reklam
Regionxeberlericom.az » Sosial » “Tahir Kərimlinin əlindəki oyuncaq göstərir ki...” - Tanınmış psixoterapevt DƏYƏRLƏNDİRİR

reklam

“Tahir Kərimlinin əlindəki oyuncaq göstərir ki...” - Tanınmış psixoterapevt DƏYƏRLƏNDİRİR


Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli sosial şəbəkələr üzərindən paylaşdığı videosu ilə iki gündür ki, müzakirə predmetinə çevrilib. Deputatın ölümlə hədələndiyini iddia etməsi və bu barədə emosional çıxışı birmənalı qarşılanmayıb. Üstəlik, həmin videoda deputatın əlində oyuncaq tutması onun psixoloji durumunun yerində olmaması barədə fikirlərin yaranmasına zəmin yaradıb.

Əksər rəylərdə bildirilirdi ki, onun psixoloji problemləri var. Həqiqətən də Tahir Kərimlidə psixi, ruhsal pozuntu əlamətləri müşahidə edilirmi? Yeri gəlmişkən, Tahir Kərimli hədələnməsi ilə bağlı video-çıxışından bir neçə saat əvvəl, parlamentin iclasında Azərbaycanda tətbiq edilən cərimələr və əhali üçün qaz tariflərinin fantastik baha olması ilə bağlı kifayət qədər cəsarətli çıxış etmişdi. Tanınmış psixoterapevt Elmir Əkbər “Yeni Müsavat”a mövzu ilə bağlı bunları deyib: “Siyasətçilər daim xalqla təmasda, ünsiyyətdə olmalıdırlar. Çünki onlar xalqın seçdiyi insanlardır. Onlar həkim, müəllim deyillər. Misal üçün, həkim başını salıb aşağı öz həkimliyini edir, vaxtında yaxşı təhsilini alıb, insanlar özləri onu tapıb müraciət edirlər. Amma siyasətçi belədir ki, o, auditoriya ilə, publika ilə təmasda olur. Bütün dünyada bütün siyasətçilər öz auditoriyası ilə təmasda olanda müxtəlif psixoloji, marketoloji addımlardan istifadə edirlər. Bu, müxtəlif şoular da ola bilər, hətta epatoloji addımlar da. Bunlar hamısı normaldır. Hər kəs bunu öz savadına, dünyagörüşünə, peşəkarlığına uyğun olaraq edir. Əslində normalda inkişaf etmiş ölkələrdə siyasətçilər psixoterapevtlərlə, psixoloqlarla konsultasiyalar keçirirlər, onların şəxsi məsləhətçiləri olur ki, bu və digər məsələlərdə necə addım atmağı, hansı istiqaməti seçməyi onlara peşəkarcasına göstərsinlər. O ki qaldı, Tahir Kərimlinin çıxışına, fikrimcə, auditoriyanı o qədər də intellektual, dərin qiymətləndirmədiyinə görə bu tərzdə davranıb. İlk olaraq deyim ki, millət vəkilinin əlində tutduğu əjdaha deyil, trinazavrdır. Bu dinozavrların yırtıcı növlərindən biridir. İkincisi, deputat çox güman ki, xalqımızın instagramda, feysbukda izlədiyi səhifələrə baxır, oradan izlədiyi kütlənin maraq dairəsinə baxır, qiymətləndirir ki, onlar hansı mahnıları dinləyirlər, hansı videoları bəyənirlər.

Hansı videolara baxış sayı yüksək olur. Bu nəticəyə gəlib ki, konkret olaraq bu gün sosial şəbəkə istifadəçiləri bəsit düşüncəyə malik insanlardır. Çünki ən çox baxış sayı yığan videolar, ifalar, müğənnilərə baxanları görəndə düşünürsən ki, çox aşağı səviyyəli kütlə formalaşıb. Şəxsən mənə görə, o qədər də dərin olmayan bir çıxış edib. Təbii ki, bu, güclü siyasətçinin müraciəti deyil. Əlindəki oyuncaq göstərir ki, bu çıxış ən azından o qədər də yüksək intellektə malik olmayan instagram, feysbuk kütləsi üçün nəzərdə tutulmuş bir çıxışdır. Təbii ki, savadlı, intellektual insanları belə şeylərlə cəlb etmək mümkün deyil. Tahir bəy o kütlənin diqqətini cəlb etmək üçün belə bir çıxış hazırlayıb. Bir siyasətçinin də diqqət cəlb etmək istəyi, auditoriya yığmaq istəyi normal və başa düşüləndir. Ona görə ki, bütün siyasətçilərin işi bununla bağlıdır. Tahir bəy həmin sosial şəbəkədəki kütlənin bir qismini cəlb etdi, amma çıxışı ilə ağıllı, düşünən, intellektual auditoriyasını itirdi.

Şərhlərdə yazırlar ki, deputat psixiatra müraciət etsin. Bütün dünyada insanlar profilaktik olaraq psixiatr yox, psixoterapevt seanslarından keçirlər, xüsusilə də bütün dünyada pandemiyada daha intensiv şəkildə edirlər. Siyasətçilərin isə xüsusi psixoterapevtləri olur. Hər hansı addımı atarkən hansı hərəkəti etməlidir, onu yönləndirirlər. Təkcə, Tahir bəy deyil, bütün siyasətçilərin yaxşı olardı ki, peşəkar xidmət göstərsinlər deyə özlərinin müraciət etdikləri psixoterapevtləri olmalıdır. Ümumilikdə isə ağlı olan bütün insanlar psixoterapevtə müraciət etməlidir. Ağıldan kəm olanlara psixoterapevt heç bir kömək edə bilməyəcək".

Bəs görəsən, həmkarları Tahir Kərimlinin vəziyyəti ilə maraqlanıblarmı?

Millət vəkili Azər Badamov mövzu ilə bağlı “Yeni Müsavat” a danışıb: “Hər halda onun vəziyyəti yaxşı olar, amma maraqlanmamışam. Axırıncı dəfə Milli Məclisdə gördüm. Heç bir psixoloji sarsıntı, psixoloji problemi olmayıb, normal vəziyyətdədir. Düşünmürəm ki, onun psixoloji vəziyyətində problem olsun”.

Deputat Razi Nurullayev: “Açığı zəng etməmişəm. Parlamentə gəldim, gördüm yoxdur. Belə anlarda daha çox zənglərin olması insanı çox narahat edir. Hər halda mənə belə gəlir ki, Tahir müəllim kifayət qədər ağıllı bir insandır. Bir az emosionaldır. Müəyyən qədər sakitləşməyə, istirahətə ehtiyacı var. Ümumi yanaşsaq amma hazırda deputatların işi heç də asan deyil. Şikayət məktubları, sosial şəbəkələrdə olan təhqirlər, hədələr, qorxular, təkidlər və sosial problemlərin içində olursan. Milli Məclisin deputatının özünün də ailə, şəxsi, sağlamlıq problemləri olur. Özünün, ailə üzvlərinin, yaxınlarının problemləri olur. Amma inanın ki, öz ailə üzvlərinin problemləri ilə məşğul olmağa bəzən vaxt tapmırlar. Bütün bunlar zaman-zaman toplanır, təbii ki, psixoloji olaraq insana təsir edir. Fikrimcə, Tahir müəllim də belə psixoloji təzyiqə məruz qalıb”.




Paylaş:


Müəllif : Tarix:
19-02-2022, 13:04
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər