reklam
Regionxeberlericom.az » Sosial » Əbülfəs Qarayev və müavininin “otkat” oyunu - İSTİNTAQ MATERİALLARI

reklam

Əbülfəs Qarayev və müavininin “otkat” oyunu - İSTİNTAQ MATERİALLARI



Mədəniyyət nazirinin keçmiş müavini Rafiq Bayramovun törətdiyi əməllərlə bağlı mətbuatda müxtəlif zamanlarda yazılar dərc olunub.

Oxu.Az məhkəmə istintaqının materialları əsasında növbəti bəzi məqamları təqdim edir.

İstintaq materiallarına əsasən, Rafiq Bayramov vəzifədə olarkən regional mədəniyyət idarələrindən külli miqdarda rüşvət alıb. O, sonuncu belə rüşvəti Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi Höccət Əsədullayevdən dolayı yolla rüşvət alarkən yaxalanıb.

Höccət Əsədullayev 2020-ci ilin mayın 8-də təxminən saat 11 radələrində Rafiq Bayramovun iş otağına gəlir, pul şəklində nazir müavininə “hörmət” etmək istəyir. Nədənsə Rafiq Bayramov bundan imtina edir, daha doğrusu özünü elə göstərir. Çünki Höccət Əsədullayev Rafiq Bayramovun imtinasından sonra həmin pulu onun sürücüsünə verəcəyini deyəndə nazir müavini buna etiraz etmir.

Höccət Əsədullayev otaqdan çıxan kimi Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ora təşrif buyururlar və nazir müavininin xidməti otağına baxış keçirirlər.

Rafiq Bayramov tenderlərdən də qazanıb. Üstəgəl 2019-cu ildə regionlarda mədəniyyət müəssisələrində aparılacaq təmir işlərinə ayrılan 1 500 000 manatın 10 faizi (150 000 manat) “otkat” şəklində geri qayıdıbmış, Rafiq Bayramov həmin vəsaiti il ərzində hissə-hissə nazir Əbülfəs Qarayevə ötürürmüş.

Əbülfəs Qarayev isə ona çatan məbləğin 15-20 faizini nağd şəkildə müavini Rafiq Bayramova verir, bir qismini isə nazirlik əməkdaşlarına mükafat şəklində paylayır.

İstintaq materiallarında “otkat” prosesinin davamlı olduğu göstərilir, bununla bağlı müxtəlif zamanlarda şirkət rəhbərləri ilə işbirliyi qurulduğu da bildirilir.

2019-cu ilin fevral ayından 2020-ci ilin mart ayınadək Mədəniyyət Nazirliyinin vəsaiti hesabına “Baku Guide – Culture Guide” jurnalının nəşri həyata keçirilib.

Həmin jurnalın ayda 1 dəfə olmaqla ildə 12 buraxılışı olub, nazirlik tərəfindən jurnalın nəşrinə illik təxminən 200 000 manat vəsait ayrılıb.

İstintaq materiallarından aydın olur ki, Rafiq Bayramov satışdan əldə olunan gəlirdən də pay alıb.

2019-cu ilin əvvəlindən etibarən isə “Baku Culture” jurnalı çap olunmağa başlanılır, işə şöbə müdiri İntiqam Hümbətov nəzarət edir. O, 11 ay ərzində öz təşəbbüsü ilə Rafiq Bayramova 27 500 manat pul verir. Lakin istintaq materiallarından aydın olur ki, Rafiq Bayramov həmin pulu tələb kimi ondan istəmirmiş, bu, sadəcə nazir müavininə “hörmət” idi.

Qeyd edək ki, 2020-ci ilin mayın 8-də məhkəmənin qərarı əsasında mədəniyyət nazirinin müavini Rafiq Bayramov və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanovun xidməti və yaşadıqları ünvanlarda əməliyyat keçirmişdi.

Prezident İlham Əliyevin 2020-ci ilin mayın 9-da imzaladığı sərəncamlarla hər iki şəxs tutduqları vəzifədən azad olunmuşdu.

Rafiq Bayramov 2021-ci ilin avqustun 17-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Zakir Sultanovun isə məhkəmə prosesi davam etdirilir, işə Bakı Ağır Cinayətlər Məhkəməsi baxır.

(ardı var) //oxu.az//


Paylaş:


Müəllif : Tarix:
14-09-2021, 16:59
Sikayət   


loading...
Загрузка...