reklam
Regionxeberlericom.az » Sosial » Bakının Mərkəzi Rayonu niyə yaradılmır? - İLGİNC AÇIQLAMALAR

reklam

Bakının Mərkəzi Rayonu niyə yaradılmır? - İLGİNC AÇIQLAMALAR


Artıq iki ildən çoxdur ki, Bakının Mərkəzi Rayonunun yaradılması ilə bağlı müzakirələr səngimir. Milli Məclisdə Gəncə şəhərinin Nizami və Kəpəz rayonlarının ləğv edilməsi ilə bağlı qərarın qəbulu bu məsələni yenidən gündəmə gətirib. Bu və ya digər məsələlərlə bağlı “Həftə içi” qəzetinə müsahibə verən Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri, memar Elbay Qasımzadə maraqlı məqamlara toxunub, həmsöhbət oldu.

- Bakıda mərkəzi tarixi rayonun yaradılması ilə bağlı fikirlər var. Bu barədə siz özünüz təkliflə çıxış etmisiniz. Prezidentin mədəniyyət işçiləri ilə görüşündə də bu təklif səsləndirilib. Necə hesab edirsiniz, Bakıda Mərkəzi Rayonun yaradılması hansı zərurətdən meydana çıxıb?

- İki il əvvəl cənab Prezident Heydər Əliyev Mərkəzində sənət adamları ilə görüş keçirən zaman orada belə bir təkliflə çıxış etmişəm. Burada məqsəd nədir...

Məlumdur ki, Bakı şəhərinin tarixi hissəsi 4 əsas - Səbail, Yasamal, Nəsimi, Nərimanov rayon əraziləri arasında bölüşdürülüb. Bu rayonlara rəhbərlik edən şəxslər yüksək bilik və mədəniyyət səviyyələrinə malikdirlər. Hər birinin əraziyə yanaşması müxtəlifdir. Məsələn, Nizami küçəsi, keçmiş “Tarqovı”nın sağ tərəfi Nəsimi rayonu, sol tərəfi Səbail rayonudur. Nəsimi rayonu sağ tərəfdə fəaliyyət göstərir, sol tərəfdə də Səbail rayonu abadlıq işləri aparır. Belə olmaz, bir şəhərdə, bir küçədə bütün işlər məhz bir mərkəzdən idarə olunmalıdır.

Bu pərakəndəlik ucbatından son 15 il ərzində şəhərin tarixi mərkəzində nə qədər yüksəkmərtəbəli binalar tikilib. Hansı ki, heç yeri deyil. Onlar tarixi mühiti dağıdır.

Mədəniyyət işçiləri ilə keçirilən məlum görüşdə verdiyim bu təklif cənab Prezident tərəfindən müsbət qarşılandı. Prezident yekun çıxışında məsələyə çox diqqətlə yanaşdı, bu barədə fikirlərini bölüşdü, tapşırıqlar verdi. Buna baxmayaraq məsələ həllini tapmır.

Mətbuatda gedən məlumatlardan görürəm ki, bəzi bisavadlar sual verirlər ki, əgər bu mərkəzi rayonda olan abidələr qorunacaqsa, bunun sərhədlərindən kənarda olanlar qorunmayacaq... Bu, sağlam məntiqə sığmayan, savadsız yanaşmadır. Tarixi abidələr ümumiyyətlə dövlət tərəfindən mühafizə olunmalıdır. Bakının “Tarixi Mərkəzi” deyəndə, söhbət tək binalardan, ayrı-ayrı naxışlardan getmir.

Bakının tarixi mərkəzi rayonu şəhərsalma abidəsidir və böyük r ərazini əhatə edir. Bunu mütləq ayırmaq lazımdır. Burada xüsusi reqlamentlər, tələblər tətbiq olunmalıdır. Mən onun tərəfdarı deyiləm ki, bu, Qoruq olsun. Qoruqda yaşamaq çox çətindir. Bu ərazidə 1 milyona yaxın əhali yaşayır və 780 hektar sahəni əhatə edir.

- Mərkəzi tarixi rayonun sərhədlərini müəyyən etmisiniz. Bakıda mərkəzi rayonun yaradılması üçün hansı plan-proqram işlənməli, özünü necə xarakterizə etməlidir? Mərkəzi rayonun sərhədləri haradan başlayır, harada bitir?

– Mərkəzi rayonun sərhədlərini elə o müşavirədən 2 gün sonra cənab Prezidentin tapşırığı ilə müəyyənləşdirib bütün müvafiq təşkilatlara göndərmişəm.

