reklam
Regionxeberlericom.az » Sosial » Gəncədə özbaşına VAKSİN TƏLƏBİ... - GİLEY

reklam

Gəncədə özbaşına VAKSİN TƏLƏBİ... - GİLEY



“Dünən idarə müdiri məni çağırıb dedi, COVİD-19 pasportu gətirməsən, bu ayın maaşı verilməyəcək. Get, nə edirsən, haradan düzəldirsən, tap gətir. Bizə yuxarıdan tapşırıblar ki, vaksin olunmayan işçiyə pul yoxdur…”

Bunu “Press Klub”un əməkdaşı ilə söhbətində Gəncə sakini Məhərrəm Salmanov deyir. (Ad şərtidir.) Şikayətçi bildirir ki, Mənzil Kommunal Təsərrüfatı Birliyinin işçisidir, şəhərdə zibil daşımaq işini həyata keçirirlər. O, ciddi daxili xəstəliklərinin olduğunu, bu səbəbdən peyvənd olunmaqdan çəkindiyini söyləyir: “İki dəfə əməliyyat olunmuşam, ağciyərlərimdə problem var. Həkim tanışım dedi sənə vaksin vurulması risklidir, əks göstərişləri ola bilər. İndi bilmirəm neyləyim, ötən ayın maaşını vermək fikirləri yoxdur, bu bahalıqda bir həftə pulsuz keçinmək də mümkün deyil, yeganə gəlirim bu 240 manat maaşdır. Vaksin vurdurmaqdan da qorxuram, mənə bir çıxış yolu göstərin…”

Azərbaycanda peyvənd olunmaq rəsmən könüllü olsa da, reallıqda bu, bir çox vətəndaş üçün artıq məcburi hala gəlib. Məsələn, bütün dövlət qurumlarında, səhiyyə, təhsil müəssisələrində çalışanlar bir nəfər kimi peyvənd olunub. Operativ Qərargahın toy şənlikləri ilə bağlı qoyduğu tələblər həm əhali, həm də xidmət personalının peyvəndlənməsini nəzərdə tutur. Məsələn, COVİD-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatı tələbi müəyyən edilən iş və xidmət sahələrinin işçilərinin ən azı 80 faizinin belə pasporta və ya sertifikata malik olması tələb olunur. Başqa sahələrdəki iş yerlərində də müxtəlif üsullarla işçilər COVİD-19 virusuna qarşı peyvəndlənməyə məcbur edilir, əks halda, işdən azad ediləcəkləri, yaxud əmək haqlarının kəsiləcəyi ilə hədələnirlər.

İdman və sağlamlıq-bərpa obyektlərindən yalnız COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatı olan şəxslər istifadə edə bilərlər. Bunlardan başqa, 50 nəfərdən artıq şəxsin iştirak edəcəyi toy-nişan şənliklərində də COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatı tələb olunur. Beləliklə, insanlar COVİD-19 virusuna qarşı peyvəndlənməyə məcbur edilir.

Məhz bu səbəbdəndir ki, TƏBİB-in randevu.its.gov.az portalında iyul ayı üçün əksər yerlər tamamilə doludur. Xüsusən ABŞ istehsalı olan “Pfizer” vaksini vurulan tibb müəssisələrində ayın sonuna qədər bir nəfər üçün belə boş yer yoxdur.

Qeyd edək ki, Azərbaycan vaksin vurulanların sayına görə MDB-də birincidir, rəsmi məlumata görə, 3 milyondan artıq vətəndaşa peyvəndin birinci dozası vurulub.

Peyvəndləmə əksər dünya ölkələrində könüllüdür. Bu işi həyata keçirən tibb məntəqələri və sair qurumlar əhalini vaksinasiyaya cəlb etmək üçün genişmiqyaslı maarifləndirici kampaniyalar, həvəsləndirici aksiyalar keçirirlər. Doğrudur, bir sıra ölkələrdə proses olduqca ləng gedir. Məsələn, Rusiya özü peyvəndin istehsalçısı olsa da, əhalinin cəmi 29 faizi peyvənd olunub, əksəriyyət bundan imtina edir. Bu günə qədər ən yüksək göstəricilər qeydə alınan İsraildə vaksinasiya 60 faizdən bir az artıqdır. Amma əhalini məcburi peyvəndləməyə cəlb etmək normal ölkələrdə heç bir qurumun ağlına gəlmir. Çünki bu, insan hüquqları məsələsidir, qərarı şəxs özü verməlidir. Dövlət yalnız təşviqedici, həvəsləndirici roldadır.

Azərbaycanda isə yuxarıda təqdim olunan faktlardan görünür ki, tibbi və başqa dövlət qurumları inzibati metodlarla, təzyiq üsullarından yararlanaraq vətəndaşları peyvəndlənməyə məcbur edir. Bu zaman iki ciddi problem və həll olunmamış məsələ üzə çıxır:

Birincisi, vaksin vurdurmaq istəməyənlər rüşvətlə COVİD-19 pasportu almağa çalışır və təlabatın böyük olması bu sahədə “qara bazar”ın formalaşmasına gətirib çıxarıb. Sosial şəbəkələrdə yayılan çoxsaylı məlumatlardan belə qənaət hasil olur ki, saxta arayışları müəyyən vəsait qarşılığında əldə etmək mümkündür.

