reklam
Regionxeberlericom.az » Sosial » Neftçala sakinləri çarəsiz durumda... - Başçı isə...

reklam

Neftçala sakinləri çarəsiz durumda... - Başçı isə...



“HOLLYWOOD”da çəkilən “Beşinci element” filminə baxmamış olmazsınız. “Azərbaycanfilm”in istehsalı olan “Torpaq, Dəniz, Od, Səma” filmi ilə oxşar sujet xətti olan bu filmin əsas məğzi ondan ibarətdir ki, beşinci element olan insanın olması üçün, qalan dörd elementin, torpağın, odun (Günəşin), suyun və havanın (küləyin) var olması labüd şərtlərdir.

Əgər insan orqanizminin 60 faizini maye təşkil edirsə, bu dörd elementin arasında suyun hansı önəmə sahib olmasını başa düşmək üçün o qədər də dərin ağıla sahib olmağa ehtiyac yoxdur.
Əbəs yerə, su-həyatdır deməyiblər axı…! Lakin əfsuslar olsun ki, Neftçala rayonunun başda şəhərin Köhnə qəsəbə adlanan hissəsi olmaqla bir çox yaşayış yerləri, kənd və qəsəbələri neçə illərdir ki, su problem ilə, ilin on iki ayı, sutkanın iyirmi dörd saatı sözün əsl mənasında ölüm-dirim savaşı verirlər.

Ötən ildən Kür çayında suyun şorlaşması bu savaşın pik həddi oldu. Rayona yeni su xəttinin çəkilməsi xəbəri hansı sevincə səbəb olmuşdu onu təsəvvür etmək çətindir. Lakin bu sevincimiz uzun sürmədi. Ötən il iyun-iyul aylarında şorlaşmağa başlayan Kür çayı, bu il artıq aprel ayından şor su ilə bizləri “sevindirdi”. Yeni çəkilən su xətti ilə verilən suyun həcmi hələ bu gün əhalinin tələbatını ödəmirsə, qarşıdan gələn qılınc kimi istilərdə biz neynəyəcəyik?!
Bu problemlə bağlı “Azərsu” ASC-nin qaynar xəttinə (955), rəhbərliyinə yazılı, şifahi neçə dəfələrlə müraciətlərimiz olub, nə faydası, problem necə var idisə eləcədə qalıb!
Neftçala Su-Kanal idarəsinin rəhbərliyinə də müraciət edəndə, idarənin müdiri cənab Nizami Manafov bildirir ki, yeni çəkilən su xəttinə verilən suyun həcminin artırılmasına “Salyan icazə vermir”?!
Binalara quraşdırılmış su sayğacları sadəcə görüntü yaratmaq üçün dayanıb, suyun yolunu gözləyə-gözləyə paslanırlar. Binaların qarşısına inşa edilmiş su çənləri yağışdan sonra çıxan göbələkləri xatırladır. Əvvəllər bu çənlərin yerində oturacaqlar, uşaqlar üçün oyun meydançaları var idi, indi isə daş, dəmir, plastik su çənləri?! Üstəlik bu çənlərə və çənlərdən mənzillərə suyun ötürülməsi üçün su nasosları! Bu nasoslara sərf olunan elektrik enerjisinin məbləğini hesabladıqda Neftçala Su-Kanal idarəsinin abonentlərə borcu çıxır, nəinki abonentlərin bu idarəyə. Həftə ərzində iki gün verilən suyun üstündə qonşular arasında çıxan saçyoldudan danışmaq ayıbıma gəlir. Əsasən gecə saatlarında gələn suyu nasosla çənə vuran zaman elektrik çarpması nəticəsində ölüm hadisəsi də “Azərsu”nun Yezidlərinə təsir etmədi!
Bütün bunlar azmış kimi hələ abonentlərə su pulu da hesablanır?! Necə deyərlər, utanmasan oynamağa nə var ki…! Ötən il məhəllələrə plastik su çənləri qoydular və bu çənlər vaxtaşırı su maşınları ilə doldurulurdu. Bu il bu çənləri yığışdırdılar, niyəsini konkret izah edən tapılmasa da, bəzilərinin dediklərinə görə bu çənlər satılıb! Babalı deyənlərin boynuna! “Azərsu”ya müraciət etməkdən cana yığılan əhali, məcbur qalıb kollektiv ərizə ilə ölkə başçısına müraciət ediblər. Bir sözlə Neftçalanın çox yeri Kərbəla, hər yeri Aşuradır!
Amma yaxşısını Allah bilir! Ümid Allahdan kəsilməz! Yəqin ki, bir gün bizim də dərdimizə dərman edən tapılar!
Ümidimiz göydə Allaha, yerdə Möhtərəm Prezidentimizədir! //gundelik-baku.com//


Paylaş:


Müəllif : Tarix:
7-05-2021, 09:27
Sikayət   


loading...
Загрузка...