reklam
Regionxeberlericom.az » Sosial » Ceyhun Bayramovun "ÜFÜRƏ-ÜFÜRƏ İÇDİYİ SU": - "Gözləyirlər ki, hər şeyi prezident etsin"

reklam

Ceyhun Bayramovun "ÜFÜRƏ-ÜFÜRƏ İÇDİYİ SU": - "Gözləyirlər ki, hər şeyi prezident etsin"



“Bu cür siyasətlə, eyni bəyanatları kopyalayıb verməklə çox uzağa gedə bilməyəcəyik”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Ermənistan-Azərbaycan dövlət sərhədində baş vermiş məlum insidentlə bağlı rəsmi İrəvanın qaldırdığı əsassız iddialara Azərbaycanın müvafiq dövlət strukturlarının verdiyi açıqlamaların üslubunu şərh edən politoloq Elxan Şahinoğlu səsləndirib.

Elxan Şahinoğlu mövcud vəziyyətdə yumşaq bəyanat verməyin mənasız olduğunu qeyd edib:

“Müqayisə etsək, görərik ki, Ermənistan Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi Azərbaycan əleyhinə daim təxribatlı açıqlama verirlər. Ermənistan tərəfinin guya onların hərbçilərini öldürməyimizlə bağlı son açıqlamalarını bizim müvafiq nazirliklərimiz bəyanat yayaraq yalanladılar. Yalandırsa, açıqlamanı sərt üslubda yaymaq lazımdır. Bu mesaj təkcə Ermənistana və Azərbaycan cəmiyyətinə ünvanlanmamalıdır. Bu mesaj dünyaya da ünvanlanmalıdır ki, Ermənistan yalan danışır, Azərbaycan onların hərbçilərinə atəş açmayıb. Bunu elə bir formada dünyaya çatdırmaq lazımdır ki, şübhə yeri qalmasın. Yoxsa yumşaq şəkildə bəyanat verməyin heç bir mənası yoxdur. Verilən bəyanatlar bir-birini təkrarlamamalıdır, peşəkar səviyyədə hazırlanmalıdır. Çünki isti müharibədən sonra Ermənistan Azərbaycana qarşı hibrid informasiya müharibəsi aparır. Təəssüflə qeyd etməliyəm ki, bu müharibədə geri qalırıq. Ona görə də son hadisələr kimi əlimizə fürsət düşmüşkən daha sərt açıqlamalar verilməlidir”.

Politoloq dövlət strukturlarında təşəbbüskarlığın olmadığını vurğulayıb və onların hər şeyi təlimatla etməyə öyrəşdiklərini bildirib:

“Müharibə günlərində informasiya savaşı da prezidentin çiyinlərində idi, 30-dan çox xarici jurnalistə müsahibə verdi. Mən bizim xarici işlər naziri Ceyhun Bayramovun o dönəmdə bir müsahibə belə verdiyini xatırlamıram. Gözləyirlər ki, hər şeyi prezident etsin. Bu, təşəbbüskarlığın olmamasından irəli gəlir. Hər şeyi yuxarıdan təlimatla etməyə öyrəşiblər. Bəyanat hazırlamağa da icazə almaq lazımdır? Onsuz da prezidentin mövqeyi bəllidir. Hər şeyi ondan gözləyirlər: Prezident desin, prezident həll etsin, prezident aparatından bizə təlimat gəlsin… Bir az məntiq, təşəbbüskarlıq ortaya qoysunlar. Yoxsa bu cür siyasətlə, eyni bəyanatları kopyalayıb verməklə çox uzağa gedə bilməyəcəyik. Təkcə Xarici İşlər Nazirliyini yox, həm də Diaspor Komitəsini, ombudsman aparatını nəzərdə tuturam. Bilməliyik ki, biz üç qüvvə ilə informasiya savaşı aparırıq: Bir tərəfdə Ermənistan hakimiyyəti və onun dövlət strukturları, digər tərəfdə erməni diasporu, o biri tərəfdə isə bu ikisinin havadarı olan Qərb və Rusiyadakı siyasi-hərbi mərkəzlər.

İsti savaşda Türkiyə bizə dəstək verdi, amma informasiya savaşında da Türkiyədən dəstək istəmək doğru deyil axı, biz bunu təkbaşına etməliyik.

Bir daha deyirəm, bu cür siyasət bizə ziyan verir”.


Paylaş:


Müəllif : Tarix:
26-05-2021, 16:46
Sikayət   


loading...
Загрузка...