İkincisi, ölkədə xeyli insan var ki, doğrudan da səhhətində problem var, peyvənd olunarsa, əks göstəriş yarana bilər. Bu barədə də yetərli məlumatlar var ki, vaksin olunan insanların səhhətində sonradan ciddi problemlər yaranıb, hətta ölümlə nəticələnib. Tibb qurumları indiyədək əhaliyə bu barədə detallı informasiya verməyiblər ki, hansı xəstəliyin daşıyıcıları üçün vaksin vurdurmaq risklidir. Həmin vətəndaşlar üçün arayış verilməsi mexanizmi də mövcud deyil. İnsanlar hara müraciət edəcəklərini, hansı sənəd əldə etməli olduqlarını bilmirlər. Çünki TƏBİB bu barədə informasiya bankını hələ də formalaşdırmayıb.

Daha bir problem koronavirus keçirib-sağalan, amma evdə müalicə aldıqlarına görə adları dövlət qurumlarının məlumat bazasına düşməyən insanların üzləşdikləri çətinliklərdir. Dünya Səhiyyə Təşkilatının təlimatına görə, onlar sağaldıqdan ən tezi 6 ay sonra peyvənd oluna bilərlər, bundan əvvəl vaksin vurdurmaq məsləhət deyil. Dövlət Statistika Komitəsi ilə TƏBİB-in məlumatlarını tutuşduranda məlum olur ki, Azərbaycanda evdə müalicə alıb, sağalmış insanların sayı infeksion xəstəxanalara müraciət edənlərin sayından bir neçə dəfə çoxdur. Eyni zamanda, ölüm sayında da kəskin fərq var. Rəsmi statistikaya görə, Azərbaycanda COVİD-19-dan 5 min nəfərdən bir az artıq insan həyatını itirib. Amma 2020-ci il və 2021-ci ilin birinci yarısında ölənlərin sayı əvvəlki 10 ilin statistikasının orta göstəricisindən azı 25 min nəfər çoxdur. Ehtimal olunur ki, onların əksəriyyəti koronavirusa yoluxaraq dünyasını dəyişib. Yəni onlar müxtəlif səbəblərdən xəstəxana şəraitində müalicə almayıblar. Qeyd edək ki, aidiyyəti qurumlar “artıq ölümlər”in səbəbləri barədə bu günə qədər hər hansı informasiya verməyiblər.

Beləliklə, yaranan mənzərə ondan ibarətdir ki, dövlət qurumları üzərlərinə düşən vəzifələri yerinə yetirmədən məcburi vaksinasiya aparmaqda qərarlıdırlar.

Vəziyyəti “Press Klub”a şərh edən hüquqşünas Hafiz Həsənov insanların COVİD-19-a qarşı peyvəndlənməsinin könüllü olduğunu xatırladıb. Onun sözlərinə görə, indiki halda vətəndaşların peyvəndlənməyə məcbur edilməsi qanunsuzdur və məsuliyyət yaradır. Hüquqşünas vurğulayıb ki, Nazirlər Kabinetinin bu barədə müvafiq qərarları da qanunsuzdur:

“Lakin hazırda qanunvericilikdə insanları peyvəndlənməyə məcbur etməyə görə nə intizam, nə inzibati, nə də cinayət məsuliyyəti müəyyən edilib. Maraqlıdır ki, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə inzibati və cinayət məsuliyyəti müəyyən edilib, ancaq insanların peyvəndlənməyə məcbur edilməsinə görə məsuliyyət yoxdur. Həmçinin, Əmək Məcəlləsində də işçilərin COVİD-19 peyvəndlənməsinə məcbur edilməsinin yolverilməzliyinə dair müddəa mövcud deyil. Hesab edirəm ki, bu hal Konstitusiyanın 25-ci maddəsi ilə təsbit olunan bərabərlik prinsipinə və 149-cu maddə ilə təsbit olunan “normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə, bərabər münasibətə) əsaslanmalıdır” prinsiplərinə ziddir”.

H. Həsənov hesab edir ki, bu səbəbdən insanların COVİD-19-a qarşı məcburi peyvəndlənməsi hallarına son qoyulmalı, vətəndaşları buna məcbur edənlərə qadağalar və məsuliyyət müəyyən edilməlidir:

“Eyni zamanda, Nazirlər Kabinetinin müvafiq qərarları da Konstitusiyaya ziddir və bu cür qərarlar Konstitusiya Məhkəməsi tərəfindən ləğv edilməlidir. Həmçinin, insanlar bu cür tələbləri və qərarları məhkəmələrədə mübahisələndirə bilərlər”. //pressklub.az//


Paylaş:


Müəllif : Tarix:
6-07-2021, 09:18
Sikayət   


loading...
Загрузка...