reklam
Regionxeberlericom.az » Sosial » Seçiciləri onu ƏLİÇIRAQLI AXTARIR... - Əgər ortaya çıxmasa...

reklam

Seçiciləri onu ƏLİÇIRAQLI AXTARIR... - Əgər ortaya çıxmasa...



Redaksiyamıza Azərbaycan Respublikası Milli Məclisinin üzvü cənab Şahin Seyidzadəyə bir qrup seçicisi tərəfindən ünvanlanmış müraciətin surəti daxil olub. Müraciətdə Ceyranbatan və Saray qəsəbəsində yaşanan kommunal problemlərdən bəhs olunur və deputatdan bu problemlərin həlli istiqamətində mümkün addımları atması xahiş olunur... Bir də seçiciləri cənab deputatı bu problemlərin canlı şahidi olması üçün yaşayış massivlərinə dəvət edir.

Biz də Yenixeber.org olaraq 50 saylı Abşeron-Qobustan seçki dairəsindən mandat sahibi olan Şahin Seyidzadə ilə əlaqə yaratmaq və seçicilərinin problemi ilə bağlı hansı addımları atacağını öyrənmək istədik. Təəssüf ki, bu istiqamətdəki cəhdlərimiz nəticəsiz oldu. Köməkçisi Rəşad Musayev bir aya yaxındır ki, deputatın müraciətə reaksiya verəcəyini desə də, olmur... Nəhayət günlərdir ki, köməkçiyədə zəng çatmır(?)

Mövzunun aktuallığını nəzərə alıb, müraciəti olduğu kimi dərc edirik:

"Hörmətli Şahin müəllim,

Biz- Abşeron rayonu Ceyranbatan və Saray qəsəbəsinin sakinləri 15 ilə yaxındır ki, bu iki qəsəbəni ayıran H. Zərdabi küçəsində (Qəsəbə sakinləri arasında “KQB yolu” deyilir) məskunlaşmışıq. Ölkəmizin ictimai-siyasi həyatında daim aktiv iştirak etmiş, əsası ümummilli liderimiz tərəfindən qoyulan və bu gün cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətin tərəfdarı olmuşuq. Sonuncu parlament seçkilərində də aktiv iştirak etmiş və Sizi seçmişik. Sevindirici haldır ki, cənab prezidentimizin rəhbərliyi ilə bu gün ölkəmizin bütün regionları, kənd və qəsəbələri inkişaf edir, abadlaşır.

Hörmətli Şahin müəllim, 15 ilə yaxındır ki, yaşadığımız massivdə ucqar dağ kəndlərini xatırladan problemlərlə baş-başayıq...Kütləvi yaşayış olan H. Zərdabi küçəsi 30 il əvvəlin Balaxanı zibilliyini xatırladır. Zibil qutuları yararsızlığı səbəbindən tamamilə yığışdırıldı. İndi küçələrimiz zibil torbaları ilə “bəzənir”. Həftənin iki günü zibil torbalarının küçələrdən toplanacağı deyilsə də, olmur: günlərlə zibil daşınmır. Nəticədə qalaqlanmış zibil yandırılır ki, bunun da hansı mənzərə olduğu, hansı fəsadları törətdiyi bəllidir. Bu faciənin nə olduğunu ancaq bizim kimi yaşayanlar bilər.

Bizi narahat edən ikinci problem isə kütləvi gediş-gəliş olan küçələrimizin işıqlandırılmamasıdır. Gecələr zülmətə qərq olmuş küçədə az qala hər gün bir kriminal hadisə baş verir. Nəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkəti qaranlıq küçədə bizi hər an yeni təhlükələrlə üz-üzə qoyur. Çoxlu sahibsiz itlərin olması da başqa bir bəladır. Gecə saatlarında H. Zərdabi küçəsi ilə hərəkət etmək bilərəkdən özünü təhlükəyə atmaq deməkdir.

Paytaxtətrafı bir qəsəbədə bu problemlərlə yaşamaq inandırıcı olmasa da, acı reallıqdır. Nə yazıq ki, bizlər bu acı reallıqla yaşayırıq... Dəfələrlə aidiyyatı rəhbər şəxslərə müraciət etsək də nəticə olmayıb.
Hörmətli Şahin müəllim, Sizdən xahiş edirik ki, bizim yaşayış məhəlləmizə gəlib, bizimlə görüşəsiniz. Hələ sadalaya bilmədiyimiz problemlərimizi, acınacaqlı durumumuzu öz gözünüzlə görəsiniz. Və aidiyyatı təşkilatlar qarşısında problemlərimizin həlli üçün məsələ qaldırasınız. Ümid edirik ki, belə də olacaq və daha da yüksək instansiyalara müraciət etməyimizə ehtiyac qalmayacaq".

Redaksiyadan: Bu gün müraciət müəlliflərinin redaksiyamıza verdikləri məlumata görə yaxın günlərdə deputat "varlığını göstərməsə" digər instansiyalara müraciət edəcəklər...Həm də Şahin Seyidzadənin deputatlıq haqqı ilə bağlı. Mövzunun davamı olacaq.


Paylaş:


Müəllif : Tarix:
9-09-2021, 09:14
Sikayət   


loading...
Загрузка...