reklam
Regionxeberlericom.az » Sosial » Rusiya bu dəfə “KARTOFLA VURDU” – Bunu “Pomidor zərbəsi”dən az ağrı ilə yaşamaq olarmı?

reklam

Rusiya bu dəfə “KARTOFLA VURDU” – Bunu “Pomidor zərbəsi”dən az ağrı ilə yaşamaq olarmı?



Pomidor istehsalçılarından sonra Azərbaycanda kartof istehsalı ilə məşğul olan fermerlərin ciddi problemləri yarana bilər. Bu dəfə də problem şimal qonşumuz tərəfindən ortaya atılıb.

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətindən (“Rosselxoznadzor”) bildirilib ki, Rusiyaya göndərilən məhsullara nəzarət gücləndirilməsə, Azərbaycandan kartof idxalına qadağa qoyula bilər.

“Rosselxoznadzor” Avrasiya İqtisadi İttifaqının üzvü olan ölkələr üçün karantin obyekti olan qonur bakterial çürüməyə məruz qalmış kartofların aşkarlandığını bildirib. Xidmətdən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən pozuntunun səbəblərini aydınlaşdırmaq üçün araşdırma aparmaq xahiş olunub.

Qeyd edək ki, Azərbaycanın meyvə-tərəvəz ixracında kartof pomidordan sonra ikinci yeri tutur.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-iyun aylarında Azərbaycandan 91 797 ton kartof xarici ölkələrə ixrac olunub. İxrac olunan kartofun dəyəri isə 39 milyon 843 min dollara bərabər olub.

Dövlət Statistika Komitənin məlumatına görə isə, bu ilin iyul ayının 1-nə kimi 56,1 min hektar sahədə kartof əkilib. Əgər Rusiya tərəfi qadağanı rəsmiləşdirərsə, onda Azərbaycanda kartof istehsalçılarına küllü miqdarda zərər dəyə bilər.

Azərbaycan rəsmi qurumlarının mövqeyində isə hələ ki, fermerlərin taleyinə biganəlik müşahidə olunur. Kənd Təssərrüfatı Nazirliyindən məsələnin AQTA-nın səlahiyyətində olduğu bildirilərək, susmağa üstünlük verilir. Fermerlərin durumunun necə olacağı ilə bağlı sualı da hələ ki, cavablandırmağa tələsmirlər.

Qida Təhlükəsizliyi Agentliyindən isə diqqət məsələnin virus tərəfinə yönəldilib.

Qurumdan verilən açıqlamada bildirilib ki, dünyada bitgi virusları yayılıb, bu viruslar xüsusən pomidor və kartofu məhv edir. Fermerlərdən Rusiyaya göndərilən məhsullara nəzarəti gücləndirmək xahiş olunub. Bildirilib ki. Avrasiya İqtisadi İttifaqının tələblərinə uyğun olaraq, qonur bakteriya çürüməsi müşahidə olunan bölgələrdən Rusiyaya məhsul göndərilməsi qadağandır. Əkin-biçin məhsulları, toxumlar müayinə olunmalıdır. AQTA bu barədə fermerlərdən sənəd tələb edəcək. Virus aşkarlansa ciddi tədbirlər görüləcək, hüquq mühafzə orqanlarına da məlumat veriləcək.

İqtisadçı Akif Nəsirli isə hesab edir ki, iradların heç bir əsası yoxdur. O, Bizim.Media-ya açıqlamasında bunun Rusiyanın öz qurumu vasitəsilə Azərbaycana növbəti siyasi təzyiqi olduğunu deyib:

“Rusiya bazarında qat-qat keyfiyyətsiz məhsullar satılır. Amma biz Rusiyanın xarakterini dəyişə bilmərik. Öz daxilimizdə məsələni həll etməliyik. Azərbaycan hökuməti fermerləri maarifləndirməlidir ki, onlar yüksək standartlara malik məhsul istehsal etsinlər. Bu cür məhsulların dünya bazarının hər yerində müştəriləri var”.

İqtisadçı deyir ki, ölkəmizdə məsələ ilə bağlı digər problem isə meyvə - tərəvəz anbarlarının normal fəaliyyət göstərməməsidir:

“Həmin anbarlar təmir olunmalı və məhsulun orda saxlanılması üçün şərait yaradılmalıdır. Amma məhsulu saxlamaq üçün də keyfiyyət önəmlidir”.

Akif Nəsirlinin sözlərinə görə, kartof yığımını ləngidib, onu payızda yerli istehsala yönəltmək də olar.


Paylaş:


Müəllif : Tarix:
31-07-2021, 10:56
Sikayət   


loading...
Загрузка...