reklam
Regionxeberlericom.az » Sosial » Şuşanın qapısına yazaq ki, kimin girməyə haqqı var, kimin yoxdur? - QALMAQAL

reklam

Şuşanın qapısına yazaq ki, kimin girməyə haqqı var, kimin yoxdur? - QALMAQAL



“Virtual aləmdə xeyli “allahlar” peyda olub. İnsanlara haqq tanıyırlar, cəhənnəm və cənnət bölgüsü təyin edirlər. Çox acınacaqlı durumdur. Normal həyat tərzi olmayan, öz əxlaqı ilə seçilməyən adamlar əxlaq mövzusunda elə danışırlar ki, təəccüblə qalırsan. Ağır dövrdə yaşayırıq. Virtual aləm natamamlıqlarımızı üzə çıxardı”.

Bu sözləri Modern.az-a Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa sabiq prezident Ayaz Mütəllibovun Şuşaya getmək istəyinə görə tənqid edilməsinə münasibət bildirərkən deyib.

Fazil Mustafa Ayaz Mütəllibova “sənin Şuşaya getməyə haqqın yoxdur” deyənləri qınayıb:

“Ayaz Mütəllibov siyasətdə uğursuz adamlardan biridir. 20 Yanvar faciəsindən tutmuş, Laçın, Şuşa, Xocalı məsələlərinə qədər uğursuz siyasət yeridib. Amma onun hansısa mənəvi cəzasını müəyyən edən yaradandır, o dünyada Ayaz Mütəllibovun cavabını verəcək. Bu dünyada insana cəza kəsən isə məhkəmədir. Məhkəmə qərarı yoxdursa, insanların yalnız aldığı informasiyaya əsaslanaraq, kimisə mühakimə etməsi, hansısa cəzaya layiq görməsi qeyri-etikdir.

Mərhum xalq şairi Musa Yaqub deyirdi ki, bir günah sənindir, bir günah mənim. Deməli, hamının hansısa formada günahı var. Amma bir qrup insan özlərini sanki “təmiz ada”ya çəkib. Onlar “təmizlik adası”ndan dənizə baxıb, çirkaba bulaşdığını iddia edirlər. Bu cür aqressivlik haqq tanımazlıq yaxşı ənənədən xəbər vermir.

Ayaz Mütəllibovun siyasətinə mənim də münasibətim mənfidir. Amma bir dövrdə Azərbaycana rəhbərlik etmiş şəxsdir. Heç kim istəməz ki, onun dövründə torpaq işğal olunsun. Adamın qabiliyyəti çatmayıb, bacarığı olmayıb. Adam ahıl yaşında bir arzusunu dilə gətirib. Şuşanın qapısına yazaq ki, kimin girməyə haqqı var, kimin yoxdur? Şuşaya getməyi hər bir Azərbaycan vətəndaşı istəyə bilər. İndi biz onun kimə pul atdığını, dələduzluq etdiyini, haqsızlığını qabartmalıyıq? Ya da ki, birinci müharibədə məğlub olan zabitə, hərbçiyə deyək ki, məğlubsan, səni Şuşaya buraxmırıq? Şuşa hər bir azərbaycanlı üçün dəyərdir”.

Qeyd edək ki, Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibovun Şuşaya getmək istəyi ilə bağlı Modern.az-a açıqlaması geniş müzakirələrə səbəb olub. Bir çox insanlar onun Şuşaya getmək haqqının olmadığını deyərək, tənqidi fikirlər səsləndiriblər.


Paylaş:


Müəllif : Tarix:
6-08-2021, 09:58
Sikayət   


loading...
Загрузка...