reklam
Regionxeberlericom.az » Sosial » Alimpaşa Məmmədovun oğluna yaratdığı biznes şəbəkəsi... - İLGİNC FAKTLAR

reklam

Alimpaşa Məmmədovun oğluna yaratdığı biznes şəbəkəsi... - İLGİNC FAKTLAR



Xəbər verdiyimiz kimi, DTX tərəfindən həbs edilən Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədov əksər cinayətlərini oğlu Adilzadə Adilin adına rəsmiləşdirib. Bu mənimsəmələrdən biri də Çinarlı bələdiyyəsi tərəfindən təsis edilmiş, mülkiyyətində 2 milyon 844 min manat dəyərində əmlakı olan “Çinarlı Qəsəbə” MMC ilə bağlıdır.

Belə ki, rəsmi məlumata görə, A.Məmmədov icra başçısı kimi vəzifəsindən sui-istifadə edərək “Çinarlı Qəsəbə”nin bütün paylarını oğluna və tabeliyində fəaliyyət göstərən digər şəxslərə məxsus “Şəmkir Səbət Ticarət Mərkəzi” MMC-yə cəmi 40 manata satıb.

“Qafqazinfo”nun məlumatına görə, kənd təsərrüfatı məhsullarının satışını həyata keçirən “Şəmkir Səbəti” də “Çinarlı qəsəbə” MMC-nin nəzdində təsis edilib.

2017-ci ildə bu müəssisənin açılışı olub. Açılış mərasimində Alimpaşa Məmmədov da iştirak edib.


Məlumat üçün bildirək ki, “Şəmkir Səbəti” ticarət mərkəzi Bakı-Qazax avtomobil yolunun 391-ci kilometrliyində yerləşir. Ticarət obyekti beş hektar ərazini əhatə edir. Obyektin ərazisində 147 ədəd ağac konstruksiyasından ibarət butiklər, sahəsi 7000 kvadrat metrə yaxın topdan satış ticarətin təşkili üçün qapalı sahələr, sahəsi 500 kvadrat metrdən ibarət “Ailəvi istirahət” yeməkxana binası, beş ədəd soyuducu anbar inşa olunub.

Eyni zamanda, “Şəmkir Səbəti” ticarət mərkəzinin nəzdində “Şəmkir Səbəti Supermarket” də var ki, Alimpaşa Məmmədov bu obyektin də açılışında qırmızı lenti kəsib. Ötən ilin iyunun 25-də isə bazar ərazisində güclü yanğın olub. Nəticədə, altı köşk külə dönüb.

Alimpaşa Məmmədovun digər cinayətlərindən biri də “Abad Şəmkir” MMC ilə bağlıdır.

Məsələ burasındadır ki, keçmiş başçı Şəmkir Şəhər Bələdiyyəsi tərəfindən təsis edilmiş, mülkiyyətində 967 min manat dəyərində qida məhsulları istehsal zavodu olan “Abad Şəmkir” MMC-nin bütün paylarını oğluna cəmi 180 manata satılmasını təmin edib.

Fotoda Alimpaşa Məmmədovun oğlu Adil Adilzadə



Bildirək ki, respublikada ilk dəfə olaraq Şəmkirdə 42 bələdiyyənin nəzdində 45 məhdud məsuliyyətli cəmiyyət təsis edilib. Bu isə 2014-cü ilin dördüncü rübünə - Alimpaşa Məmmədovun icra başçısı təyin edildiyi ilə təsadüf edir. Rayonun ən böyük bələdiyyəsi olan Şəmkir bələdiyyəsinin nəzdində üç MMC – “Ceyrançöl”, “Abad Şəmkir” və “Morul Tikinti” müəssisələri fəaliyyət göstərir.

“Abad Şəmkir” MMC-yə məxsus Şəmkir Ağ dağlar adlanan ərazisində “Natural” su və konserv məhsulları istehsal edən zavodu isə 2015-ci ildə tikilib.

Mətbuatda yayılan iddialara görə, həmin vaxt zavodun tikintisi üçün “Atabank”dan 10 il müddətinə 700 min manat kredit götürülüb.

Alimpaşa Məmmədovun digər mənimsəməsinə gəlincə, bu, “Az Forel” MMC ilə bağlıdır. Belə ki, sabiq başçı mənimsəmə və rüşvət alma yolu ilə əldə etdiyi 832 min manatı oğlu Adil Adilzadənin adına təsis etdiyi “Az Forel” MMC-nin xərclərinə yönəltməklə həmin pul vəsaitlərini leqallaşdırıb.


Bu müəssisə 2018-ci ildə fəaliyyətə başlayıb. Balıqartırma müəssisəsi Şəmkirçay Su Anbarının sahilində yerləşir. “Az Forel” altı hektar ərazini əhatə edir. 2018-ci ildə müəssisəsinin tikintisinə üç milyon manat kapital qoyulsa da, ümumi investisiya dəyəri 43 milyon manat olduğu qeyd edilib. Bu barədə Alimpaşa Məmmədovun özü 2018-ci ildə rayonunun sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələri barədə çıxışında bildirib.

Onu da bildirək ki, “Az Forel” ötən il Şəmkir rayon sakini Şahmar Qurbanovun şikayəti ilə də gündəmə gəlmişdi. Belə ki, rayon sakini 2017-ci ilin mayından 2018-ci ilin aprelin 2-nə qədər “Az Forel” MMC-də bir il müqaviləsiz işləyib. Şahmar Qurbanov şikayətində bildirmişdi ki, 2018-ci ilin noyabrın 19-da işdə qəza zamanı sol əlinin 90 faizi zədələnib və qeyri-işlək vəziyyətə düşüb. Buna görə 20 gün xəstəxanada yatıb.


Xəstəxanada olarkən MMC-nin direktoru Adil Adilzadə onun yanına gəlib və şikayət etməməsini xahiş edib. Direktor bildirib ki, təxminən iki min manatlıq protez qoyacaqlar, şirkətdə də yüngül işlə təmin ediləcək. Amma xəstəxananı tərk edəndən sonra nə Adil Adilzadənin, nə də şirkətdə digərlərinin qəbuluna düşə bilib.

Emin Səfərov



Paylaş:


Müəllif : Tarix:
30-04-2021, 09:26
Sikayət   


loading...
Загрузка...