reklam
Regionxeberlericom.az » Sosial » “Axırıncı sözümü deyirəm, onlara kartı verməyəcəm...” - Şəhidin bioloji anası

reklam

“Axırıncı sözümü deyirəm, onlara kartı verməyəcəm...” - Şəhidin bioloji anası


Qusar rayonu Əniğ kənd sakini 1996-cı il təvəllüdlü leytenant, kəşfiyyatçı şəhid İmaməliyev Sərraf Murtuzəli oğlunun təqaüd hüququnun pozulması haqqında məlumat vermişdik. regionxeberlericom.az-un məlumatına görə, şəhidin babası Muradhasil Ağalarov Teleqraf.com-a bildirmişdi ki, Sərraf iki yaşında olanda atası İmaməliyev Murtuzəli Muradhasil oğlu 1998-ci il avqustun 10-da vəfat edib. Bundan sonra Sərrafı və ondan iki yaş böyük bacısı Natəvanı baba böyüdüb boya-başa çatdırır. Uşaqların anası Mühübəliyeva Elnarə Xeyrulla qızı isə ərə getdiyi üçün öz uşaqlarından – İmaməliyeva Natəvan və İmaməliyev Sərrafı saxlamaqdan, böyütməkdən, tələb etməkdən imtina edib. Bu barədə yazdığı ərizəni də 2000-ci ildə kənd sovetliyində öz imzası ilə təsdiq edir.

Amma dövlət orqanları Baləliyeva Elnarə Xeyrulla qızını şəhidin hüquqi varisi kimi tanıyıb. Elnarə Baləliyeva şəhid vərəsələrinə hesablanan sığorta ödənişini (11 min manatı) alıb qızı Natəvana verib. Amma qanunla hər şəhid ailəsi üçün müəyyən edilmiş aylıq 500 manat məbləğində təqaüdü özü alır. (Ətraflı burada)

Şəhidin bacısı Natəvan İmaməliyeva da saytımıza açıqlamasında babası Muradhasil Ağalarovun iddialarını təsdiqləyib və bu məsələdə ədalətsizliklə qarşılaşdıqlarını deyib.

Teleqraf.com baş verənlərlə əlaqədar şəhidin anası Elnarə Baləliyevanın da fikirlərini öyrənib.

O, keçmiş qayınatası Muradhasil Ağalarovun və qızı Natəvan İmaməliyevanın dediklərinin həqiqətə uyğun olmadığını deyib: “Mənim onların (İmaməliyev Murtuzəli Muradhəsil oğlu – red) ailəsinə gəlin getməyim 1992-1993-cü illərə təsadüf olunur. O evdə demək olar ki, 9 il zülmlər çəkmişəm. Onlar yalan deyir ki, uşaqları atıb getmişəm. Atıb getməmişəm.

Bilirəm, Natəvanı da babası məcbur edir ki, belə danışsın. Onlar hamısını yalan deyirlər. O evdə olmazın zülmünü çəkmişəm. Göyərti satıb onlara çay-çörək bişirmişəm. Muradhasil dedimi ki, oğlu niyə rəhmətə gedib?.. O, həm əxlaqsız, həm də narkotik aludəçisi olub. Mən evdə ola-ola mənim üstümə qadın gətirib

Uşaqların atası rəhmətə gedəndən sonra dövlət yetim pulu verirdi. Həmin puldan ötəri qaynanam məni evdən qovdu ki, yetimlərin pulunu Elnarə almasın. Ayrılandan sonra da onlarla (övladları) əlaqədə olmuşam. Oğlum dəfələrlə mənim evimə gəlib. Qızım deyir ki, yalnız evlənən ərəfədə anasının üzün görüb. Yalan deyir, onu öyrədirlər.

Oğlum Cəmşid Naxçıvanski adına hərbi liseydə oxuyan vaxtı ona köməklik etmişəm. Onlara nə lazım olubsa, həmişə almışam. Məktəbli olduğu vaxtlarda, son zənglərində, orda-burda onlarla görüşmüşəm. Mən onlara həmişə yardım etmişəm. Ailəm bu barədə mənə heç nə deməyib.

Muradhasil kişinin oğlanları bu dəqiqə subaydılar. Çünki əxlaqsız yoldadırlar, içki düşkünüdürlər. Ona görə də onlar ancaq pul tələb edirlər”.

Elnarə Baləliyevaya övladlarından imtina etdiyinə dair 2000-ci ildə yazdığı ərizəni xatırlatdıq. Lakin müsahibimiz bunu qətiyyətlə rədd etdi: “Bu ərizəni qondarıb gətiriblər ki, pulu alsınlar. Mən o vaxtı nə məhkəmədə olmuşam, nə də notariusda belə ərizəni təsdiqləmişəm. Vallah, mən bu işi eləməmişəm. Dövlət onlara tövlə tikilib, Dövlət Məşğulluq Xidməti heyvan verib, onlar üçün kommunal xidmətlərə görə aylıq müavinət təyin edilib.

Natəvan onsuz da ailəlidir. Mən də əlimə düşəni qızıma və nəvələrimə edirəm. Aldığım başqa heç nə yoxdur, məndə olan bir kartdır. Şəhid vərəsələrinə verilən 11 min manat sığorta pulunu alıb Natəvana vermişəm.

Deyirlər, ana uşaqları saxlamayıb. Niyə saxlamamışam? 9 il onların evində zülm çəkmişəm, uşaq 8-ci sinfidə gedib Naxçıvanski adına hərbi liseydə oxuyanda yanıma gedib-gəlib. Bir ana kimi qızımı da həmçinin. Hamının anası necə, mən də elə. Arada 4-5 il fasilə olub, əlaqəmiz olmayıb.

Mən heç nədən imtina edən deyiləm. Əlimə düşən pulu onsuz da nəvələrimə və qızım Natəvana xərcləyirəm. Natəvan mənimlə danışanda babası ilə nə edəcəyini bilmədiyini və məcburən onun sözlərini dediyini bildirmişdi. Onu o sözləri deməyə babası məcbur edir. Ona da vermişəm də... Onlar ömürlərində görmədiyi pulu görüblər.

O uşağın ölməyin heç fikirləşmirlər. Elə bil hamı pul dalınca gəzir. Məndə heç nə yoxdur, olan elə bir kartdır. Onlara bütün yardımlar olunub. Valideynlik hüququndan imtina etmirəm, keçmişdə də etməmişəm, indi də belə bir şey etmirəm. Mən ancaq qızım və nəvələrim haqqında fikirləşirəm. Niyə imtina etməliyəm ki?!”

Elnarə Baləliyevaya şəhid Sərrafın onunla danışmadığı fikri ilə də razı deyil: “Deyilənlərin hamısı yalandır. Ailəm, evdəki uşaqlar da bunu bilir. Onlar məhkəməyə versə, mən də verəcəyəm. Onsuz da heç nədən imtina edən deyiləm. Məgər Muradhasil kişiyə dövlət az yardımlar edib?! Hər idarədən onlara yardımlar verilib. Yenə də deyirəm, mən heç nədən imtina edən deyiləm. Niyə edim axı, bunu mənə dövlət verir də?”

Elnarə Baləliyevadan qızı Natəvanla sonuncu dəfə nə vaxt görşdüyünü soruşduq. O, gah uşağın (şəhid Sərrafı nəzərdə tutur) ilində, gah da telefonla danışıdığını deyir: “Uşağın ili olan günün səhəri, noyabrın 7-dən sonra gəlmişdi yanıma. Biz telefonla danışırıq. İndiki ailəmdən olan oğlanlar da Natəvanın qardaşları hesab olunur, onlarla da əlaqələri yaxşıdır. Bir narazılığımız yoxdur. Uşağın ilini mən vermişəm, onlar məni ilə qoymadılar. Neçə dəfə onlara müraciət etdim ki, kömək edim, ili bir yerdə verək, qoymadılar. Axır ki, öz yaşadığım evdə uşağa il verdim. Mən uşağın dəfnində də, 40-da da iştirak etmişəm.

Sərrafı onlara mən doğub vermişəm də, bu uşaq göydən düşməyib ki. Onu Natəvanla, Muradhasil doğmayıb ki... O mənim canımdır, qanımdır. Mən uşağı atmamışam. Onların 6 yaşı var idi. Bu yaşda uşaq da artıq körpə deyil. Muradhasil kişini demirəm, qaynım və qaynanam məni qoymadılar uşaqları saxlayım. Onlar yetim puluna görə məni evdən çıxardılar.

Bilirəm, doğub verməklə iş bitmir. Axır bu uşağı dünyaya gətirən bioloji ana mənəm. Onlar 18 yaşına çatana kimi onsuz da yetim pulu ilə böyüyüb. O ailə də bu pulla dolanıb, çünki onlarda işləyən olmayıb, heç kim işləyib qazanmayıb, alın təri ilə o uşaqları saxlamayıb. Qaynanam deyirdi ki, mənim balam bu dünyada yoxdur, səni də görmək istəmirəm, mənim yetimimin pulun sən niyə alırsan... Mən ağlaya-ağlaya, sürünə-sürünə balalarımdan ayrılmışam”.

Elnarə Baləliyeva valideynlik hüququndan imtina etməməkdə qərarlı olduğunu deyir: “Natəvandan yox, onlardan şikayət edəcəyəm. Bilirəm ki, Natəvanı belə danışmağa məcbur edirlər. O ayrılıqda mənimlə başqa cürə danışır. Əlimdə üç sənəd var. Mən ona 11 min manat pul vermişəm, bu, az puldur bəyəm?! Kənd yerində 11 mini nə mən, nə də onlar ömür boyu qazana bilməz. Yediklərin demirlər, mənim aylıq aldığım 500 manatı deyirlər. Mən onsuz da o pulu onlara xərcləyirəm, Natəvan yaxşı bilir. Ana etdiyini deməz, amma o vaxtı uşaq hərbi liseyə qəbul olanda babasından gizli kəndə gəlmişdi. Mənə and içdi ki, onun bura gəlməyini heç kim bilmir. Bir telefonum var idi, onu itirdim, orada səs yazıları, yazdığı mesajlar var idi. Heyf ki, o telefon yox çıxdı...


Mən o kartı Natəvana versəm, onun əlindən alacaqlar. Haqq budur. Axırıncı sözümü deyirəm, mən kartı verməyəcəm...”




Paylaş:


Müəllif : Tarix:
22-02-2022, 09:09
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər