reklam
Regionxeberlericom.az » Sosial » Şuşada atılan qumbaranın əks-sədası - NƏ BAŞ VERİR?

reklam

Şuşada atılan qumbaranın əks-sədası - NƏ BAŞ VERİR?











Şuşa yaxınlığında, Daşaltı kəndi ərazisində Azərbaycan hərbçilərinin dayandığı posta ermənilər tərəfindən əl qumbarasının atılması həftə içində ard-arda baş verən hadisələrin kulminasiyası oldu. Rəsmi məlumata görə, hadisə nəticəsində 3 hərbçimiz yaralanıb, Azərbaycan Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi faktla bağlı CM-nin müxtəlif maddələri ilə cinayət işi açıb.

Sosial şəbəkələrdə hadisə anının videoları yayılıb. Həmin kadrlarda görünür ki, Azərbaycan və Rusiya əsgərlərinin üzbəüz dayandığı posta qısa ara məsafəsi ilə bir minik, bir də yük avtomobili yaxınlaşır və bu zaman ikinci maşın əsgərlərin yanına yaxınlaşanda partlayış baş verir.

Videoda görünür ki, ağ rəngli minik avtomobilindən düşən şəxs Azərbaycan əsgərlərinə tərəf qumbara atır və partlayış verir. Yayılan digər videoda isə Rusiya sülhməramlılarının bir nəfəri tutub apardığı və hərbi patrul maşınına saldıqları görünür. Hadisəyə görə, Xankəndi-Laçın yolunun bağlandığı, qısa müddətdən sonra yenidən açıldığı bildirilir.


Müharibənin bitməsindən ötən bir ildə Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi hissəsində, eləcə də təmas xəttində bir neçə dəfə belə hadisələr baş verib. Hər iki tərəfdən xeyli sayda ölənlər və yaralananlar olub. Ötən ilin dekabrında Xocavəndin Tağlar kəndini ərazisində Azərbaycan ordusunun mövqelərinə hücum edən silahlı dəstənin 11 üzvü öldürülüb, 70-ə yaxını saxlanılıb. Onların barəsində müxtəlif maddələrlə həbs qərarları verilib, bir neçəsi isə Ermənistana təhvil verilib. Hadisə zamanı Azərbaycanın 4 hərbi qulluqçusu şəhid olmuşdu.

Noyabr ayında istər siyasi müstəvidə, istər də ərazidə baş verən hadisələrin təhrikçisi Ermənistandır. Məlumdur ki, Baş nazir Nikol Paşinyan Moskvada planlaşdırılan üçtərəfli görüşə qatılmaqdan imtina etdi. Ardınca müdafiə naziri Arşak Karapetyanı Qarabağa göndərdi. Nazir sülhməramlıların nəzarəti altındakı ərazilərdə qalan erməni silahlı dəstələri ilə görüşlər keçirib, onları mükafatlandırdı. Bundan sonra Şuşada Zəfər bayramının qeyd olunduğu 8 noyabr tarixində şəhərin giriş hissəsinə yaxın əraziyə “təmir briqadası” göndərildi və bu barədə nədənsə əvvəlcədən sülhməramlılara məlumat verilməmişdi.

Bunlar birbaşa Azərbaycanı qıcıqlandıran hərəkətlər idi. Rəsmi Bakı buna cavab olaraq Gorus-Qafan yolunun Eyvazlı, Çayzəmi kəndləri istiqamətində sərhəd-keçid postu quraşdırdı. Bu günə qədər Ermənistan vətəndaşları həmin yoldan maneəsiz istifadə edirdilərsə, bu imkan onların əlindən alındı. Şuşa yaxınlığında “təmir işləri ilə məşğul olan” şəxslərə isə atəş açıldı, nəticədə onlardan biri öldürüldü, 3-ü isə yaralandı.

Qarabağdakı separatçıların rəhbəri Arayik Arutyunyan Ermənistan rəhbərliyinin təxribatçı hərəkətlərinə dərhal dəstək verdi. O, bildirib ki, müharibədən sonrakı ildə “Qarabağın müdafiəsi ordusu” gücləndirilib və yerli əhali silahlandırılacaq.

