mübarizə üsulları da var – təbliğat, tərbiyə, cürbəcür qadağalar, kadr və struktur islahatları. Məsələn, dünən (aprelin 22-də) bir neçə nəfər həbs olundu, bu barədə məlumat getdi. İndi digərləri bundan nəticə çıxarmalıdırlar ki, belə işlər görmək olmaz”.

Hüquq və İnkişaf Mərkəzi İctimai Birliyinin rəhbəri Hafiz Həsənov “Press Klub”a şərhində bildirdi ki, son vaxtlar aparılan həbslər korrupsiya hallarının təkcə əməliyyatlar keçirilən mərkəzi və yerli icra hakimiyyəti orqanlarında olmadığını göstərdi:

“Yaxud, bu kimi hallar yalnız həbslər aparılan klinikalarda baş verməyib. İndi insanların əksəriyyəti bu qənaətdədir ki, idarəetmə və xidmət sahələrinin demək olar ki, hamısında korrupsiya halları baş verir. Çünki insanlar bu kimi hallarla ya gündəlik həyatlarında rastlaşırlar, ya da bu kimi halların iştirakçıları olurlar. Yəni, korrupsiya halları sanki adiləşib və “şəffaf”laşıb.”

Hüquqşünas hesab edir ki, korrupsiya sistem və idarəetmə problemidir və onun aradan qaldırılması həqiqi islahatların aparılmasını tələb edir:

“Həm də, insanların bu islahatların səmimiliyinə inamı olmalıdır. İndi belə bir görüntü yaranıb ki, korrupsiya ilə mübarizə onun nəticələrinə qarşı aparılır. Əslində isə bu mübarizə korrupsiyanı doğuran səbəblərə qarşı aparılmalıdır. Əgər aparılan həbslərin fonunda korrupsiya hallarının artması müşahidə edilirsə, deməli, mübarizə düzgün qurulmayıb və buna ictimai etimad aşağıdır. Bunlarla yanaşı, korrupsiya ilə mübarizədə dövlət orqanlarının fəaliyyətinə və dövlət xidmətlərinə həqiqi ictimai nəzarət formalaşdırılmalıdır və bu ictimai nəzarət proseslərə təsir etmək imkanında olmalıdır”.

H.Həsənovun sözlərinə görə, bu gün ictimai nəzarət daha çox formal xarakter daşıyır və proseslərə təsir edəcək gücdə deyil:

“Bunlardan başqa, korrupsiya ilə mübarizə sahəsində dövlətin cəza siyasəti sərtləşdirilməlidir və məsuliyyət tədbirləri hamı üçün labüd və eyni olmalıdır. Hazırda korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə görə sanksiyalar həmin cinayət əməllərinin kriminallığına adekvat deyil. Xüsusilə, vəzifədən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma, rüşvət alma, vəzifə saxtakarlığı və səhlənkarlıq kimi vəzifə cinayətlərinə görə sanksiyalar sərtləşdirilməlidir”.


Paylaş:


Müəllif : Tarix:
24-04-2021, 09:09
Sikayət   


loading...
Загрузка...