reklam
Regionxeberlericom.az » Sosial » “İllərdir yığdığımız üç-beş müştərini də itirdik...” - NARAZILIQ!

reklam

“İllərdir yığdığımız üç-beş müştərini də itirdik...” - NARAZILIQ!



Koronavirus pandemiyasının pik vaxtlarında ölkədə insanların sıx toplaşdığı digər məkanlar kimi iri ticarət mərkəzləri də fəaliyyətini dayandırmalı oldu. Pandemiya əsasən iri ticarət mərkəzlərində işləyənlərə ciddi ziyan vurdu və ticarətçilər bir ildən çox faktiki işsiz qaldılar. Nəhayət Nazirlər Kabineti yanında Operativ Qərargah yoluxmaların azalmasını və vaksinasiyanı nəzərə alaraq iyunun 10-dan iri ticarət mərkəzlərinin fəaliyyətinin bərpa olunmasına qərar verdi. Və beləliklə iri ticarət mərkəzləri yenidən qapılarını müştərilərin üzünə açdı. Bəs ticarətçilərin güzəranı alver sarıdan necədir, onlar əvvəlki kimi alver edə bilirlərmi?

Virtualaz.org xəbər verir ki, belə ticarət mərkəzlərindən birində, panemiyadan əvvəl Bakının ən gur pal-paltar satışı mərkəzlərindən olan “Laçın” Ticarət Mərkəzində hazırda əvvəlki qələbəlikdən əsər-əlamət yoxdur. Bir neçə mağazada təmir gedir. Bunlar pandemiya zamanı icarəçilərin təhvil verib getdikləri mağazalardır, onları yeni icarəçilər öz bildikləri kimi “dizayn etməklə” məşğuldur. Kimi toz basmış vitrinləri silməklə, kimi də telefona baxmaqla vaxtını keçirir. Satıcılar deyirlər ki, ticarət mərkəzi bağlanandan sonra çoxları başqa ərazilərdə yer götürüb işləyiblər.

“Gördülər ki, bazarın açılması uzanır, mağazaları təhvil verib çıxdılar, başqa yerlərdə icarəyə mağaza götürüb işləməyə başladılar, ona görə də indi mağazaların bir çoxu boşdur, yeni icarəçiləri gözləyir”,-bazar “sakinlərindən” biri deyir.

“Laçın” ticarət mərkəzindəki mallar əsasən Türkiyədən və Çindən gətirilir. Amma yerli qeyri-leqal sexlərin mallarını “türk malı” adı ilə sırıyanlar da ənənəvi olaraq həmişə mövcud olub. Ticarətçilər bildirilər ki, anbarlarda satılmayan mallar yığılıb qalıb. Bununla belə Türkiyədən yeni mallar sifariş verənlər çoxdur, çünki böhranlı günlərin qismən də olsa arxada qaldığına inanırlar. Amma çoxları ənənəvi müştərilərini itirdiyini deyir.

“İllərdir çalışıb üç-beş daimi müştəri yığmışdım. Keyfiyyətli mallar gətirib satıram deyə daimi müştərilər gəlib alver edirdi, indi necə olacaq, bilmirəm. Çalışıram watsapp-la daimi müştərilərlə əlaqə saxlayım, onlara təzə mallar haqda məlumat verim, bəlkə yenə qayıdıb gəldilər”,-kişi kostyumları, gödəkçələri satan mağazanın İlahə adlı icarəçisi deyir.

Qadın geyimlərinin satışı ilə məşğul olan mağazanın satıcısı Teymur Həsənov da deyir ki, digər ticarət mərkəzlərindən fərqli olaraq “Laçın”ın daimi müştəriləri olub. Amma pandemiya dövründə onların bir qismini itiriblər. Ticarət mərkəzinin bir neçə gündür işləməsinə baxmayaraq alver zəifdir, gün ərzində iki-üç alıcı olanda sevinirlər. Mağazalarda “primerka” otaqlarından istifadə qadağan edilib, amma yaşlılardan fərqli olaraq cavanlar paltarı geyinmədən almaq istəmirlər.

Ticarət mərkəzinin qızıl-zinət əşyaları satılan bölümündə isə nisbətən qələbəlikdir. Bununla belə, satıcılar alverin zəif olduğundan şikayətlənirlər. Onların sözlərinə görə, alıcıdan çox öz zinət əşyasını satan, yaxud müəyyən pul qarşılığında yenisi ilə dəyişmək təklif edənlər var. Toyların qadağan edilməsi qızıl bazarına da təsirsiz ötüşməyib, üstəlik son bir neçə ayda qızılın qiyməti artıb.

“Toy yoxdur, buna görə də alver zəifləyib. Son üç gündə cəmi bir dəfə 400 manatlıq üzük sata bilmişəm”, -Arifə adlı satıcı gileylənib. Digər satıcı isə söhbətə müdaxilə edərək əlavə edib ki, toy-nişan üçün qızıl alanlar da bahalı dəstlərə üstünlük vermirlər, uzaqbaşı 1000-1500 manatlıq dəst istəyirlər. Halbuki pandemiyadan əvvəl 3000-5000 manatlıq dəstlər satılırdı. Ancaq satıcılar ümidlidirlər, toylara icazə veriləndən sonra qızıl bazarının canlanacağını düşünürlər.

Ticarət mərkəzinin gəlinlik paltarlarının kirayəsi bölümündə mağazların əksəriyyətinin qapısı qıfıllıdır. Çoxları günün birinci yarısınadək mağazanı açıb paltarları səhmana salır. Əminə adlı mağaza sahibi deyib ki, hələlik növbəti yumşaltma qərarını gözləyirlər: “Gəlinlik, yaxud nişan, qonaqlıq üçün paltar kirayəyə götürmək istəyənlər həmişə əvvəlcədən geyinirdilər, baxırdılar, sonra qərar verirdilər. İndi bu mümkün olmayacaq. Toylara icazə veriləndən sonra necə olacağını özümüz də bilmirik”.

Ticarət mərkəzinin girəcəyindəki piştaxtaların arxasında alver edənlər isə vəziyyətlərindən narazı görünmürlər. Satıcıların sözlərinə görə, ticarət mərkəzinin qapıları qıfıllansa da, onların işləməsinə icazə verilib. Pandemiyadan əvvəllə müqayisədə qazancları azalsa da, ümumilikdə vəziyyət o qədər də pis deyil.

“Sədərəkdən mal vururam, alver olur. Yəni içəridə alver edənlərə baxanda vəziyyətimiz yaxşıdır. Yer pulunu çıxarırıq, qazanc da olur”,-ayaqqabı satışı ilə məşğul olan satıcılardan biri deyib. Digər satıcı isə bildirib ki, içəridəki mağazasını təhvil verərək burdan yer götürüb. Buna görə də pandemiyanın pik günlərində belə az da olsa alveri olub.

Qyd edək ki, rəhbərlik tərəfindən ticarət mərkəzində çalışanlara koronavirusa qarşı vaksin vurdurmaq tapşırılıb.. Bildirilib ki, tələblərdən biri də əhali ilə işləyənlərin vaksin olunmasıdır, əks halda işləmələrinə icazə verilməyəcək...

Virtualaz.org


Paylaş:


Müəllif : Tarix:
19-06-2021, 13:54
Sikayət   


loading...
Загрузка...