“Dünyada iqtisadi fəallıq aşağı düşüb. Ümumi bahalaşma tendensiyası hələ ki davam edir. Bunlar Rusiya və Ukrayna müharibəsindən asılı olmayaraq hər bir ölkənin, o cümlədən Azərbaycanın iqtisadiyyatına təsir edən faktorlardır”.
Bu sözləri millət vəkili Musa Quliyev Rusiya-Ukrayna müharibəsinin ölkəmizə iqtisadi təsirləri haqqında danışarkən deyib.
Onun sözlərinə görə, sanksiyalar Rusiyanın bütün partnyorlarına mənfi təsir göstərəcək:
“Rusiya Azərbaycanın yaxın qonşusu və iqtisadi partnyorudur. Bu mənada Rusiyada hər hansı bir gərginliyin, iqtisadi sanksiyaların olması bizim üçün arzuolunan deyil. Eyni zamanda, nəzərə almalıyıq ki, bizim xeyli soydaşımız orada yaşayır, işləyir və ailələrinə müəyyən dəstək göstərirlər. Əlbəttə, Rusiyaya qarşı sanksiyaların davam etməsi, Rusiya-Ukrayna müharibəsinin uzanması Rusiyanın bütün partnyorlarına öz mənfi təsirini göstərəcək. Bunu gözardı etmək doğru deyil. Lakin Azərbaycanın təkcə Rusiya ilə deyil, dünyanın bir çox dövlətləri ilə iqtisadi əlaqələri var”.
M.Quliyev Azərbaycanın taxıl ehtiyatlarına da diqqət çəkib: “Taxıl ehtiyacının təxminən yarısından çoxunu özümüz ödəyirik və potensialımız da buna imkan verir. Həmçinin bu məsələnin üzərində bir qədər ciddi surətdə işləsək, özümüzü tam şəkildə taxıl ilə təmin edə bilərik. Yaxın perspektivdə bu mümkündür. Biz 3 milyon tona qədər taxıl istehsal edirik, amma onun yarısı yem taxılıdır. Əgər onun 2 milyon tonunu un məhsulu əldə etmək üçün istifadə etsək, hesab edirəm ki, digər fikirlərə də ehtiyac qalmaz
Digər tərəfdən Rusiyada iqtisadi gərginliyin olması o demək deyil ki, orada taxıl az olacaq və yaxud taxılı satmayacaq. Bunları proqnozlaşdırmaq üçün tezdir
Qazaxıstan, Kanada və başqa ölkələr də var ki, biz onlarla da əməkdaşlıq edib taxıl ala və başqa məsələlərimizi də həll edə bilərik. Lakin çalışmalıyıq ki, taxılın böyük bir hissəsini özümüz istehsal edək, belə gərginliklər olanda, ən azı psixoloji sarsıntı keçirməyək”.
Millət vəkili bahalaşmanın dünyada gedən proseslərlə bağlı olduğunu diqqətə çatdırıb: “Bahalaşma təkcə Rusiya ilə bağlı deyil, ümumiyyətlə dünyada gedən hərbi, siyasi, iqtisadi, o cümlədən pandemiyanın yaratdığı məhdudiyyətlər səbəbindəndir. Eyni zamanda, Azərbaycan hökuməti bahalaşmanı nəzarət altında saxlayır. Hökumətin proqnozlarına görə, bu il ərzində o qədər də ciddi bahalaşma gözlənilmir. Hökumətin proqramı var və hər şey nəzaət altındadır”.
Millət vəkili çörəyin yenidən bahalaşması ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətirib: “İndidən çörəyin bahalaşması haqqında danışanlar ajiotaj yaradırlar. Lakin əgər qiymət qalxarsa, dövlətin kifayət qədər imkanları var ki, bu məsələləri kompensasiya etsin, pensiyaları, əməkhaqlarını artırsın. Yəni dövlətimizin kifayət qədər rezerv imkanları var. Nəzərə almalıyıq ki, neftin qiyməti də bizim üçün uyğun şərtlər daxilində dəyişir və büdcəmizə əlavə vəsaitlər gəlir”.
Paylaş: