reklam
Regionxeberlericom.az » Sosial » "Marmara Group"un təhsil və vergi FIRILDAĞI... - NARAZILIQ!

reklam

"Marmara Group"un təhsil və vergi FIRILDAĞI... - NARAZILIQ!



Bugünlərdə, daha dəqiq desək, oktyabrın 12-də Baş Prokurorluq xaricdə təhsil adı altında dələduzluq hallarının artması ilə bağlı müraciət yayıb. Bununla bağlı Baş Prokurorluqdan verilən məlumatda deyilir ki, son zamanlar xaricdə təhsil almaq adı altında vətəndaşların müxtəlif məbləğlərdə pulunun dələduzluq yolu ilə ələ keçirilməsi halları artıb.

O da bildirilir ki, prokurorluq orqanları tərəfindən bu kimi neqativ halların aradan qaldırılması, habelə təqsirkar şəxslərin aşkar olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində kəsərli tədbirlər həyata keçirilir: "Diqqətinizə çatdırırıq ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, o cümlədən tanınma prosedurları ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır. Eyni zamanda bildiririk ki, xarici ali təhsil ixtisaslarının tanınmasına fərdi qaydada baxıldığı üçün müvafiq ali təhsil sənədi əsasında Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etməyiniz zəruridir. Azərbaycan Respublikasının Baş Prokurorluğu vətəndaşlara müraciət edərək, bu kimi dələduzluq halları ilə qarşılaşdıqda dərhal 961 nömrəli Çağrı Mərkəzi, 161 nömrəli "Qaynar xətt" əlaqə mərkəzi, o cümlədən Baş Prokurorluğun sosial şəbəkələrdəki səhifələri vasitəsilə məlumat verilməsini xahiş edir".

Beləliklə, məsələ ilə bağlı "Hürriyyət"in apardığı araşdırmalar nəticəsində məlum olub ki, xaricdə təhsil adı altında dələduzluq edən şirkətlərdən biri də özünü təhsil eksperti kimi təqdim edən Fərid Həsənzadənin direktoru olduğu Marmara Group Xaricdə Təhsil Mərkəzidir. Əldə etdiyimiz informasiyaya görə, 2011-ci ildən fəaliyyət göstərən Marmara Group Xaricdə Təhsil Mərkəzi şirkətə müraciət edən tələbələrin, eləcə də onların valideynlərinin etimadından sui-istifadə edərək, onları Türkiyə, Rusiya, Ukrayna və Avropanın aparıcı ölkələrində etibarlı qəbul təminatı verəcəyinə inandıraraq, hər il yüzlərlə vətəndaşa külli miqdarda maddi, həmçinin mənəvi ziyan vurur. Belə ki, adıçəkilən şirkətin aldatma, şantaj, vergidən yayınma və digər qanunsuz əməllərlə məşğul olduğunu qeyd edən məlumatlı şəxs iddia edir ki, Marmara Group Xaricdə Təhsil Mərkəzi Türkiyəyə il ərzində 4 minə yaxın tələbə göndərir və onların hər birindən xidmət haqqı kimi 790-800 manat alınır: "Marmara Group Xaricdə Təhsil Mərkəzi valideynlərin etibarından sui-istifadə edərək, güvənini qazanaraq onların övladlarına xaricdə təhsil vermə adı altında müqavilə bağlayır. Qeyd edim ki, bu şirkət yalnız Türkiyəyə il ərzində 4 minə yaxın tələbə göndərir. Bu, onların özlərinin verdiyi məlumatdır. Əslində, hər hansı valideynin bunu araşdırmaq imkanı yoxdur. Çünki bu, onların kommersiya sirridir. Hər bir tələbədən xidmət haqqı kimi 790-800 manat alınır. Bildirim ki, xidmət haqqı üçün tələb olunan vəsaitin məbləği fakültəyə görə dəyişir. Məsələn, elə fakültə var ki, 900-1000 manat alınır".

Verilən məlumatda o da deyilir ki, qeyd olunan xidmət haqqı ödəndikdən və Marmara Group Xaricdə Təhsil Mərkəzi tələbələrin sənədlərini toplayıb Türkiyəyə göndərdikdən, yəni qəbul sənədi aldıqdan sonra valideynlərin soyulmasının növbəti mərhələsi başlayır: "Valideynlərə telefon açıb bildirirlər ki, 90 manat vəkalət pulu ödənməlidir. Daha sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə verilməsi üçün lazım olan arayışa görə hər bir tələbədən 30-50 manat civarında pul alınır. Halbuki, bu sənədlərin hamısı onlayn göndərilir və bunun üçün heç bir xərc çəkilmir".

Yeri gəlmişkən, onu da nəzərinizə çatdıraq ki, Türkiyədə təhsil almaq istəyən hər kəs mütləq TÖMER (Türk dili haqqında sertifikat) imtahanı verməlidir və bu, tamamilə pulsuzdur. Lakin mənbə iddia edir ki, Marmara Group Xaricdə Təhsil Mərkəzi TÖMER imtahanı üçün də tələbələrdən 150-200 manat ödəniş tələb edir: "Halbuki, Türkiyə Cümhuriyyətində TÖMER imtahanı tamamilə pulsuzdur. Buna baxmayaraq, Marmara Group Xaricdə Təhsil Mərkəzi keçən ilə qədər sözügedən imtahan üçün hər tələbədən 100 manat, bu ildən isə 150-250 manat civarında ödəniş tələb edir. Bundan başqa, Fərid Həsənzadənin direktoru olduğu şirkət Türkiyədə oturum izni, yəni təhsil məqsədi ilə gələn tələbələrin qalma məqsədi ilə əlaqədar yaşayış icazəsi adı altında 230 manat alırlar. Halbuki, Türkiyə Cümhuriyyətində tələbələrin oturum izni alması pulsuzdur. Sadəcə, Türkiyə Cümhuriyyəti kimlik kartı verildikdə 125 Tl, yəni 23-24 manat və bir də sığorta üçün kiçik məbləğdə vəsait ödənilir. Bunlar hamısı birlikdə təxminən, 30 manata başa gəlir. Marmara Group Xaricdə Təhsil Mərkəzi isə bunun üçün tələbələrdən 200 manat artıq, yəni 230 manat tələb edir".

Marmara Group Xaricdə Təhsil Mərkəzinin yalnız oturum izni adıyla il ərzində Türkiyəyə göndərdiyi 4 min tələbədən 800 min manat əlavə qazanc əldə etdiyini vurğulayan mənbənin sözlərinə görə, tələbələr Türkiyə universitetlərində qeydiyyatdan keçdikdən sonra adıçəkilən şirkətin onlardan 600 manata yaxın əlavə təhsil haqqı aldığını öyrənirlər: "Məsələn, illik təhsil haqqı 380 manat olan tələbədən 900 manat təhsil haqqı alırlar. Gördüyünü kimi, ortada nə az, nə çox düz 520 manat fərq var ki, bu da Marmara Group Xaricdə Təhsil Mərkəzinin əlavə qazanc mənbəyidir. Buradan da belə çıxır ki, şirkət ortalama 4 min tələbədən təhsil haqqı adı ilə il ərzində əlavə 2 milyon manatdan artıq qazanc əldə edir. Məsələnin ən maraqlı tərəfi ondadır ki, Marmara Group Xaricdə Təhsil Mərkəzi valideynlərə birinci il təhsil haqqı kimi 900 manat, növbəti illərdə isə 380 manat ödəyəcəklərini bildirir. Şirkətin fırıldağından məlumatsız olan valideynlər isə öz növbəsində, buna sevinir, elə bilirlər ki, bu, qəbul olunmuş qanun və qayda çərçivəsində baş verir. Halbuki, Fərid Həsənzadənin direktoru olduğu şirkət bu yolla onlardan 520 manat əlavə qazanc götürür. Onu da qeyd edim ki, məsələdən agah olan valideynlər Marmara Group Xaricdə Təhsil Mərkəzindən artıq alınan 520 manatı, o cümlədən TÖMER imtahanı üçün alınan 150-200 manatı tələb etdikdə, şirkətin yetkili şəxsləri tərəfindən şantaj, hədə-qorxu ilə üzləşirlər. Yəni, şirkətdən onlara deyilir ki, əgər siz o pulu geri istəyirsinizsə, onda bizə ərizə yazmalısınız və sizin qeydiyyatınızı universitetdən sildirəcəyik. Nəticədə bu təhdidlə qarşı-qarşıya qalan valideynlər artıq ödədikləri vəsaitdən vaz keçməyə məcbur olurlar. Hələ bu, harasıdır. Marmara Group Xaricdə Təhsil Mərkəzi şəhid övladına belə, eyni fırıldaqla kələk gəliblər".

Beləliklə, bütün bu deyilənlərdən belə qənaətə gəlmək olar ki, Marmara Group Xaricdə Təhsil Mərkəzi yalnız Türkiyəyə göndərdiyi tələbələrdən il ərzində 3-4 milyon manat civarında əlavə qazanc əldə edir və bunların heç biri müvafiq sənədlərdə əks olunmur, qeydiyyata alınmır, nəticədə isə vergidən yayınma hallarına yol verilir. Hər kəsə bəllidir ki, bu və ya digər şirkət hər hansı bir xidmət göstərirsə, göstərilən xidmət qarşılığında əldə etdiyi gəlir, aldığı vəsait onun maliyyə hesabında şəffaf şəkildə öz əksini tapmalı, vergisini ödəməlidir. Bu səbəbdən də ümid edirik ki, Vergilər Nazirliyi və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi başda olmaqla, bütün müvafiq qurumlar tez bir zamanda Marmara Group Xaricdə Təhsil Mərkəzində yaşanan qanun pozuntusuna dair lazımı tədbirlər görəcəklər.

"Hürriyyət"in Araşdırma Qrupu


Paylaş:


Müəllif : Tarix:
19-10-2021, 16:47
Sikayət   


loading...
Загрузка...