Ermənistan rəhbərliyinin konstruktiv mövqedən geri çəkilərək bölgədə hərbi gərginliyi artırması bir sıra ciddi səbəblərlə bağlıdır. Əvvəla, Ermənistanın daxilində vəziyyət getdikcə gərginləşir. Keçmiş prezidentlər R. Koçaryan və S. Sarksiyanın liderlik etdikləri müxalif “Ermənistan” bloku Paşinyana qarşı “Müqavimət hərəkatı” elan edib. Bu həftə ərzində həmin blok İrəvanın mərkəzində bir neçə aksiya təşkil edib. Müxalifət Zəngəzur dəhlizinin açılmasını Ermənistana xəyanət sayır. Bundan başqa, hakim “Mənim addımım” bloku bir neçə iri şəhərdə bələdiyyə seçkilərini uduzub, bəzi məlumatlara görə, İrəvan meri də Paşinyanla yollarını ayırıb.

Baş nazir son çıxışlarında bildirib ki, Azərbaycanın Gorus-Qafan yoluna nəzarət-keçid məntəqəsi qurmasına qaşı çıxmayacaq. Çünki “dəhliz məntiqinə” əsaslanır. Yəni, əgər ermənilər həmin yoldan heç bir yoxlamaya məruz qalmadan sərbəst keçirlərsə, sabah Azərbaycan Zəngəzur dəhlizində Ermənistandan eyni addımı atmağı tələb edəcək. Paşinyan isə bunun yolverilməz olduğunu bildirir. Xatırladaq ki, Moskvada gözlənilən üçtərəfli görüşdə məhz daxili kommunikasiyaların açılması ilə bağlı razılaşmanın imzalanması nəzərdə tutulurdu. Baş nazir daxili vəziyyəti nəzərə alıb, bu addımı atmadı. Qarabağda yaradılan gərginlik də hər şeyi sıfır nöqtəsinə qaytarmaq üçün lazım idi.

Beləliklə, Ermənistanla dialoq ən azı bir müddət ertələndi və bu zaman kəsiyində Azərbaycan üçün təxirəsalınmaz vəzifələr həyata keçirilməlidir.

İlk növbədə 10 noyabr razılaşmasının tam icra olunması məsələsi Rusiya qarşısında ciddi şəkildə qaldırılmalıdır. Ermənistan bu sənəddə daxili kommunikasiyaları, o cümlədən Naxçıvan yolunun açılmasına və qoşunların Qarabağdan çıxarılmasına imza atıb. Bu tələb qısa müddətdə yerinə yetirilməzsə, antiterror əməliyyatlarının keçirilməsi məsələsi gündəmə gətirilməlidir. Paralel olaraq, Qarabağ ətrafında aktiv hərbi manevrlərə, intensiv döyüş təlimlərinə start verilməlidir.

İkincisi, Azərbaycan Laçın dəhlizinə və bu istiqamətdə dövlət sərhədinə nəzarət məsələsini qaldırmalıdır. Hər iki məsələ Azərbaycanın suveren hüququdur və sülhməramlıların həmin ərazidəki fəaliyyəti ilə ziddiyyət təşkil etmir.

Üçüncüsü, ermənilərə silah paylayan separatçıların başçısı Arayik Arutyunyanın və komandasının həbs edilməsi ilə bağlı hüquqi prosedurlar işə salınmalıdır. Bu şəxslər Azərbaycana qarşı ağır dövləti cinayət törədiblər, amma siyasi mülahizələrlə onlara qarşı real təqibedici addımlar atılmır.

Dördüncüsü, Ermənistan rəsmilərinin, o cümlədən başqa ölkə vətəndaşlarının Qarabağa icazəsiz səfərlər edəcəyi halda dərhal atəş açılacağı barədə xəbərdarlıq edilməlidir.

Bu gün baş verən cinayət hadisəsi qeyd olunan tədbirlərə start verilməsi üçün yaxşı fürsət yaradıb. Hərbi postumuza qumbara atan şəxsin dərhal Azərbaycana təhvil verilməsini tələb etməklə başlamaq olar… //PRESSKLUB.AZ//





Paylaş:


Müəllif : Tarix:
15-11-2021, 09:01
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər