reklam
Regionxeberlericom.az » Sosial » Azərbaycanda rayonlar ləğv edilib quberniyalar qurularsa... - MÜZAKİRƏ

reklam

Azərbaycanda rayonlar ləğv edilib quberniyalar qurularsa... - MÜZAKİRƏ


Azərbaycan hökumətinin quberniya sisteminə keçidə hazırlaşdığı ilə bağlı məlumatlar yayılır. Bunun üçün referenduma gediləcəyi haqda da bilgilər var. Sadəcə, işğaldan azad edilmiş ərazilərdə bu prosesi aparmaq hələlik mümkün olmadığı üçün proses ləngiyir. Səbəb isə odur ki, icra hakimiyyəti institutu artıq özünü doğrultmur və korrupsiyaya, dövlət vəsaitlərinin mənimsənilməsinə zəmin yaradan bir mexanizmə çevrilir.

Mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlama verən deputat Fəzail Ağamalı bildirdi ki, bu haqda fikirlər dəfələrlə ortaya gəlib, rəylər verilib, təkliflər səsləndirilib: “Bir neçə il öncə həmin təklifi verənlər arasında mən də var idim. Mənə elə gəlir ki, bu rayon inzibati ərazisi sovet dövründən qalan bir bölgüdür. Etiraf olunmalıdır ki, müstəqillik qazandıqdan sonra bu inzibati ərazi bölgüsü cəmiyyət inkişaf etdikcə, çağırışlar ortalığa gəldikcə, özünü doğrultmadı. Ola bilsin ki, rayonlar müəyyən zaman kəsiyində, xüsusilə keçid dövründə, ərazilərimizin 20 faizinin işğal altında olduğu dövrdə bu ərazi bölgüsü saxlanılırdı. Reallıq isə bundan ibarətdir ki, bu bölgü özünü doğrultmur. Bu bölgü vilayətlər, əyalətlər, quberniyalar şəklində gündəmə gəlmişdi. Bir gün quberniyalar daha populyardır. Müxtəlif ölkələrdə də bu tətbiq olunur. Bu cür dəyişikliyə ehtiyac duyulur, ancaq bizdə belə bir məlumat yoxdur ki, həqiqətən də hökumətdə hazırlıq gedir.

Bu dəqiqə onu deyə bilmərəm, ancaq əgər ölkənin idarəetmə sistemində bu cür dəyişikliklərə gedilərsə, səmərəli olar. Həm də ölkə prezidentinin 2018-ci il prezident seçkilərindən sonra yaşamış olduğu islahatların məntiqinə, mahiyyətinə də uyğun gəlir. Nəzərə alaq ki, artıq işğala məruz qalmış olan rayonlarımız da azadlığa qovuşub. Ölkə Prezidenti Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonunu təsdiq etdi. Təbii ki, digər çağırışlar da var. O səbəbdən, belə bir dəyişikliyin aparılmasını məqsəduyğun hesab edirəm".

Sabiq maliyyə naziri , iqtisadçı alim Fikrət Yusifov isə hesab edir ki, son illər ərzində bir neçə dəfə son bu barədə mətbuatda yazıb və hazırkı idarəetmənin səmərəsizliyi vurğulanıb: “80-dən yuxarı rayon var, bu çox böyük rəqəmdir. Azərbaycan boyda ölkə üçün bu qədər bölgü idarəetmənin operativliyini, çevikliyini azaldır. Bu səbəbdən əyalətlər və ya quberniyalar şəklində, hər 5-6 rayonun bazasında bir quberniyanın yaradılması yaxşı olardı. Azərbaycanda təxminən 12-15 arası quberniya yaradılsaydı, yerlərdə daha çevik idarəetmə siyasətini təmin etmək mümkün olardı. Bir məsələnin həlli üçün müraciət ediləcək ünvanların sayı azalardı. Quberniya olsa burada artıq seçki məsələsi də gündəmə gələcək, qubernatorlar seçki yolu ilə seçilən şəxslərdir. Bu sistemin müsbət cəhətləri çoxdur və ona getmək lazımdır”.

F.Yusifov hesab edir ki, işğaldan azad olunmuş ərazilərimizin öncə iqtisadiyyatımıza mənimsənilməsi lazımdır: “Öncə Qarabağ iqtisadi rayonu da bərpa edilməli və bütövlükdə islahatlar keçirilməlidir ki, məsələ həllini tapsın. Hesab etmirəm ki, bu uzun zaman çəkəcək. Mütləq deyil ki, azad olunan rayonlar tam olaraq yaşayış sahəsinə çevrilsin, sonra islahatlar aparılsın. Artıq müəyyən işlər getdikdən sonra da həmin bölgələrdə quberniyalar yaradıla bilər. Əsas odur ki, orada idarəçiliyin çevikliyi təmin olunsun. Eyni zamanda hər bir quberniya mövcud olduğu ərazidə həm iqtisadi, həm sosial məsələlərin həllində operativliyi təmin etməyə imkan verir. Baxın, bu gün rayonlarımızın hansının icra başçısı xaricdən 1 dollar investisiya cəlb edə bilib? Mövcud investisiyaları da hökumət gətirib, dövlət başçısı gətirib. Bu baxımdan idarəetmədə belə bir dəyişikliyin olması yerinə düşərdi”.




Paylaş:


Müəllif : Tarix:
7-09-2021, 10:55
Sikayət   


loading...
Загрузка...