Mərkəzi tarixi rayonun cənub hissəsi dənizkənarıdır. Şimal hissəsi Bakıxanov küçəsi, qərb hissəsi Parlament prospekti, şərq hissəsi Kövkəb Səfərəliyeva küçəsidir.

Cənab Prezidentin tapşırığı ilə rayonun statusu da hazırlanıb. Həmin statusu görmüşəm və ona müəyyən təkliflər, əlavələr də etmişəm. Maraqlıdır ki, məsələ öz həllini tapmır.

Görüşdən sonra cənab Prezident iki dəfə müxtəlif məmurlara tapşırıq verib. Mətbuat da bizə istinad edərək, Memarlar İttifaqı sədrinin verdiyi bu təklifin, Prezident tərəfindən verilən tapşırıqların niyə həllini tapmadığı barədə məsələni gündəmə gətirib. Bu suallara cavab verə bilmirlər. Problemin önündə insan faktoru dayanır. Belə olmasaydı, çoxdan həllini tapmışdı.

Mərkəzi rayon xüsusi bir ərazi vahidi olmalıdır. Özünün ayrıca idarəçiliyi olmalıdır. Özünün adı olacaq, ya mərkəzi rayon olacaq, ya başqa ad seçiləcək, bilmirəm. Mənim əsas məqsədim onu qoruyub saxlamaqdır. Orada aparılan tikinti, abadlıq, başqa növ fəaliyyətlər hansısa reqlamentlərlə tənzimlənməlidir. Yeni Yasamalda olan yanaşma ilə mərkəzi rayona olan yanaşma eyni ola bilməz.

- Mərkəzi rayon ərazisi qurularkən orada yaşayan əhalinin öz şəhərinə yanaşma xüsusiyyətləri necə, nəzərə alınacaq, necə qorunacaq?

- Abidələrimizin korlanmasında sakinlər özləri günahkardırlar. Heç bir abidəni nə nazir, nə icra başçısı gəlib sındırmır. Bunu orada yaşayan adamlar edir. Biri pəncərəni sındırır qapı edir, biri qapını sındırır pəncərə qoyur və yaxud biri ara divarları sındırır. Pis vəziyyətə düşəndən sonra, gəlib deyirlər ki, bu, bərbad gündədir, sökmək lazımdırş. Haray salırlar ki, sındırmaq olmaz, abidədir. Bəs bundan belə istifadə etdikdə heç kim abidə olduğunu görmürdü?..

Mühafizəkarlıq hissiyyatı hər vətəndaşda olmalıdır və bunu hər kəsdə tərbiyə etmək lazımdır. Lap uşaqlıq yaşından, uşaq bağçasından başa salmaq lazımdır ki, millətin tarixi irsi müqəddəsdir. Bu olmasa, heç vaxt istədiyimiz nəticəni əldə etməyəcəyik. Vətəndaş öz məsuliyyətini dərk etməldiir. Bəzən bir abidə dağılanda deyirlər ki, Mədəniyyət Nazirliyi hara baxır? Nazirlik hər binanın qarşısına mühafizəçi qoymalıdır? O binada yaşayan insanlar özləri mühafizəçi olmalıdırlar. O öz tarixinin, mədəniyyətinin, mədəni irsinin qoruğunda durmalıdır.

Söhbət ondan gedir. Ona görə də biz hələlik bu işləri inzibatçılıqla həyata keçirməyi təklif edirik. Mərkəzi rayon yaranarsa, ona həm dövlət tərəfindən diqqət çox olar, həm məsuliyyət çox olar. Burada hər fəaliyyət növü hansısa ciddi reqlamentə tabe olmalıdır. Bu istiqamətdə maarifləndirmə mütləqdir.

Mərkəzi rayon mütləq Bakı Şəhər icra Hakimiyyətinin tabeliyində olmalıdır. Ümumiyyətlə, şəhərin ərazisi hansı status daşıyırsa-daşısın, Bakı ərazisidir. İdarəetmə Bakı Şəhər İcra Hakimiyyətindədir.

- Şəhərlərdə, meydanlarda heykəllərin, ayrı-ayrı abidələrin qoyulması nə dərəcədə o şəhərin memarlıq üslubuna uyğunlaşdırılmalıdır? Bu, həm də o şəhərə və onun sakinlərinə nə vəd edir? Heykəllər lazımdırmı?

