reklam
Regionxeberlericom.az » Sosial » "Bu adamlar əlilliklərindən sui-istifadə edib dövləti çıxılmaz duruma salırlar" - QALMAQAL

reklam

"Bu adamlar əlilliklərindən sui-istifadə edib dövləti çıxılmaz duruma salırlar" - QALMAQAL


“Vətən müharibəsi əlillərinə kömək” İctimai Birliyinin sədri Qurban Məmmədovun dələduzluq və sənəd saxtalaşdırmağa görə 2 dəfə məhkum edilməsi haqda “Yeni Müsavat”ın ötən sayında yazmışdıq. İctimai birlik sədrinin adı Bakının Nərimanov rayonunun ərazisində, Dərnəgül 1 ünvanı ilə Ziya Bünyadov prospektinin kəsişməsində piyada səkisi və yaşıllıq zolağından ibarət dövlət torpağının reyder hucumu ilə zəbtinə cəhdə qarışıb. 2020-ci il Qarabağda torpaqlarımızın azad edilməsi üçün aparılan Vətən müharibəsi günlərində Qurban Məmmədovun müavini İlyas Şamilov, özünü “Vətən müharibəsi əlillərinə kömək” İctimai Birliyinin Nizami rayon təşkilatının sədri kimi təqdim edəm Şahlar Teymurov, maklerliklə məşğul olan Yusif Abdullayev və başqaları Nərimanov rayonunda torpaq zəbti üçün hərəkətə keçiblər. Ərazinin zəbtinə cəhd “Magistral Ekspress” ASC-də çalışan kiçik sahibkarların ciddi etirazına səbəb olub və onlar reyder hucumunda iştirak edənlərdən qanunsuz əməllərə son qoymalarını tələb ediblər. Həmin vaxt özünü Qurban Məmmədovun müavini kimi təqdim edən İlyas Şamilov, Şahlar Teymurov, makler Yusif Abdullayev və digərləri kiçik sahibkar Anar Ənvər oğlu Dəmirovu ölümcül döyüb, onun başına küt alətlə zərbə endiriblər. Kiçik sahibkar aldığı xəsarətdən komaya düşüb.

Məsələyə hüquq-mühafizə orqanları müdaxilə edib və Anar Dəmirov iş yoldaşları tərəfindən huşsuz halda xəstəxanaya aparılıb. Anar Dəmirov komadan 4 gün sonra ayılıb. Kiçik sahibkar “Yeni Müsavat”a deyib ki, ona qarşı cinayət qeydə alınsa da, bu günə qədər araşdırılmamış qalıb: “Baş prokuror Kamran Əliyevə dəfələrlə məktub yazmışam ki, mənə qarşı cinayət törədən şəxslər cəzalandırılsın. Mən Vətən müharibəsi günlərində Neyrocərrahiyyə Xəstəxanasında 4 gün komada qalmışam. Həmin xəstəxana o günlərdə vətən üçün döyüşüb xəsarət alan əsgərlərimizə ayrılmışdı. Əsgərimiz torpaq uğrunda xəsarət alıb xəstəxanaya düşən o şərəfli günlərdə bu adamlar ölkə rəhbərliyinin başının qarışıq olmasını fürsət bilmişdilər. Hucum edib Bakıda, Nərimanov rayonunda bizim iş yerinin qabağında dövlət torpağını, səki və yaşıllıq zolağını ələ keçirməyə cəhd edirdilər. Mənə xəsarət yetirməklə xəstəxanaya salıb orada müalicə oluna biləcək əsgərimizin çarpayısını da zəbt eləmişdilər. Bu adamlar əlilliklərindən sui-istifadə edib dövləti çıxılmaz duruma salırlar. Onlar mütləq cəzaya çatdırılmalıdır”.

Kiçik sahibkar Anar Dəmirov deyir ki, sağlamlığının cinayət nəticəsində pozulması ilə bağlı 14 oktyabr 2020-ci ildə Nərimanov Rayon Polis İdarəsinə və 17-ci Polis Bölməsinə şikayət edib: “Lakin mənim şikayətim araşdırılmır. İzahatım belə alınmadan cinayət işinin başlanması qiyabi şəkildə rədd edildi. Nərimanov Məhkəməsinin 21 aprel 2021-ci il tarixli qərarı ilə polisin qərarı ləğv edildi, yeni araşdırmanın aparılması üçün qərar Nərimanov RPİ-yə, oradan da 17-ci polis bölməsinə göndərildi. Lakin təhqiqat-istintaq orqanı növbəti dəfə ən zəruri istintaq hərəkətlərini belə yerinə yetirmədi, məhkəmə qərarını rədd materialına əlavə etməklə kifayətləndi. Vəkilim həmin şikayət ərizəsinin araşdırılması ilə əlaqədar həmin instnasiyalarda olsa da, onlar işi bir-birinin üstünə ataraq məsələyə hüquqi qiymət vermək üçün zəruri addımları atmaqdan imtina edirlər. Nəhayət, bu yaxınlarda Nərimanov RPİ-nin müstəntiqi Ceyhun Cəlalov yenicə işə başlamaq istəyirdi ki, bu dəfə də Nərimanov Rayon Prokurorluğu işi ondan alıb özündə saxlayır. Hazırda heç bir istintaq hərəkəti aparılmır. Şərh olunan laqeydliklər barədə yuxarı instansiyalara dəfələrlə şikayət etsək də, hələlik bir nəticəsi yoxdur. Heç dəymiş xəsarət üçün tibbi ekspertiza belə keçirilməyib. Xəsarəti təsdiq edən tibbi sənədlər də əlimizdədir. Ona görə də baş prokuror Kamran Əliyevdən xahiş edirik ki, cinayət işini şəxsi nəzarətinə götürməklə araşdırılmasını təmin etsin”.

“Magistral Ekspress” ASC-də çalışan kiçik sahibkarlar deyirlər ki, Qurban Məmmədov və onun reyder dəstəsinə Nərimanov Rayon İcra Hakimiyyətinin rəsmisi İradə Mahmudova, rayon prokuroru Hidayət Nurəlibəyov öz hərəkətsizlikləri ilə dəstək verirlər.

Qarşı tərəflərin də mövqeyini dərc etməyə hazırıq.
“Yeni Müsavat”


Paylaş:


Müəllif : Tarix:
13-10-2021, 09:19
Sikayət   


loading...
Загрузка...