reklam
Regionxeberlericom.az » Sosial » Naxçıvanda insanlığa sığmayan ÖZBAŞINALIQ - TƏFƏRRÜAT

reklam

Naxçıvanda insanlığa sığmayan ÖZBAŞINALIQ - TƏFƏRRÜAT

















Babək rayon sakini Teymur Quliyev fevralın 15-də AR Baş Prokurorluğu binasının önündə etiraz aksiyası keçirib. Etiraza səbəb, Naxçıvanda üzləşdiyi qanunsuzluqlarla bağlı, onun müraciətinə Baş Prokurorluğun etinasız yanaşmasıdır. Bu haqda "Gündəlik Naxçıvan"a Teymur Quliyev özü məlumat verib. Şikayətçi deyir ki, 2019-cu ilin iyun ayında Naxçıvan Mərkəzi Xəstəxanası həkimlərinin səriştəsizliyinə etiraz etdiyi üçün, məhkəmə onu saxta ittihamla həbs edib:

"Anam ağır xəstə idi. Ona Naxçıvan həkimləri səhv diaqnoz qoymuşdular. Müalicə düzgün aparılmadığından, onun vəziyyəti daha da ağırlaşırdı. Sonra həkimlər dedilər ki, qol çək, anan təcili əməliyyat olunmalıdır. Mən isə onlara etiraz edib, anamı Bakıya müalicəyə aparmaq istədiyimi bildirdim. Mübahisə zəminində polis çağırdılar. Polis məni şöbəyə apardı. Dedilər ki, Bakıya apara bilməzsən, qol çək, burda əməliyyat olunsun. Mənsə razılaşmadım".

Teymur Quliyev deyir ki, vəziyyəti daha da ağırlaşan anasını Bakıya aparmağa hazırlaşdığı ərəfədə, onu Babək rayon icra probasiya şöbəsinə çağırıblar:




















"Həmin ərəfədə mən aliment ödəyirdim. İşimi itirdiyimdən, 600 manat borcum qalmışdı və məhkəmə işi probasiya şöbəsinə vermişdi. Lakin, anamın xəstəliyini nəzərə alan şikayətçi tərəf, bu puldan imtina etmişdi. Buna baxmayaraq, şöbənin rəisi Alı Əliyev mənə dedi ki, ya 600 manatı ödəməlisən, ya da şəxsiyyət vəsiqəni və pasportunu bizə təhvil verməlisən, Naxçıvandan çıxa bilməzsən. Dedim ki, Bakıya gedim gəlim, pulu ödəyəcəyəm. Sənədlərimi sizə versəm, anamı müalicəyə aparmağa sənədim olmayacaq. Dedi o zaman məhkəmə qərar verəcək. Məhkəmə də həmin gün, iyunun 19-da heç bir əsas olmadan mənə 10 sutka inzibati həbs qərarı çıxardı. Bunlar hamısı əvvəldən qurulmuş oyun idi. Xəstəxanadan şikayət etdiyimə görə, etiraz olaraq anamı Bakıya aparmaq istədiyimə görə, məndən sifarişlə qisas aldılar. Məqsədləri o idi ki, anamı Bakıya aparmayım, Naxçıvan Mərkəzi Xəstəxanasından şikayətimi geri götürüm".

Teymur Quliyev deyir ki, həbsdə olduğu müddətdə anası vəfat edib:

"Anamı Bakıya müalicəyə aparsaydım, sağ qalacaqdı. Məhkəmə məni qanunsuz həbs etməklə anamın ölümünə səbəb oldu. Həbsimin 8-ci günü anam vəfat etdi".

O bildirir ki, üzləşdiyi qanunsuzluqlarla bağlı Naxçıvanda hara üz tutsa da, şikayətinə baxan olmayıb:

"Məcbur qaldım, Bakıya şikayətə gəldim. Burda da baxan yoxdur. Son 3 ildə Baş Prokurorluğa bəlkə də 15 dəfə müraciət etmişəm. Heç bir cavab olmayıb. Ona görə məcbur qalıb, aksiya keçirdim. Aksiyadan sonra məni qəbul etdilər. Dedilər ki, şikayətinlə bağlı iki il öncə Naxçıvana sorğu göndəriblər, lakin hələ heç bir cavab yoxdur. Onlar da deyir ki, həbsim qanunsuz olub, ancaq rəsmi cavab almadan, heç nə edə bilməzlər. Mən isə anamın ölümünə səbəb olan bu qanunsuzluğa qarşı sonuna qədər gedəcəyəm".

Məsələ ilə bağlı Baş Prokurorluğun mövqeyini almaq mümkün olmayıb. Babək Rayon Məhkəməsindən isə, "Gündəlik Naxçıvan"ın suallarını cavablandırmaq istəməyiblər.




Paylaş:


Müəllif : Tarix:
17-02-2022, 08:47
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər