"8 ildir ki, mənzil gözləyirəm, amma yenə siyahıda 864-cü adamam"
Vətən müharibəsi iştirakçısı ehtiyatda olan polkovnik Rəşad Həsənov mənzil ala bilməməsindən şikayətçidir.
Bu barədə müraciət edən polkovnik bildirib ki, Müdafiə Nazirliyinin mənzil komissiyasının sədri general-mayor Rasim Babayev mənzillərin bölgüsünü və siyahını tərtib edərkən tələblərə riayət etmir:
“Hazırda Astarada yerləşən MN-nin balansında olan 2 saylı hərbi şəhərcikdə yaşayıram. Həmin şəhərcikdəki bərbad vəziyyətlə bağlı müxtəlif vaxtlarda bütün dövlət orqanlarına müraciət etmişəm. Lakin heç bir tədbir görülməyib. Çox acınacaqlı vəziyyətdə yaşayıram.
Prezidentin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən 2014-cü ildə 20 il xidmət müddətim bitdiyi üçün evlə təmin olunmalı idim. Lakin bu günədək mənzillə təmin olunmamışam.
Halbuki həmin Fərmandan irəli gələn tələblərə əsasən mənzillə təmin olunanların siyahısına ilk növbədə qüsursuz xidməti (22 il qüsursuz xidmətim var), döyüş əməliyyatlarında iştirakı (Vətən müharibəsində iştirak edib xəsarət almışam), rütbəsi (polkovnik), tutduğu vəzifələri (iki ordu birliyində mühüm vəzifədə xidmət etmişəm), yaşayış şəraiti (yaşayış şəraitim çox acınacaqlıdır) nəzərə alınmalıdır. Maliyyə və Müdafiə nazirliklərinin mənzil komissiyasına sual vermək lazımdır ki, daha nə etməliyəm ki, mənə mənzil verilsin? 17 il döyüş bölgəsində xidmətim, Vətən Müharibəsində iştirakım, müharibədə xəsarət almağım və çətin yaşayış şəraitim bəs etmirmi? Müdafiə Nazirliyinin mənzil komissiyasının sədri general-mayor Rasim Babayev mənzillərin bölgüsünü və mənzil alanların siyahısını tərtib edərkən Ali Baş Komandanın Fərmanının 3-cü bəndinin tələblərinə niyə riayət etmir?! Əgər riayət etsəydi, bu gün mənzillə təmin olunardım və çətin şəraitdə yaşamazdım”.
Yaşadığı binanın dam örtüyünün bərbad vəziyyətdə olduğunu deyən R. Həsənov əlavə edib ki, yağış yağdığı zaman su birbaşa mənzilə damır:
“Hər gün Allaha yalvarıram ki, yağış yağmasın. Çünki yağan yağış evimin içinə damdığı üçün çox əziyyət çəkirəm. Binanın kanalizasiya sistemi olmadığı üçün üfunət iyindən nəfəs almaq olmur. Maliyyə Nazirliyinə mövcud vəziyyətlə bağlı müraciət etdim, lakin onlar cavab məktubunda mənim siyahıda adımın 864-cü olduğumu bildirirlər. Sonradan əlaqə saxlayanda bildirdilər ki, siyahı Müdafiə Nazirliyi tərəfindən hazırlanır. 8 ildir ki, mənzil gözləyirəm, amma yenə siyahıda 864-cü adamam. Prezident İlham Əliyevin Fərmanına və qanunvericiliyin tələblərinə əsasən polkovnik rütbəsində olduğuma və ailə sayına görə 4 otaqlı mənzillə təmin olunmalı idim. Amma nazirliklər məsələni bir-birinin üstünə atmaqla sankı məni futbol topu kimi ortada oynadırlar.
Xahiş edirəm, mənzil komissiyasının vəzifəli şəxslərinə sual verin, görəsən, onlar ailələrinin belə şəraitdə yaşamaqlarına razı olacaqlarmı..?!
Çox heyf ki, şəhid olmadım. Ölsəydim övladlarımın belə çətin şəraitdə yaşamaqlarını görməzdim.
Buradan Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edirəm və köməklik göstərilməsini artıq dərəcədə xahiş edirəm”.
Məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etsək də cavab almaq mümkün olmadı.(Bakupost)
Paylaş: