reklam
Regionxeberlericom.az » Sosial » “Təsisindən az sonra büdcədən maliyyələşən REAL üçün çox şey asan görünə bilər” - QALMAQAL

reklam

“Təsisindən az sonra büdcədən maliyyələşən REAL üçün çox şey asan görünə bilər” - QALMAQAL



REAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli müxalifətə yeni mübarizə taktikası təklif edib. “Yeni Müsavat”ın xəbərinə görə, partiya funksioneri tarixə ekskurs edərək analogiya göstərib. O yazır ki, 22 sentyabr 1914-ci ildə Almaniyanın sualtı qayığı qəflətən, gözlənilmədən Britaniya sularında peyda olur və o zaman güclü hərbi dəniz donanmasına sahib Britaniyanın 3 zirehli kreyserini cəmi 1 saat 15 dəqiqəyə batırır: “1500 britaniyalı həlak olur, Böyük Britaniya şok yaşayır. Sonra uzun zaman bu əməliyyat müzakirə olunur, haqqında araşdırmalar aparılır, İkinci Dünya savaşında da bu taktikaya əl atılır. Rəqibi hazırlıqsız yaxalamaq, heç kəsin gözləmədiyi məqamda və məkanda üzə çıxmaq taktikasından söhbət gedir”, - deyə N. Cəfərli müxalifətə yol göstərir.

REAL-çı iddia edir ki, siyasətdə tez-tez sualtı qayıq taktikasından istifadə etmək mümkündür. Sitat: “Ölkəmizin siyasi səhnəsi çox qarışıb, müxaliflik pafosa və ancaq bəlli simvolizmlərlə mübarizəyə dönüb. Halbuki müxaliflik tək mövcud vəziyyətin təhlili və tənqidi deyil, həm də vəziyyətin dəyişməsi reseptinin təklifi və müzakirəsidir. Xalqımızın böyük bir hissəsinin siyasətdən kənarda qalmasının müxtəlif səbəbləri var. Amma bunu tək hakimiyyətin basqıları, hədə-qorxuları ilə izah etmək doğru deyil. Əsas məqamlardan biri heç bir inandırıcı resept olmadan ”bunlar pisdir, biz gəlsək, yaxşı olacaq" yanaşmasıdır. İndi ölkədə siyasi həyat durğunluq nöqtəsindədir, heç bir proses (seçki, referendum və s.) yoxdur, ağıllı siyasi partiyalar, təşkilatlar növbəti siyasi dalğalara, seçkilərə, yeni siyasi çağırışlara hazırlaşmalı, obrazlı ifadə etsək, sualtı qayıq kimi bəzən gözə görünmədən, dərinliklərə enərək öz işlərini keyfiyyətlə, ardıcıl görməlidir ki, zamanı yetişəndə, siyasi proseslər başlayanda heç kimin gözləmədiyi yerdə üzə çıxıb öz hədəflərinə çatsınlar".

Onun fikrincə, siyasət budur, siyasi taktika və strategiya belə qurulur, 30 ildir həm hakimiyyət, həm də bəzi müxalif qüvvələr siyasəti bəsitləşdirib hay-küyə çeviriblər: “Xalq da bunu görür, bilir, hiss edir, ona görə də siyasi proseslərdən uzaq durmağa çalışır...”

N.Cəfərlinin müxalifətin yeni mübarizə üsulları təklifinə, “sualtı qayıq" taktikasına münasibət bildirən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a bildirdi ki, müxalifətin mübarizəsi cəmiyyətin maraqlarına cavab verən üsuldadır. Onun fikrincə, bu mübarizənin nəticəsinin olmamasında daha böyük faktorlar axtarmaq lazımdır: “Azərbaycanda siyasi hakimiyyət dəyişikliyi geopolitik şərtlər və digər səbəblər üzündən olmayıb. İstər ABŞ, istərsə Qərbin demokratik inkişafda maraqlı görünən ölkələri əslində hər zaman iqtisadi maraqları önə çəkiblər. Bu da da demokratik dəyişikliklərə gətirib çıxarmayıb. O baxımdan müxalifətin mübarizə üsullarında günah axtarmağa ehtiyac yoxdur”.

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Nəsimi Şərəfxanlı bildirdi ki, REAL-çılar zaman-zaman özlərini fərqli, orijinal görünmək naminə fikirlər irəli sürüblər: “Natiq bəyin son açıqlaması da bu qəbildəndir. VHP rəhbəri sovetin qılıncının dalı da qabağı da kəsən vaxt 17 günlük Meydan hərəkatını idarə edən, 30 illik bir zamanda bütün avtoritar məhdudiyyətlərə rəğmən özünü qoruyub saxlayan, hər zaman parlamentdə mandat hüququ qazanan bir partiyadır. Eyni fikirləri bir çox müxalifət partiyalarına Müsavat, ADP, KXCP, Ümid və digər partiyalara aid etmək olar”.

N.Şərəfxanlı hesab edir ki, bu gün N.Cəfərlinin ittiham etdiyi müxalifət illərin sınağından keçib, həbslər, repressiyalar qarşısında demokratiya mübarizəsindən dönməyib: “Partiya olaraq təsisindən az sonra büdcədən maliyyələşən REAL üçün çox şey asan görünə bilər. Amma bu şəxslər yaxın tariximizə nəzər salsalar bugünkü mühitin məhz həmin müxalifətin mübarizəsi, dirənişi sayəsində formalaşdığını anlayarlar. Azərbaycan cəmiyyəti, Azərbaycan siyasi mühiti nəzəri politoloji ehtimallara uyğun deyil. Kitablardan oxunan, xarici ölkələrdən öyrənilən qaydalar burada özünü doğrultmur. Amma hər kəs öz yolunu, mübarizə üsulunu seçməkdə sərbəstdir. Realçılar da fərqli yol seçsinlər, reallığın nə olduğunu onlar da görsün”.

AĞ Partiya başqanının müavini Əhəd Məmmədli “Yeni Müsavat”a qeyd etdi ki, onlar illərdir mübarizə aparır, mücadilənin nədən ibarət olduğunu da gözəl bilirlər: “Kimsə bizdən daha yaxşı metod bildiyini zənn edirsə, buyursun, bu da meydan... Amma başqalarına ağıl verməsinlər. Kilkənin əli yağlıdırsa, öz başına çəksin. Ona görə öz partiyalarını hakimiyyətə gətirsinlər, biz də alqışlayaq”.

Ə.Məmmədli hesab edir ki, müxalifətin bu zaman kəsiyində metodu uğurlu olsaydı, əlbəttə, hakimiyyətə gələrdi: “Amma 13 ildir partiya qurublar. Bildiklərini edib nə üçün uğur qazanmırlar? Bir deputat mandatından yapışıblar. Əgər fərqli metodları vardısa, bu illər ərzində həyata keçirərdilər”.

KXCP İdarə Heyətinin üzvü Xəzər Teyyublunun sözlərinə görə, siyasi partiyanın fəaliyyəti cəmiyyətə açıq və şəffaf olmalıdır. Onun fikrincə, hansısa “sualtı qayıq” kombinasiyası, yaxud spontan addım ideyaları utopik görünür: “Demokratik ölkələrdə partiyalar nizamnaməyə uyğun işləyir, insanlar da onun platformasından xəbər tutur, partiyanın hakimiyyətə gəlməsinin hansı faydası olacağını öyrənirlər. Amma ”muşketyorluq" etmək, xalqdan qapalı fəaliyyət göstərmək, fərdlərlə iş görmək mümkün deyil. Siyasətdə kütləvilik olmalıdır, sosial mediadan istifadə edilməlidir, təşkilatlanma getməlidir".

X.Teyyublu hesab edir ki, Azərbaycanda siyasi təşkilatların fəaliyyəti üçün normal şərait yoxdur: “Qəfildən hakimiyyətə gəlmək absurd məsələdir, çünki əhali səni unudar, mövcudluğundan xəbər tutmaz. Belə təkliflər nağıla oxşayır. Bu, müharibə, ya partizanlıq deyil ki, qəfildən rəqibi hazırlıqsız vəziyyətdə yaxalayasan?! Xalq öz qəhrəmanını gözü qarşısında görmək istəyir”.
“Yeni Müsavat”


Paylaş:


Müəllif : Tarix:
23-06-2021, 12:29
Sikayət   


loading...
Загрузка...