- Heykəl hər bir tarixi dövrün bir nişanəsidir. Parisdə Paris Komunasının ən qəddar rəhbərlərindən olan Robespyerin heykəli dayanıb. Bununla xalqa göstərilir ki, dövlətin tarixində belə bir dövr də olub və həmin tarixdə bu şəxslər nə edib. Bu, gələcək nəsillərə işarədir ki, onu təkrarlamaq olmaz. Eyni zamanda, orada böyük yazıçıların, sənət adamlarının heykəlləri var. Həmçinin Avropada, dünyanın bütün şəhərlərində heykəllər var.

Heykəllər gərəklidir, bu, xalqın tarixi mədəniyyətidir. İkincisi, incəsənət nümunəsidir. Heykəltəraşların, memarların yaradıcılıq əsəridir və nəyə görə də xalq bunu görməsin, bilməsin?! Məncə, mənfi-müsbətləri ilə tarixi heç vaxt pozmaq olmaz, tarix mütləq qalmalıdır. Tarixə qiymət vermək isə insanların öz hüququdur.

- Hər kəsə bəllidir, torpaqlarımız 30 ilə yaxın müddət ərzində erməni təcavüzünə məruz qalıb. Çox dəyərli abidələrimiz məhv edilib, əvəzində müvəqqəti sülhməramlıların iştirakı ilə erməni faşistlərinə heykəllər qoyulur, abidələr tikilir. Bu saxta abidələrin aqibəti necə olmalıdır?

- YUNESKO-nun belə bir qanunu var ki, zəbt olunmuş ərazilərdə dini məbədlər, abidələr qoyula bilməz. O torpaqlar zəbt olunub. Ermənilər 30 il müddətində zəbt olunmuş ərazilərdə heykəllər qoydular, 19 daxma tikib adını kilsə qoydular, əslində heç kilsəyə də oxşamır. Bunların hamısını ərazilərdən yığışdırmalıyıq. Həmin yerlər erməni torpaqları deyil, onların tarixi, mədəniyyəti deyil. Bura Azərbaycan torpaqlarıdır. Niyə mənim torpağımda hansısa faşistin heykəli durmalıdır?! ...Ermənilər o heykəlləri Yerevanda qoysun. Nəyə görə Qarabağda qoymalıdır?

- Ermənilər Moskvadan bəyanatlar verdilər ki, Azərbaycan Qarabağda ermənilərə aid abidələri dağıdıb. YUNESKO və bəzi təşkilatlar erməniləri dəstəkləyən ikili çıxışlar etdilər. YUNESKO-nun missiyasının regiona səfəri gündəmdədir. Bu səfərdən gözləntiniz nədir?

- Çox təəssüf ki, yenə də ikilistandartlar olacaq. YUNESKO-nun yeri Parisdir. Parisdə ermənilərin təsiri çox yüksəkdir. Bildiyimə görə Parisdə kifayət qədər azərbaycanlı da yaşayır. Amma fəaliyyətsizdirlər. Öz tərəflərindən heç bir aksiya təşkil etmirlər. Hərdən bizim səfirliyin qarşısında ermənilər piket keçirəndə azərbaycanlılar çıxıb onları qovur. Bu çox xırda məsələdir. Əsas odur ki, cəmiyyətlərdə təbliğat aparılmalı, Qarabağın Azərbaycanın ərazisi olması bütün yollarla göstərilməli, tanıdılmalıdır. Tək Fransada əksəriyyət elə bilir ki, Qarabağ ermənilərə aiddir. Ermənilər bu sahədə çox yalanlar uydururlar. Onların prezidentləri də bu fikirdədir. Son dövrlər ya nəsə baş verib, ya da başa düşüblər ki, soyuqdur, qışdır, Azərbaycan qazı olmasa soyuqdan ölərlər. YUNESKO-nun gəlib burada əsl mənada haqq-ədalətlə hansısa qərar qəbul etməsinə inanmıram. Uzun zaman gəlmək istəmirdilər. İndi-indi deyəsən, yığışıb gəlmək istəyirlər. Amma özləri ilə kimləri gətirəcəklər...

- Bakıda son qoyulan abidə Zeynalabdin Tağıyevin heykəli oldu. Məşhurlardan kimlərin heykəllərinin hazırlanmasını məqsədəyğun sayardınız? Heykəllər üçün yerlərin seçilməsində hansı amillər əsas götürülməlidir?

- Bizim çox böyük mədəniyyət xadimlərimiz var. Bir çox bəstəkarların, şairlərin heykəlləri qouilub. Bizim çox məhşur rəssamlarımızın olmasına baxmayaraq, onların heykəlləri çox azdır. Memarlarımızdan Zivər bəy Əhmədbəyovun heykəli var. Müşavirədə bu barədə də təklif verdim ki, dahi memarlar Sadıq Dadaşova, Mikayıl Hüseynova heykəllər qoyulsun. Prezident də bunu təqdir etdi. Bu məsələ bu günə qədər həllini tapmır. İlk növbədə, mədəniyyət xadimlərinin abidələri qoyulmalıdır. Onlar ölkənin, millətin tarixidir.

Heykəllərə yerlərin seçilməsini mütəxəssislər, şəhər memarlığı ilə məşğul olan qurumlar etməlidir. Bunun üçün təkliflər verilməlidir, bu da dövlət başçısı tərəfindən təsdiqlənməlidir. Abidənin qoyuluşu illər çəkir. Əvvəl mühit tapılardı, sonra heykəlin layihəsi hazırlanardı. Heykəl ətraf mühitin ruhuna uyğunlaşmalıdır.

Qeyd edim ki, bizim çox qədim və dünyada məşhur olan memarlıq məktəblərimiz var: Təbriz, Naxçıvan, Qarabağ, Şirvan... Bu məktəblərin nümayəndələri orta əsrlərdən başlayaraq Uzaq Şərqdən Kardovaya - İspaniyaya qədər abidələr qurublar. Hamı bilir ki, bunlar Təbriz məktəbinin abidələridir. Əmir Teymur Səmərqəndi əsir alıb-apardığı Təbriz memarlarına tikdirib. Şah Cahan Tac-Mahalı tikdirəndə Təbrizdən ustalar gətirib ora. Şah-Cahan özü türk olub. Azərbaycan memarlığı kifayət qədər zəngindir və dünyada öz izlərini qoyub. Zəngin memarlıq ənənəsi bu gün də davam edir.

- İşğaldan azad olunmuş ərazilərdə bərpa işlərinə başlanılıb. Azad olunmuş ərazilərdə müasir memarlıq sənəti hansı prinsip üzərində qurulmalıdır? Həmin torpaqlarda düşmənin gözünü qorxudan, ona işğalçı olduğunu xatırladan hansı abidələr qurulmalıdır?

- Bir məsələni xatırladım: 1980-ci illərin əvvəlləri idi. Ulu öndər Moskvaya çağırılmamışdı, Azərbaycanda fəaliyyət göstərirdi. Bir gün mənə onun adından tapşırıq verildi. Gənc memar kimi Layihə İnstitutunda işləyirdim. Tapşırıldı ki, Sədərək tərəfdə Ermənistanla sərhəddə bir yer seç. Heydər Əliyev tapşırıq vermişdi ki, orada müasir memarlıq üslubunda, müasir tələblərə uyğun qəsəbə tikilməlidir. Qəsəbə qonşu tərəfə göstərməlidir ki, Azərbaycanın qüdrəti nədir.

...Sovet dövrü idi, 1980-ci illərin əvvəli... Həmin qəsəbə tikildi. Bu gün də durur. Düzdür, müharibə zamanı dağıntlara məruz qaldı, amma bərpa olunub, yenə də orada insanlar yaşayırlar.

Bu yaxınlarda Cocuq-Mərcanlı qəsəbəsi tikildi, o da müasir formadadır. Bu ərazidə işlər iki istiqamətdə gedir. Abidələrimiz tam elmi əsaslarla bərpa olunmalı, bərpa işləri getməlidir. Hansı abidənin çox hissəsi uçubsa, onları konservasiya etməliyik. Elə abidələr də var, onları olduğu kimi saxlamalıyıq. Kolizey, Parfinon konservasiya olunaraq, o cür də saxlanılır.

Həmin abidələri bərpa etsək, elə görünəcək ki, yeni inşa olunub. Onları təzədən inşa etmək yox, konservasiya lazımdır. Hansı abidələr ki, vaxtilə erməniləşdirilib, onları ilkin vəziyyətə gətirmək lazımdır.

Yeni şəhərlərin, qəsəbələrin tikilməsi bunlar müasir üslubda olmalı, müasir tələblərə cavab verməlidir. Azərbaycanın memarlıq irsinin prinsipləri və hansısa proqressiv elementləri istifadə edilərək bilinməlidir ki, bura Azərbaycandır. Bakıya gələn insanlar gedib o abidələri görəndə bilməlidir ki, azərbaycanlılar həqiqətən də qüdrətli xalqdır. Viran qoyulmuş torpaqlarda nələr yaradıblar. İşğaldan azad olunmuş rayonlarda qoyulan heykəllər Azərbaycanın qüdrətini göstərməlidir.




Paylaş:


Müəllif : Tarix:
18-02-2022, 09:20
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər