reklam
Regionxeberlericom.az » Sosial » Xızıda varlı-kasıb AYRISEÇKİLİYİ... - GİLEY

reklam

Xızıda varlı-kasıb AYRISEÇKİLİYİ... - GİLEY


"Ağaclar quruyub, heyvanlar susuz qalıb. Heç olmasa insanları xilas etsinlər. Dərdləri, məqsədləri nədir, bizi niyə susuzluqdan qırırlar, bilmirik”.

Xızı rayonunun Sitalçay kəndində su problemi var.

Kənd sakinləri Meydan TV-yə danışırlar ki, kənddəki əsasən "vağzal”, "pasyolka” kimi tanınan hissəsində və məcburi köçkünlərin məskunlaşdığı ərazidə su yoxdur.

"Xətlər darlaşdırılıb, motorlar quraşdırılıb, su başqa ərazilərə verilir”

Kənd sakini Malik Zeynalovun sözlərinə görə, təkcə "vağzal” adlanan ərazidə təqribən 40 ailə yaşayır. Bu əraziyə su Sovet vaxtı çəkilmiş şollar su kəməriylə ötürülür. Əvvəllər kəndə gələn həmin su borusu 200 mm diametrli olub, ancaq sonradan 100 mm diametrli borularla əvəzlənib:

"Üstəlik, həmin borudan motorlarla su başqa ərazilərə ötürülür, özümüz susuz qalmışıq. Biz məsələni ictimailəşdirmək barədə qərar verəndən sonra 2 gündür ki, əl-ayağa düşüblər, gün ərzində 2-3 saat su verilir, bu su da 40 ailədən cəmi 10-15 ailəyə gedib çıxır, qalanları yenə susuzdur”.

Sakinlərin sözlərinə görə, təqribən iki il əvvəl kəndə su xətti çəkilsə də, işlər yarımçıq qalıb: "Əslində işlərin çox hissəsi görülüb, təqribən 20 faiz iş qalıb, bilmirik ki, niyə başa çatdırmırlar. Bu su xəttini kənddə su problemi olduğuna görə büdcədən pul ayırıb çəkirdilərsə, niyə yarımçıq saxlayıblar, bizə məlum deyil. Bir neçə dəfə özümüz o işləri başa çatdırmaq istədik, ancaq imkan vermədilər ki, bu, dövlətin işidir, əl vurmayın”.

"Ayrı-seçkilik edirlər, suyu villalara ötürürlər”

Sakinlər su problemilə bağlı dəfələrlə Xızı rayonundakı aidiyyəti qurumlara üz tutsalar da, hər dəfə boş vədlərlərlə geri qayıdıblar: "Dəfələrlə icra hakimiyyətində, "Azərsu” ASC-nin yerli idarəsində olmuşuq, hər dəfə boş vədlərlə yola salıblar. "Azərsu” ASC-nin "955” qaynar xəttinə zəng vurmuşuq, ya cavab vermirlər, ya da bizə yalan danışırlar. Yayın cırhacırında bir udum suya həsrət qalmaq nə deməkdir, bunu susuz qalanlar bilər. Burda məmurların malikanələri var ki, günün 24 saatı suyu kəsilməz. İnsanların gözü qarşısında bu boyda ayrı-seçkilik edirlər, birini gecə-gündüz su ilə təmin edirlər, o birini illərlə suya həsrət qoyurlar. Dediyimiz kimi, kənddən dörd su borusu keçir, biri Hacı Zeynalabdin Tağıyevin çəkdirdiyi su borusudur, biri Sovet hakimiyyəti vaxtı çəkilmiş borudur, biri Samur-Abşeron kanalından gəlib keçib başqa rayonlara gedən borudur, biri də yeni çəkilmiş Taxtakörpü-Ceyranbatan su borusudur. Bir var su olmaya, deyəsən, yoxdu, bir də var kənddən dörd mənbənin su borusu keçib gedə, sənsə bu borulara kənardan susuzluqdan yana-yana qal...”

Günah abonentlərdədir?..

Əhalini qıcıqlandıran məsələlərdən biri də "Azərsu” ASC-nin Xızıda tikdiyi yeni binasıdır. Sakinlər deyir, kiçik bir rayonda keyfiyyətsiz, yarıtmaz xidmət göstərən bir qurumun ikimərtəbəli binasının tikintisinə xərclənmiş vəsaitlə yarımçıq qalmış işləri tamamlamaq olardı.

"Azərsu” ASC-nin Xızı rayon Sukanal İdarəsindən məsələyə münasibət öyrənmək mümkün olmasa da, yerli icra hakimiyyətindən Meydan TV-yə bildirilib ki, Xızıda yüksək məhsuldarlığa malik su mənbələri olmadığından, yaşayış məntəqələrinin su təchizatının müxtəlif mənbələr hesabına təmin olunması layihələndirilib. Bu layihələr mərhələli şəkildə həyata keçirilir. Qurumdan bildirilib ki, Sitalçayda su problemini yaradan elə sakinlər özləridir. Çünki sakinlər ana xətdən ünvanlarına gedən su xətlərinə motor quraşdırmaqla suyun təzyiqini artırır, nəticədə digər abonentlərə su ya gedib çatmır, ya da aşağı təzyiqlə çatır. Sakinlərsə qurumun bu sözüylə razılaşmır, onlar bildirirlər ki, heç ana xətdə də su yoxdur. "Çünki ana xəttin suyu birbaşa məmurların villalarına ötürülür, heç gəlib məhəllələrimizə çatır ki, motorla çəkək?”, - deyə sakinlər bildirib.



Paylaş:


Müəllif : Tarix:
17-08-2021, 08:52
Sikayət   


loading...
Загрузка...