reklam
Regionxeberlericom.az » Sosial » Özəlləşdirmə çekləri ilə bağlı dələduzluq - Vətəndaşları kimlər aldadır?

reklam

Özəlləşdirmə çekləri ilə bağlı dələduzluq - Vətəndaşları kimlər aldadır?

Son günlər ölkədə özəlləşdirmə çekləri ilə bağlı məsələ yenidən gündəmə gəlib.

Xüsusilə də sosial şəbəkələrdə həmin çeklərin yenidən vaxtının uzadılacağı, yaxud daha baha qiymətə alınacağı ilə bağlı fikirlər yayılır.

Qeyd edək ki, 32 milyon ədəd özəlləşdirmə çeki 25 mart 1995-ci il tarixində dövriyyəyə buraxılıb. Həmin özəlləşdirmə çekləri 1997-ci ildə anadan olmuş bütün ölkə vətəndaşlarına artıq miras-əmlak payı olaraq verilib. Bu çeklər qiymətli kağızlar olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyırdı.

Doğurdanmı 11 il keçdikdən sonra özəlləşdimə çekləri yenidən istifadə ediləcək? İqtisadçı-ekspert Əkrəm Həsənov Cebhe-info-ya bildirdi ki, ümumilikdə dövlət istəsə, həmin özəlləşdirmə çeklərini 11 il sonra yenidən tədavülə qaytara bilər:

"Digər tərəfdən istifadə edilməmiş özəlləşdirmə çeklərinin mütləq əksəriyyəti sadə vətəndaşların əlində qalmayıb, onlar möhtəkirlərdədir. Kimlərsə vaxtilə sadə vətəndaşlardan onları çox sayda alıb, istifadə etməyib.

Həmin çeklərin vaxtını ilk dəfə 2008, sonra 2010, nəhayət 2011-ci ilə qədər uzatdılar. Bu çeklər isə 1996-97-ci illərdə əhaliyə paylanmışdı. Yəni 15 il bu çeklər dövriyyədə olub. Hər dəfə də uzadılıb və bəziləri də alıb saxlayıb, istifadə etməyib ki, yenə vaxtını uzadarlar. İndi 11 il keçdikdən sonra bəziləri bu məsələni qaldırıblar ki, təzədən bu çeklər dövriyyəyə qaytarılsın. Hətta belə şayiə də yayılıb ki, bəzi vətəndaşlar bu çekləri alırlar. Həmçinin deyirlər ki, guya birinin qiyməti 20 min dollardır. Bəzi vətəndaşlar isə gedib 500 manata alırlar.

Mən vətəndaşlara müraciət edirəm ki, həmin çekləri almayın, qüvvəsi yoxdur, dövriyyədə deyil. Dövlət vaxtını uzada bilər, ancaq böyük ehtimalla uzatmayacaq. Bu yanaşmanı düzgün hesab edirəm. İndi həmin vaxtı uzatsa, bundan sonra dövlət nə müddət qoysa, heç kəs lazım olan hərəkəti etməyəcək ki, onsuz da uzadacaqlar, 11 ildən sonra uzadıblarsa yenə də edəcəklər. Bu da vətəndaşları qanunlara riayət etməməyə sövq edir. Bir tərəfdən deyirik ki, ölkədə qanunlara riayət olunmur, digər tərəfdən özümüz deyirik ki, "gəlin yenə belə edək". Bu düzgün yanaşma deyil. Ötən dövrdə 15 il vaxt olub, istifadə etməmisiz, artıq vaxt bitib".

Ekspertin sözlərinə görə, müddət 3 dəfə uzadılıb, deyilib ki, istifadə edin:

"Əgər dövlət onu buraxanda desəydi ki, müddəti yoxdur, o başqa məsələdir. Biz vətəndaş olaraq bilməliyik ki, hər bir hüququn həyata keçirilməsinin müddəti var. Həmin vətəndaşların halına acıyıram. Mənim də tanışlarım var ki, adi vətəndaşdır, həmin çeklərdən onda da qalıb. Ancaq 15 il az müddət deyil. Ancaq ötən 11 il ərzində heç kimin səsi çıxmırdı. İndi niyə birdən-birə bu mövzuya qayıdırlar? Bu mövzunu şişirdən möhtəkirlərdir. Adi vətəndaşın yadına düşmürdü. İndi kimlərsə, "Facebook"da səhifə yaradıb, ictimailəşdiriblər. Əgər bu qədər vacib idisə, niyə indiyədək bu barədə danışmırdılar? Sanki kimlərsə əllərində cəmləşdirib və belə bir kampaniya aparmağa başlayıblar".

Onu da qeyd edək ki, özəlləşdirmə çeklərinin yenidən istifadəsi ilə bağlı Əmlak məsələləri üzrə dövlət xidmətinin məlumatına görə, bu çeklərin istifadə müddəti 2011-ci il yanvarın 1-də başa çatıb və tədavüldən çıxarılıb: Vətəndaşların onlardan istifadə edərək hər hansı hüquq və gəlir əldə etməsi mümkün deyil. Həmin çeklərin yenidən istifadə olunacağı ilə bağlı deyilənlər şayiədir. Əhalinin aldadılmasına və onların etibarından sui-istifadəyə yönəlib”.




Paylaş:


Müəllif : Tarix:
19-02-2022, 14:02
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər