reklam
Regionxeberlericom.az » Sosial » Azərbaycandan xaricdəki medialara 500 mini KİM ÖTÜRÜB? - ŞOK İTTİHAMLAR

reklam

Azərbaycandan xaricdəki medialara 500 mini KİM ÖTÜRÜB? - ŞOK İTTİHAMLAR


Müdafiə Nazirliyində Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat barədə hər kəs məlumatlı olduğu üçün keçirəm mətləbin düz ortasına.

Uzun zamandır ki, Müdafiə Nazirliyində yeyintilərin olması barədə məlumatlar yazılır, pozulur, ancaq buna reaksiya verilmirdi. Veriləndə isə proses bu haqda yazanın cərimələnməsi ilə yekunlaşırdı.

Bəzi şəxslər qələmi əlinə alıb cızma-qara edir ki, bu cür halların çox müzakirə olunması ordunu ləkələyir, ermənilər bu yazılanları oxuyur. Düşünürəm ki, həmin şəxslər ya sifarişli yazır, ya da tip olaraq qorxaqdır. Müharibədə qalib olan ordu niyə erməni düşünməlidir? Ümumiyyətlə, bundan sonra erməni görsə, nə olar, görməsə, nə olar? Əslində, o məhşur erməni dəyirmanına suyu həmin bu tip şəxslər olanları gizlədərək tökür.

Düşmən qarşısında (fərqi yoxdur, ermənidir və ya başqa millətdir) korrupsiyaya bulaşmış, rüşvət içərisində üzən, zabitləri bezən ordu güclü olar, yoxsa təmizlənmiş ordu? Təmizlik üçün neqativləri yazmaq, dövlətin isə çirkaba bulaşmışları cəzalandırması şərtdir. Yuxarıdakı tipli cızma-qara edənlər daha sonra da çıxıb yazır ki, Şuşa Bəyannaməsi var, Azərbaycana kiminsə, “Gözün üstə qaşın var”, – deməsi mümkünsüzdür.

Bu şəxslər görmədi ki, DTX-nin həyata keçirdiyi əməliyyat Şuşa Bəyannaməsinin təsdiqindən dərhal sonra başladı? Siyasi hakimiyyət konkret olaraq dövlətin təhlükəsizliyi üçün çox önəmli olan bəyannaməni təsdiq edəndən sonra orduya “əl atdı”. Əvvəl bu cür halların baş verməsi riskli idi. Qarşıda düşmən var, ərazi iddiaları səsləndirir və orduda bu cür əməliyyat aparmaqla onların hərəkətə keçməsi üçün şərait yaratmış olardı. Bilmirəm, istifadə edərdilər, ya yox, ancaq risk riskliyində qalırdı. Azərbaycanda bu günə qədər çoxlu sahələrdə bu tip əməliyyatlar keçirilib, yalnız “diqqətdənkənar” qalan yer Müdafiə Nazirliyi idi.

Gələk maliyyə yeyintisinə. Əldə etdiyim məlumata görə, hər beş ildən bir Hesablama Palatası Dövlət büdcəsindən maliyyələşən qurumları yoxlayır. 2019-cu ildə yoxlama zamanı Müdafiə Nazirliyində çox ciddi yeyintilərin olması aşkar olunub. Ancaq həmin vaxt Tovuz döyüşləri, Polad Həşimovun şəhid olması məsələnin üstünün açılmasını bir qədər yubadıb. Ardınca isə Vətən müharibəsi başlayır. Ondan sonrakı proseslər onsuz da hər kəsə məlumdur. Yəni baş verənlər üç günün, beş günün məsələsi deyil.

Hesab edək ki, Hesablama Palatası yoxlamayıb. Sual yaranır, xaricdəki media qurumlarına çox ciddi məbləğdə pulların ötürülməsi iddiası var, o qədər pul haradandır? Müdafiə Nazirliyi saytlara haqqlarında yazı getməsin deyə 500 min manat vəsait ödəmişdi. Bu da sübut oluna bilməyəcək məsələ deyil ki. Şirkətin adını zamanında yazmışam. Gedib yoxlasalar, hər şey üzə çıxacaq. 500 min manat göbələkdir, yerdən çıxır?

Zamanında cəbhə bölgəsində xidmət edən zabitlərlə söhbət vaxtı hamısı bildirirdilər ki, kazarmaları şəxsi vəsaitləri hesabına tikiblər. Bu ya tabor komandirlərinin, ya da hərbi hissə komandirlərinin boynuna düşürdü. Sənəd üzərində isə dövlət büdcəsindən vəsait ayrılırdı. Söz verilirdi ki, vəsait daxil olan kimi çəkilən xərc ödəniləcək, ancaq bunun ödənildəyi görünməyib. O pulları kimlər yeyib? Araşdırılanda bilinəcək.

Kazarmalardan danışmışkən. Müharibə vaxtı keçmiş cəbhə bölgəsindəki səngərlərdə olarkən şəxsən şahidi olduğum bir hadisə yaşandı. Minaatan mərmisi kazarmanın arxasına düşdü və kazarmada postdan gəlib dincələn iki əsgər yaralandı. Düşmənin ağzının içində “penaplasdan” kazarma tikilərdi? Sənəd üzərində, bəlkə də, betondan tikilib.

Bəzən deyirlər, zabitlərin niyə banklara borcu var. Necə olmasın? Pulu olanın cəbhədə nə işi vardı? Olmayan da məcburdu borca girsin. Əslində, maliyyə yeyintiləri həm də zabitləri borclu edib. Bəzi zabitlər isə bundan çıxış yolunu əsgərdən pul almaqda görürdü. Beləcə yuxarıdakı maliyyə fırıldağı aşağıda rüşvətə yol açırdı.

Hərbi hissələr, bildiyimiz kimi, işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunublar. Əsgərlər üçün kazarmalar tikilib. Bu kazarmaların böyük hissəsi isə konteynerlərdən olur. Yük daşımalarında istismar müddəti keçmiş konteynerlər çox ucuz qiymətə, 1500-2000 manata alınıb, üzərində bəzi işlər görülüb, kağız üzərində isə həmin konteynerlər 50 min manatdan baha sənədləşdirilib. Yerdə qalan pullar hara gedib?

Bir neçə gün əvvəl bir tanışım zəng etmişdi. Özü maşın ustasıdır. Dedi, hərbi maşını gətirdilər təmir etməyə. Dedilər, nə qədər pul alacaqsan? Dedim, 200 manat. Maşın təmir olunandan sonra pulumu verdilər. Sonra da sənəd çıxarıb verdilər ki, imzala. İmzalayanda baxdım ki, təmir üçün sənəd üzərində mənə 1300 manat pul ödəyiblər. 1100 manat hara və yaxud kimin cibinə gedib? Bu bəziləri üçün adi, cüzi məbləğ kimi görünə bilər, ancaq bunu bütün ölkəyə yayanda çıxan rəqəm adamın əlini üzündə qoyur axı. Avtomobillərin təmiri, onların avadanlıqlarının alınması hamısı kimə təhkim edilibsə, onun boynunda olduğu sirr deyildi. Ancaq bunun üçün vəsait ayrılır. O pullar hara gedirdi?

Bundan əlavə, hər ilin sonunda zabitləri imtahan edib onlara 13-14-cü maaş verilir. Məsələ ondadır ki, çoxlu sayda zabit 13-14-cü maaşın verilməməsi üçün onların bilərkdən kəsildiyini deyirdilər. Zabitlərə verilməli o pullar hara yoxa çıxıb?

Başqa bir məlumata görə, hərbçilərin vergiləri tutulub, ancaq Dövlət Sosial Müdafiə Fonduna köçürülməyib. Bu şəxslər nəinki zabitlərin indiki dövrünü, gələcəyini də qaraldıblar. Çünki pensiyaya çıxanda məbləğ həmin fonda köçürülmüş vəsaitə uyğun hesablanır.

Bundan əlavə, sənəd üzərində çoxlu sayda binalar var ki, yeni tikilmiş kimi rəsmiləşdirilib. Ancaq reallıqda köhnə binalar restovrasiya edilib. Misal üçün, Azərbaycan Ordusunun Qaraheybətdə yerləşən Təlim Tədris Mərkəzində bir trenajor binası sənəd üzərində tiklib. Əslində, köhnə bina artıq materiallarla tikib və milyonlarla vəsait silinib.

Əsgərlərin gündəlik qida rasionu var. Hər bir hərbi hissənin girişində uzun bir tabloda bütün ərzaqların adları sıralanıb. O ərzaqların, bəlkə də, 50 faizini heç bir əsgər xidmət dövründə görə bilmir. Şəxsən bizim zamanımızda o qida rasionunun 20 faizini görə bilərdik, ya yox. Kağız üzərində olan o ərzaqları kim yeyir?

Bəzi şəxslər maliyyə yeyintisini rüşvətlə qarışıq salırlar. Məsələ ondadır ki, hazırda Müdafiə Nazirliyində aparılan yoxlamalar rüşvətə görə yox, sırf maliyyə yeyintisinə görədir.

Mövzuya qayıdacağam…

Səxavət Məmməd

www.yenicag.az




Paylaş:


Müəllif : Tarix:
15-02-2022, 10:09
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər