reklam
Regionxeberlericom.az » Sosial » Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisinin məhkəməsində şahidlər ifadə verib

reklam

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisinin məhkəməsində şahidlər ifadə verib



Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid ifadələri dinlənilib.

Məhkəmə iclasında şahid qismində "İnkişaf-Təmir-Tikinti" şirkətinin təsisçisi Zahid Cabbarov ifadə verib. O, sabiq idarə rəisi ilə yaxın dost olduğunu deyib: "Zakir Sultanov ilə 2008-ci ildən tanışıq. Sonradan bir neçə tikinti-bərpa işləri üçün elan olunan tenderdə bizim şirkət qalib gəldi. 2010-2011-ci illərdə Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən Mədəniyyət mərkəzinin abadlaşdırılması və Binəqədi rayonu, Rəsulzadə qəsəbəsindəki Musiqi məktəbinin bərpası üçün bizim şirkətə vəsait ayrıldı".

Şahid ifadəsində onu da deyib ki, Zakir Sultanovun tapşırığı ilə onun təsisçisi olduğu sözügedən şirkətə ayrılan vəsaitdən 1 milyon 275 manat "Bakı Abadlıq MMC"-nin hesabına köçürülüb. Həmin vəsait isə şəhərdə abadlıq işləri aparmaq üçün istifadə edilməli imiş.

Prokurorun sualını cavablandıran Z.Cabbarov ayrılan vəsaitdən Zakir Sultanova hər hansı miqdarda faiz verilmədiyini bildirib.

Daha sonra hakim şahidin hazırkı ifadəsi ilə istintaqa verdiyi ifadənin ziddiyyət təşkil etdiyinin deyib. Hakim bildirib ki, hazırda şahid qismində ifadə verən Zahid Cabbarov istintaqa verdiyi ifadədə onun şirkətinə ayrılan vəsaitdən 15-17 faizini nağdlaşdıraraq Zakir Sultanova təqdim etdiyini deyib.

Daha sonra şahid qismində tarixi abidələrin tədqiqi ilə məşğul olan Mətləb İsmayılov ifadə verib. M. İsmayılov da ifadəsində Zakir Sultanovu tanıdığını və tarixi abidələrlə bağlı bəzi işləri birlikdə apardığını deyib: "Artıq 10 ildir ki, tarixi abidələrlə bağlı işlərə məşğul oluram. Təqsirləndirilən şəxsi isə sonradan tanıdım. Plana görə görüləcək iş üçün ayrılan vəsaitin 20 faizini nağd şəkildə sabiq idarə rəisinə geri qaytarırdım."

Daha sonra Zakir Sultanov çıxış edərək tarixi abidələrdən birinin təmiri zamanı öz şəxsi vəsaitindən 50 min manat ödədiyini deyib.

Təqsirləndirilən şəxsin son ifadəsinə hakimlərdən biri münasibət bildirərək 2 min manat əmək haqqı alan bir idarə rəisinin 50 min manatı haradan aldığını soruşub. Zakir Sultanov cavabında bunu görüləcək işlərdən biri üçün ayrılan smetada çatışmazlıq olması ilə əlaqələndirib.

Növbəti proses avqustun 27-nə təyin olunub.

Qeyd edək ki, təqsirləndirilən şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı sabiq nazir müavini Rafiq Bayramovla birgə saxlanılıb. Daha sonra onlar barəsində başlanan cinayət işi ayrı icraata götürülüb.

Z.Sultanova Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun Bakı Ağır Cinayətlər Məhkəməsində keçilən cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

R. Bayramov 8 il azadlıqdan məhrum olunub.


Paylaş:


Müəllif : Tarix:
20-08-2021, 16:13
Sikayət   


loading...
Загрузка...