reklam
Regionxeberlericom.az » Sosial » Tokio - 2020-dən gözləntilərimiz: pullar “yeyildi”, idmanımız məhv oldu - AKTUAL

reklam

Tokio - 2020-dən gözləntilərimiz: pullar “yeyildi”, idmanımız məhv oldu - AKTUAL


Artıq bir neçə gündür Tokio-2020 Yay Olimpiya Oyunları başlayıb. Bu günlər ərzində Azərbaycan komandasının idmançıları çıxış etsələr də, təəssüf ki, hələ də uğurlu nəticə əldə etməyiblər. Maraqlıdır buna səbəb nədir? Ümumiyyətlə, bu olimpiadadan medal gözləyəkmi?

AYNA sualları idman yazarlarına ünvanlayıb:

İdman yazarı Sahib Əsədbəyli bildirib ki, medal sayı nəzərdə tutulursa, bu, hələ Olimpiya Oyunları başlamazdan əvvəl mümkünsüz görünürdü. “Ancaq "qızıl" rekordunun təkrarlanma ehtimalı az da olsa, qalır. Olimpiadada bir neçə gün arxada qalıb, ilk iki gündə mübarizəyə qoşulan idmançılardan Kəramət Hüseynov və Orxan Səfərovu fərqləndirməklə demək olar ki, elə bir gözlənti yoxuydu. Yarışanlardan cüdoçu Rüstəm Orucov və taekvondoçu Milad Beiqi Harçeqaniyə böyük ümidlər bəslənirdi. Onların medalsız qalmağı bir növ həyəcan siqnalı oldu. Amma ümumi götürəndə, hələlik ortada ümidlərin suya düşməsi kimi bir mənzərə yoxdur. Çünki əvvəldə dediyim kimi, Tokio 2020-nin Rio 2016 olmayacağı əvvəlcədən məlum idi”.

“Qarşıdakı günlərdə çıxış edəcək idmançılar arasında medala bir neçə namizəd var. Cüdoda Məmmədəli Mehdiyev, Zelim Kotsoyev, İrina Kindzerska, karatedə İrina Zaretska, Rafael Ağayev, güləşdə isə bir-iki nəfər istisna, digərləri mükafatlara iddialı təsir bağışlayır. Həmçinin boksda bir "qənimət" mümkündür. Gözləntim təxminən 4-6 arası medaldır”, - deyə Sahib Əsədbəli əlavə edib.

Jurnalist Məhəmməd Türkmən qeyd edib ki, ümumiyyətlə pandemiya idmanı məhv edib: “Mən elə də güclü nəticələr gözləmirəm. Çünki daha əvvəl idmanın inkişafına ayrılan pulları xaricdən idmançı gətirib, milli adına yarışa salıb, pulları "yeyənlər" idmanımızı məhv edib. Qısamüddətli, xarici idmançıların sayəsində uğurlar əldə edib, gənc, yerli idmançıların inkişafına pul xərcləməyənlər idmanın düşmənidir. Məqsədləri ancaq yeyinti olub”.

“Hazırda uğursuz çıxış edən idmançılarımız sosial şəbəkələrdə tənqid edilir, ələ salınır. Ola bilər ki, onların bəzilərinin bəhanəsi var, pandemiyada yaxşı məşq etməmək, hazırlaşmaq üçün imkanların məhdud olması və s. Amma elələri var ki, yarışa çıxmasalar daha çox fayda verərdilər. Ümumilikdə isə səbəb eynidir - bacarıqsız idarəçilik”,-deyə jurnalist Məhəmməd Türkmən qeyd edib.

İdman jurnalisti Sənan Şəfizadə isə deyir ki, Azərbaycan Yay Olimpiya Oyunlarına 40 lisenziya, yəni 44 idmançıyla qatılıb: “Olimpiyada planetin ən böyük yarışıdır. Bu yarışla bağlı proqnoz vermək çətindi. Fikrimcə, ölkəmizin idmançıları 5-6 medal qazanacaq. Cüdoda ağır çəkilərdə, karate və güləşdən medal gözləyirəm. 40 lisenziya ilə iştirak etdiyimiz olimpiyadada 5-6 medalımız olacaq. Rekordu yeniləmək deyil, heç yaxın getmək belə mümkün deyil. Rioda qazanılan 18 medal uzun illər təkrarlanmayacaq”.



Paylaş:


Müəllif : Tarix:
2-08-2021, 09:26
Sikayət   


loading...
Загрузка...